Deputat Yevda Abramov Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin dindirildiyini təsdiqlədi...
“Quba hadisələri ilə bağlı cinayət işi artıq yekunlaşmaq üzrədir. Növbəti ayın 7-15 tarixlərində məhkəmə olacaq”. Bu sözləri Moden.az saytına açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Yevda Abramov məlumat verib. O bildirib ki, Quba hadisələri ilə bağlı cinayət işi iyul ayında tam yekunlaşacaq.
Y.Abramov Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq üzrə Quba rayon şöbəsinin müdirinin evində axtarış aparılması məsələsi barədə məlumatları mediadan öyrəndiyini deyib:
“Amma bildiyim qədər o həbs edilməyib, dindirilib. Ona görə dindirilmə ilə həbs olunmanı səhv salmaq düzgün deyil. Elə adamlar var ki, Quba hadisələri ilə bağlı 7 saat dindirilib, evə buraxılır, yəni adamın 7 saat dindirilməsini həbs olunmaq kimi qələmə vermək düzgün deyil. Çünki qanun var və qanunla hərəkət edilir. Bütün dünyada bu var, insanı hər hansı məsələ ilə bağlı dindirilmə üçün idarəyə aparırlar”.
Deputat deyib ki, Quba hadisələrilə bağlı yeni həbs edilən yoxdur. “ O ki qaldı Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq üzrə Quba rayon şöbəsinin müdirinin dindirilməsinə, burada heç bir qəbahət yoxdur”.
Xatırladaq ki, martın 1-də Qubada kütləvi etiraz aksiyası zamanı sakinlər sabiq icra başçısı Rauf Həbibovun istefaya göndərilməsini tələb etmişdilər. Aksiyanın qarşısının alınması üçün rayona polis və Daxili Qoşunların qüvvələri yeridilmişdi. Aksiya nəticəsində Quba Rayon İcra Hakimiyyəti binasının qonaq evi və R.Həbibovun iki evi yandırılmışdı. Bu hadisələrdən sonra prezident İlham Əliyev R.Həbibovun istefası barədə sərəncam imzalayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-si barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Modern.az