“Bəziləri yalandan Rəsul bəyin gözündə xoş görünməyə çalışırlar”
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Oruc eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin DCUMH-un ünvanına səsləndirdiyi sərt ittihamlara münasibət bildirib.
Ə.Oruc Modern.az-a açıqlamasında Rəsul Quliyevin DCUMH-u fəaliyyətsizlikdə qınamasını düzgün hesab etmədiyini deyərək onu obyektiv olmağa çağırıb:
“Görünür reallıq haqqında Rəsul Quliyevin məlumatları dolğun deyil. Rəsul bəyə həqiqətə uyğun olmayan bir çox məlumatlar verilir. Bəziləri Rəsul Quliyevin yanında xoş görünməyə çalışırlar. Rəsul bəy ölkədəki siyasi prosesləri yalnız mətbuat vasitəsi ilə izləyir. Mətbuatda da bəzən elə ajiotaj yaradırlar ki, guya Bakı təlatümə gəlib. Bu baxımdan Rəsul bəy proseslərin içində olmadığına görə, onda düzgün olmayan təəssüratlar yaranıb. Bir çoxları ona vədlər verirlər, biz də dəfələrlə bildirmişik ki, bunlar reallaşan deyil”.
Ə.Oruc həmçinin qeyd edib sabiq spikerin müttəfiqləri haqda qeyri-obyektiv fikirlər söyləməsinə səbəb bir çoxlarının R.Quliyevə yalan məlumatlar verməsidir. Partiya sədri R.Quliyevi dediyi sözlərin anlamını dərk etməyə çağırıb.
“Hər şeyi real qəbul eləmək lazımdır. Təbii ki, sistemli fəaliyyət olmadan hansısa bəyanat vermək düzgün deyil. Bəzən Rəsul bəy verdiyi bəyanatlarda dediyi sözün çəkisini bilmədiyi fikirlər səsləndirir. Yəqin o özü də səsləndirdiyi itihamları başa düşmür. Məncə kimisə ittiham edəndə də nəyəsə əsaslanıb ittiham etmək lazımdır. Rəsul bəyin burdakı proseslərdən xəbəri yoxdur, amma belə sərt çıxışlar edir”, - deyə Ə.Oruc bildirib.
Qeyd edək ki, eks-spiker Rəsul Quliyev təmsil olunduğu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını siyasi proseslərdə fəal iştirak etməməkdə günahlandırıb.
Anar RÜSTƏMOV