Dövlət Komitəsi çoxuşaqlı ailələrin təminatı ilə bağlı yeni qanun layihəsini parlamentə göndərməyə hazırlaşır
“Azərbaycanda çoxuşaqlı ailələrin təminatının yaxşılaşdırılması ilə bağlı yeni layihə Milli Məclisə sentyabrda təqdim olunacaq”.
Bunu Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Elgün Səfərov deyib. Onun sözlərinə görə, çoxuşaqlı ailələrə güzəştlərin verilməsi haqqında təklif Milli Məclisin gündəmindədir. Amma Milli Məclis mövsümlə əlaqədar işini yekunlaşdırdığından layihə sentyabrda təqdim olunacaq:
“Layihə bütün normativ hüquqi aktlarla hazırlanmalı, qurumlardan təkliflər yığılmalıdır. Ən sonda isə Milli Məclisə təhvil verilməlidir. Bununla bağlı 2-3 qurum işləyir. Bunlardan biri bizim, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Çoxuşaqlı ailələrə verilən statusa uyğun olaraq analar və uşaqların istirahəti, maddi təminatın artırılması həmin layihədə təklif kimi irəli sürülüb. Ancaq bu təkliflər hələ ki layihə şəklindədir. Layihə müvafiq qurumlara təqdim olunub”
Layihədə “Qəhrəman ana” statusunun verilməsi məsələsinin nəzərdə tutulduğunu deyən Elgün Səfərov sənəddə nələrin saxlanılıb, nələrin çıxılacağının hələ məlum olmadığını bildirdi. Onun sözlərinə görə, layihədə daha çox çoxuşaqlı ailələrin təminatının yaxşılaşdırılması nəzərdə tutulub.
Vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə, digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında 5-8, cənub bölgəsində isə 10, 12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Belə qadınlara «Qəhrəman ana» statusu verilirdi. Ötən əsrin 90-cı illərindən sonra həm belə adın verilməsi ləğv olundu, həm də qadınlar az uşaq doğmağa başladılar.
Sovetlər İttifaqı dövründə dövlət əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, «Qəhrəman ana»lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdılar. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu.
Qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeyd alınıb. Bu rayonlardan olan üç «Qəhrəman ana»nın hər biri 17 uşaq dünyaya gətirib.
Hazırda isə iki və artıq uşağı olanlar maddi imkansızlıqdan daha çox şikayətlənir və uşaqların təlabatlarını qarşılamaqda çətinlik çəkirlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. Ümumiyyətlə indi «çoxuşaqlı ailə» anlayışının özünün mənası dəyişib. Əgər 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdilərsə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər.
Dövlət Statistika Komitəsinin statistik məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində düşünürlər ki, Azərbaycanda demoqrafik vəziyyət o qədər də kritik deyil ki, ailələrin 1-2 uşaq istəməsi narahatlıq doğursun.
Modern.az-ın əldə etdiyi məlumata görə, «Qəhrəman ana» adının dünyaya 7 uşaq gətirən qadınlara verilməsi gözlənilir.
Gültəkin Ələsgər