Modern.az

Rahatlıq gətirən narahatlıq

Rahatlıq gətirən narahatlıq

6 İyul 2012, 10:03

Dağlıq Qarabağla bağlı siyasətdə hamının xorla oxuduğu “mahnı”

Nəhayət, ATƏT-in hazırkı baş katibi Lamberto Zannier də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadığından narahatlığını dilə gətirib. Səbəbi də budur ki, tərəflər siyasi iradə nümayiş etdirmirlər. Müəyyən kompromisləri nəzərdə tutan qərar və təklifləri qəbul etməyə hazır deyillər.

Bu, beynəlxalq aləmdə sözü keçərli qurumların çoxdan bəri xorla oxuduğu tanış mahnıdır. Sadəcə, solo hissəsini bu dəfə L. Zannierə həvalə ediblər. Eyni sözü Barak Obamaya, Vladimir Putinə və Fransua Hollanda qədər olan prezidentlər də söyləyiblər. Rusiya prezidenti V.Putin artıq ikinci prezidentlik müddətinin, Fransa prezidenti F.Holland isə birinci prezidentlik müddətinin ilk günündən narahat olduqlarını söyləməyə başlayıblar. Bir gün bunlar da prezidentlikdən gedəcək və yeniləri gələcək. Onlar da münaqişədən narahatlıqlarını ifadə edib yerlərini başqalarına verəcəklər. Belə davam etsə, daha bir əsr gözləməli olacağıq. Təbii ki, buna indiki nəslin ömrü çatmayacaq. Yəqin ki, onda da bizim kötücələrimiz bu nağılları dinləməli olacaq.

Deməli, bunların sözlərində bir damcı da səmimiyyət yoxdur. Sadəcə, narahatam deyib bizi rahat salırlar. Əgər münaqişənin ədalətli həllini istəsələr, birinci növbədə  işğalçı ilə işğala məruz qalanı ayırd edər və qısa vaxtda məsələyə əncam çəkərlər. Ancaq bunu etmirlər. Guya hər iki tərəf eyni dərəcədə günahkar, eyni dərəcədə haqlıdır. Buna rəğmən də mümkün olmayan kompromislərdən dəm vururlar. Görəsən, iyirmi faiz torpağı işğala məruz qalan və nəticədə bir molyona yaxın əhalisi qaçqın-köçkün düşən Azərbaycan hansı kompromisə getməlidir?

Eyni zamanda işğalçılıq siyasəti yeridən Ermənistan hansı kompromisə getməlidir? Heç kəs bu suala cavab vermək istəmir. İyirmi ildir biz həmnən-həmə deyirik, bunlar dəmnən-dəmə. Ümumiyyətlə, kompromis formatı münaqişənin xarakterinə qətiyyən uyğun gəlmir. Çünki ortada işğal faktı var. Yəni beynəlxalq normalar pozulub və bir dövlət başqa bir dövlətin ərazisinə təcavüz edib. Deməli, münaqişənin həllinin bir yolu var: işğalçı Ermənistan öz qoşunlarını çəkib Azərbaycan ərazisini tərk etməlidir. Bu barədə BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi də var. Orada aydın və birmənalı şəkildə yazılıb ki, Ermənistan ordusu  qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır. İndi qətnamənin mövcudluğundan özümüz deyib özümüz eşidirik. Əgər BMT kimi böyük bir təşkilat öz qərarına, qətnaməsinə sahib çıxmırsa, onda ermənilərdən nə gözləmək olar? Görəndə ki, nüfuzlu beynəlxalq təşkilatlar həmin vacib sənədlərə göz  yumur, işğal faktından yan keçir, hər iki ölkəyə eyni statusla yanaşıb balanslaşdırma siyasəti yeridir,  belədə onlar da bundan ruhlanıb zəbt etdikləri özgə torpaqlarında özlərini bir qədər də artıq rahat hiss edirlər.

