Hakim partiyanın Bakı şəhər təşkilatlarının İdarə Heyətlərinin tərkibi rəngarəngdir
Mərhum eks-prezident Heydər Əliyevin xarizması ilə 1992-ci ildə siyasi müstəviyə qədəm qoyan Yeni Azərbaycan partiyası bu gün öz sıralarında yarım milyon vətəndaşı birləşdirir. Onların içində ictimai sferada tanınan adamlar, yazıçılar, elm xadimləri var. Bu şəxslərdən bəziləri hazırda vəzifədə olmasalar da, partiyada karyera quraraq YAP-da idarəetmə “nərdivan”ında öz yerlərini tutublar.
Modern.az YAP-ın rayon təşkilatlarının siyahısını araşdıraraq tanınmışların hansı rayon təşklitanda “oturduğu”nu öyrənməyə çalışıb. Bu siyahı isə kifayət qədər maraqlıdır. Qeyd edək ki, burada bəzi anlaşılmazlıqlar da diqqət çəkib.
Beləliklə, YAP-ın Nəsimi rayon təşkilatına millət vəkili Məlahət İbrahimqızı rəhbərlik edir. O bu postda 2005-ci ildə həbs edilmiş sabiq səhiyyə naziri Əli İnsanovu əvəz edib.
Nəsimi təşkilatının İdarə Heyətinin tərkibi rəngarəngdir. Burada bir sıra ünlü adları tapmaq olar. Ölkənin səhiyyə naziri Oqtay Şirəliyev Nəsimi təşkilatının İdarə Heyətinin üzvüdür. Onun İdarə Heyətinin iclaslarında müntəzəm iştirak edib-etmədiyini yalnız sədr deyə bilər. Partiya iclaslarında Oqtay müəllim üçün kadr yetişdirən həmkarı da nazirlə bir stol arzasında oturur. Belə ki, Tibb Unversitetinin rektoru, akademik Əhliman Əmiraslanov YAP Nəsimi təşkilatının İdarə Heyətindədir. Siyahıda “eks”lərə də rast gəlmək olur. Kemiş maliyyə naziri Əvəz Ələkbərov çoxdan vəzifədən azad olunsa da, YAP onun partiya karyerasına toxunmayıb. Əvəz müəllim indi Nəsimi təşkilatının İdarə Heyətinin üzvü olaraq qalır. Nəsimi rayon təşkilatında nostalji yaradan adlar da diqqət çəkir. Məsələn, SSRİ-nin xalq deputatı, 80-ci ilərin sonunda ictimai rəydə çox populyar olan həkim Adilə Namazova bu gün Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvüdür. Vaxitlə, SSRİ Xalq Deputatları Sovetinin qurultayında Azərbaycan deputat qrupunun SSRİ prezidenti Mixail Qorbaçovla görüşü o vaxt üçün böyük rezonans doğurmuşdu. Nəsimi təşkilatında daha bir tanınmış soyad var: məşhur Azərbycan şairi Tofiq Bayramın baçısı Svetlana Bayramova İdarə Heyətinin üzvüdür.
YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin tərkibi də maraqlıdır. Burada millət vəkilləri Eldar İbahimov və Əli Hüseynli ilə yanaşı, rayonun keçmiş icra başçısı Alı Qocayev də İdarə Heyətinin üzvüdür. Maraqlıdır ki, Azərbaycan Beynəlxalq Unversiteninin rektoru Elşad Abdullayev ciddi təqiblərə məruz qalmasına, ölkədən qaçmasına baxmayaraq YAP Binəqədi təşkilatının İdarə Heyətində öz yerini saxlaya bilib.
Xətai rayon təşkilatının İdarə Heyətində də tanınmış ismlər yer tutur. Təşkilata yazıçı–deputat Hüseynbala Mirələmov rəhbərlik edir. Onun rəhbərlik etdiyi İdarə Heyətində “Azəriqaz”ın eks-prezidenti Əlixan Məlikov da var. Əlixan müəllimin fəaliyyəti barədə KİV-lərdə ara-sıra tənqidi yazılar getsə də, bu onun hakim partiyada qurduğu siyasi karyerasına heç bir təsir göstərməyib. O, Xətai təşkilatının İdarə Heyətinin üzvüdür. Bu təşkilatda daha bir tanımış məmur partiya qərarlarını müzakirə edir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da İdarə Heyətinin üzvüdür.
Qəribəsi budur ki, Hüseynbala Mirələmov eyni zamanda Qaradağ rayon təşkilatının də İdarə Heyətinin üzvüdür. Bu rayon təşkilatının İdarə Heyətinin siyahısında yazıçı-deputatın adı var.
YAP Nərimanov təşkilatının İdarə Heyətinin siyahısı populyar nazir adı olan Misir Mərdanovla başlanır. Təhsil naziri məktəb işlərindən baş açan kimi partiya təşkilatındakı iclaslara da qatılır yəqin. O burada KİV DF-nin rəhbəri Vüqar Səfərli ilə birgə partiya tapşırıqlarının icra vəziyyətini müzakirə edir. Bəli, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli YAP Nərimanov təşkilatının İdarə Heyətinə daxildir. Onunla bərabər burada deputat Aqiyə Naxçıvanlını, eks-deputat Vəsadət Əzizovu və rayonun icra başçısı Abdin Fərzəliyevi də görə bilirik.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və onun qohumu olduğu deyilən deputat Sədaqət Vəliyeva isə Nizami rayon təşkilanın İdarə Heyətindədirlər.
Bakının mərkəzi rayonlarından olan Səbaildə YAP böyük bir təşkilatla təmsil olunur. Səbail rayon təşkilatının İdarə Heyətinin tərkibi 27 nəfərdən ibarətdir. Təşkilata eks-deputat Zahid Qaralov rəhbərlik edir. Səbail İdarə Heyətinin siyahısı da diqqətçəkəndir. Burada rabitə və informasiya texnologiyları naziri Əli Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, İqtisadiyyat Unversitetinin rektoru, deputat Şəmsəddin Hacıyev, Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovu görmək olar. Xalq artisti Amaliya Pənahova da YAP Səbail rayon təşkilatı İH-nin üzvüdür. Burada həmçinin “Azərbaycan” Nəşriyyatının sabiq rəhbəri, güllələnərək öldürülmüş Əjdər Xanbabayevin qızı Afət Xanbabayeva da var.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür.
Hakim partiyanın daha bir güclü rayon təşkilatı Yasamal rayonunda yerləşir. Yasamal təşkilatına Fikrət İsmayılov rəhbərlik edir. Təşkilatın idarə Heyəti tanınmış soyadlarla zəngindir. Metropolitenin rəisi Tağı Əhmədov, Yasamalın icra başçısı İbrahim Mehdiyev, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu rayonda partiya tapşırıqlarını alırlar. Onlarla bərabər İdarə Heyətinin iclaslarına kənd təssərüfatı naziri İsmət Abbasov, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da qatılır. Memarlıq və İnşaat Unversiteinin rektoru, deputat Gülçöhrə Məmmədova da İH-nin üzvüdür.
Göründüyü kimi, hakim partiya məmurları yüksək posta təyin edərkən, onların üzərinə məmur məsuliyyəti qoymaqla yanaşı, partiya məsuliyyətini də unutmayıb.
X.SƏFƏROĞLU