Bunlar nə müsəlman kimi müsəlman, nə də xristian kimi xristiandırlar
Gürbulak kəndi Türkiyəni İrana bağlayan sərhəd keçid məntəqəsdir. Yəni Ağrı elinin Doğubayazit mahalının kəndlərindən biridir. Türk əsgərləri bu sərhəd qapısını məkrli, hiyləgər, dini əllərində bayraq edən qonşu İrandan şərəflə qoruyur.
Xidmət zamanı, ərazilərində yoxlama-baxış keçirərkən qonşular çay içmək, söhbət etmək üçün hərdən o taya, bu taya keçməli olurdular. Həmişə dəvət “ikimiz də müsəlmanıq” deyən iranlılardan gələrdi. Bu dəfə də belə olmuşdu. Vaxt Ramazan ayına təsadüf etdiyindən iranlı sərhədçilər ərazini kontrol edən türk həmkarına səslənərək “gəl bir dindən, mübarək Ramazan ayından söhbət edək” deyib onu öz məntəqələrinə dəvət edirlər. Qonşuların tələsinə düşəcəyini düşünməyən türk əsgəri o taya keçir. Az keçmir ki, biri kiminləsə telefonla farsca danışır. 30 dəqiqə sonra 10 saqqallı hərbçi gəlib “sən sərhəddi pozmusan” deyib türkü həbs edirlər. Səhər saatlarında türk zabitini sorğu-suala aparmağa gələn iranlılardan biri onun namaz qıldığına baxmayaraq, təpiklə kürəyinə vurub verə yıxıb, ayağının birini də belinə qoyaraq ürəkdən gülməyə başlayır. Zabit “görürsünüz ki, namaz qılıram, müsəlman müsəlmana ibadətdə zülm etməz, ələ salmaz, günahdır” dedikdə, saqqallı hərbçilər qışqıraraq “siz müsəlman deyilsiniz, müsəlmanların üz qarasısınız, çünki dini dövlətdən ayrı tutursunuz” deyib onu sürüyərək sorğu otağına gətirirlər. Orada deyirlər ki, “sən sərhəddi qeyri-qanuni keçmisən, bu cinayət sayılır”. Zabit də and-aman edir ki, o sərhəddi pozmayıb, əksinə qonşuları onu söhbət üçün dəvət edib. Buna məhəl qoymayan molla rejiminin adamları türk zabitinə ənənəvi təklif edir: “İranın aparıcı TV və qəzetləri qarşısında etiraf et ki, bu tərəfə könüllü keçmisən, Türkiyə vətəndaşlığından imtina edirsən, bizdən sığınacaq istəyirsən... Belə olarsa, sənin üçün yaxşı şərait yaradarıq, molla nikahıyla evləndirərik, spirtli içkidən korluq çəkdirmərik”.
Türk hərbçisi də əlavə edir ki dərisini soysalar da, Vətəninə xəyanət etməyəcək. Onun inadından dönmədiyini görən qarşı tərəfin hərbçiləri başlayırlar dini yola əl atmağa. Türkün oruclu olduğunu bilə-bilə “sənin orucunu da, dinini də, vətənini də, müsəlmanlığını da...” deyə söyərək zorla su içirdərək orucunu batil etdirirlər (azad olunandan sonra türk zabiti deyirmiş ki bunlar müsəlman kimi müsəlman, xristian kimi xristian deyillər. Hansı dinə qulluq edir, anlamaq çətindir –L.S.).
Bu da türk əsgərini yolundan döndərə bilmir və onu 3 gün həbsdə saxlayırlar. Bu ərəfədə iki ölkənin XİN səviyyəsində keçirilən görüşlər də, Türkiyənin etiraz notası da nəticə vermir.
Bundan sonra bir neçə türk hərbçisi qarşı tərəfə keçərək 15 İran hərbçisini girov götürür. Olayın böyüdüyünü görən molla rejimi əsgərlərini geri qaytarmaq üçün təklif səsləndirir:
“Sizə istədiyiniz çeşiddə və miqdarda alkoqollu içkilər, narkotik, siğə yoluyla qadınlar verə bilərik, 15 əsgərimizi qaytarın”.
Türkiyə tərəfi daha da hiddətlənir, olay mətbuata sızdırılmadan beynəlxalq müstəviyə çatır, nəticədə İran geri çəkilərək türk zabitini qaytarmalı olur...
...Mayın 2-dən Təbrizdə iki azərbaycanlı şair yoxa çıxıb, amma İran heç nə olmamış kimi susurdu. Azərbaycan XİN-nin notasına cavab olaraq bir neçə gün əvvəl bildirib ki, guya şairlər cinayət törətməyə cəhd edib. Onlar hansı “cinayəti” törədiblər, harada saxlanılırlar, vəziyyətləri necədir, bax, bunu demirlər. Maraqlıdır, görəsən, molla rejimindən gənc şairlərə hansı təkliflər edilib, Azərbaycana xəyanət etmək üçün...
P.S. Türkləri sevməyən molla rejimi türk xalqına düşmən olanları (erməniləri-L.S.) özünə dost tutub. Məsələn, onlar PKK-ya həmişə dəstək verib. Bu ölkənin hərbçiləri PKK terrorçularını gecə saatlarında gizlincə sərhəddən Türkiyə tərəfə keçməsinə şərait yaradıb. Öz hərbi bazalarında qonaq saxlayıb, xəstəxanalarında yaralıları müalicə edib. Bu, hər zaman belə olub...