Düzdür, Azərbaycan iqtisadi və ordu quruculuğu baxımından xeyli güclənib və Ermənistandan çox irəli gedib. Bəlkə də bir neçə gün kifayət edər ki, qarşı tərəfi diz çökdürmək mümkün olsun. Lakin dünya düzənində hökm sürən siyasi proseslər hələlik buna imkan vermir. ATƏT-in Mİnsk Qrupunu təmsil edən üç ölkədən ikisinin – ABŞ və Rusiyanın başı Güney Qafqazda nüfuz dairələrini genişləndirməyə qarışıb. Fransanın isə heç bir etik qaydaya məhəl qoymayaraq birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Lakin əzəli-əbədi rəqib olan ABŞ və Rusiyanın mübarizəsi pərdə arxasında getdiyindən və qarşı duran tərəflərlə bağlı yürütdükləri siyasətin bütün təfərrüatları sonadək aydın olmadığından bir qədər müəmmalı təsir bağışlayır. Məlum olan odur ki, öz böyük maraqlarının yanında Azərbaycanın maraqları onları qətiyyən ilgiləndirmir. Heç Ermənistana göstərdikləri məhrəm münasibətin arxasında da səmimiyyət durmur.

Rusiya təhlükəsizliyini qorumağı öhdəsinə götürməklə Ermənistanı asılı vəziyyətə salaraq özünün for-postuna çevirib. Ruslar bu gün ermənilərin ac qarnını çörək yox, silahla doydurur. Rəsmi İrəvan da bunun qarşılığında iyrənc niyyətlərini həyata keçirməyə - Azərbaycan torpaqlarında yerini möhkəmləndirməyə çalışır. Beləliklə də, ATƏT-in Minsk Qrupunda təmsil olunan və Dağlıq Qarabağ münaqişəsini nizamlamaq missiyasını üzərinə götürən ABŞ, Rusiya və Fransanın müxtəlif dəst-xəttə malik siyasi fəaliyyətləri münaqişənin həllinə deyil, daha çox sonsuzluğa qədər uzanmasına xidmət edir. Bu proses ABŞ və Rusiyanın Güney Qafqazda hansı pay sahibi olduqları aydınlaşana qədər davam edəcək. Ötən əsrin əvvəllərindən başlayan isti və soyuq müharibələr iki super dövlətin marağında olan məsələyə indiyədək heç bir aydınlıq gətirməyibsə, yəqin ki, bundan sonra da möcüzə baş verməyəcək. Bəzi siyasilər fəaliyyətsizliyə görə çox vaxt BMT-ni, ATƏT-i, Minsk Qrupu həmsədrlərini qınayırlar.

Ötən illərin təcrübəsi göstərdi ki, bu və digər beynəlxalq qurumların məqsədi hansısa haqqı tapdanan ölkənin problemini çözmək deyil. Onlar yalnız super güclərin iradəsinə tabedirlər və bu güclərin marağına uyğun gələn sifarişləri yerinə yetirmək, istənilən qanunsuz hərəkətlərinə qanuni don geydirməklə məşğuldurlar. Bu təşkilatların rəhbər kürsülərində kimi əyləşdirirsən əyləşdir, o, çəkilmiş cızıqdan kənara çıxıb Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini təmin edə bilməz. Lamberto Zannierə gəldikdə isə o da hamı üçün çəkilmiş cızıq daxilində fəaliyyət göstərir və sözlərində səmimiyyət axtarmağa dəyməz. Dediklərini də Rusiya və ABŞ-ın məlum siyasi menyusundan götürüb əzbərləyib. Qarabağda baş verənlər onun heç vecinə də deyil. Yəni Kür topuğundan, Araz aşığındandır.
Ümumiyyətlə, görəsən, L.Zannier Azərbaycanda bu adda çaylar olduğunu və onların axıb hansı dənizə töküldüyünü bilirmi?..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?