Modern.az

Daha beş ilin intizarı...

Daha beş ilin intizarı...

6 İyul 2012, 15:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrə Məleykə Abbaszadə bu gün bəyan edib ki, ölkədə orta təhsilin səviyyəsini qaldırmaq üçün təxminən 5 il vaxt lazımdır. Əcəba, bu 20 ildə, xüsusən də 26 mart 1998-ci ildən etibarən təhsil naziri vəzifəsinə təyin olunan Misir Mərdanov  bu illərdə nə iş görüb? Buradan iki sual ortaya çıxır: birincisi, ya Sovet Azərbaycanının təhsili o qədər bərbad olub ki, Misir müəllim onu indiki səviyyəyə qaldırmaq üçün 14 il (1998-2012=14) vaxt sərf edib, ya da hörmətli nazirimizin başı daha çox məktəblərdə bilik vermək əvəzinə başqa məsələlərə qarışıb. Birinci, yəni  Sovet Azərbaycanının təhsil sisteminin bərbad olması versiyası ağlabatan deyil. İkinci, yəni hörmətli nazirimizin başının daha çox məktəblərdə bilik vermək əvəzinə başqa məsələlərə qarışması versiyası üzərində isə dayanmağa dəyər.     

İlk olaraq “Məktəbli kitabçası”nın bir biznes kimi Təhsil Nazirliyində saxlanması təhsil sistemi üçün utancverici amildir. Çünki, bazar iqtisadiyyatına iddialı ölkədə nəyə görə heç bir xüsusi elmi, intellektual yükü olmayan Məktəbli kitabçası inzibati təşkilatlar vasitəsi ilə hazırlanmalı, satılmalıdır? Ümumiyyətlə, pedaqoji kollektivi cılız alver subyektinə çevirmək yolverilməzdir. Təhsil Nazirliyi guya hər il müxtəlif formalı “Gündəlik”ləri dərc edir, kitabçaların üz qabığı və içərisindəki təqvimi dəyişir. “Məktəbli kitabça”sının qiymətinin artımı yetərincə qaranlıq və müəmmalı məsələdir. Ötən illərdə kitabçalar 60 qəpik olub, bu il isə 1 manat. Bu, təxminən 66,6 faiz bahalaşma deməkdir. Əlbəttə, qara qüvvələr, xüsusən də hörmətli nazirimizin fəaliyyətini təqdir etməyənlər məsələyə başqa don geyindirirlər. Hətta deyirlər ki, guya müəllimlər “Məktəb kitabçalarını satır və s.

Bu gün bəzi məktəblərimiz məktəb paltarının satışında həddindən artıq zəiflik nümayiş etdirirlər. Daha doğrusu mövcud potensialdan maksimum istifadə edə bilmirlər. Bu da nəticədə ölkə iqtisadiyyatına və xüsusən də birbaşa məktəb büdcəsində əlavə problemlər yaradır. Bu kimi məsələlərə kompleks yanaşmaq daha zəruridir. İlk növbədə məktəblərin sinif otaqlarının birində paltar sexi açmaq, oranı Çin avadanlıqları ilə təmin etdikdən sonra dərhal istehsala başlamaq lazımdır. Bununla həm milli istehsal inkişaf edər, həm şagirdlərin geyim problemi kökündən həll olunar, həm məktəb büdcəsi “sevinər”, həm də valideynlərin Binə, Sədərək yolunda canı çıxmaz. Ən mühümü isə Fədail bəyin (Bakı Tikiş Evinin müdiri Fədail Rəhimov nəzərdə tutulur) yükü azalar. Digər və ən mühüm məsələ isə məktəbdə ora-bura qaçıb şalvarının paçasını partladan uşaqlar da sevinərlər...

Misir müəllimin Azərbaycan təhsili və yaxud da ictimaiyyəti qarşısında “xidmətləri” bununla bitmir. O Həzrətin fəaliyyəti çoxşaxəli, çoxçeşidlidir. Yoldaş Mərdanov şagirdlər, müəllimlərlə yanaşı, məktəblərə təyin etdiyi direktorların da maarifləndirilməsi üçün əlindən gələni əsirgəməyib. Baxmayaraq ki, həmin direktorların bütün bunlara ehtiyacları yoxdur. Onlar zatən doğuşdan “yetənəkli”dirlər. Həmçinin pedaqoji idarəetməni həmkarlarından daha yaxşı bildikləri üçün məktəblərdə baş müəllim statusuna yiyələniblər. Amma Misir müəllim bununla kifayətlənmir. Məktəb direktorlarını daha da təkmilləşdirir. Buna misal olaraq məktəb direktorlarının kompüter biliklərinə yiyələnmələri üçün göstərdiyi səylər sözün əsl mənasında qəhrəmanlıqdır. Fərz edək ki, bu addımı ilə M.Mərdanov işğal altında olan iki kəndi danışıqsız, döyüşsüz geri alıb. Nə olsun ki, məktəb direktorudurlar? Məktəb direktoru gərək hökmən kompüteri öyrənsin? Bu günə kimi vaxtı olmayıb, bundan sonra öyrənər. Çünki dünənə kimi kompüter çatışmırdı. Digər tərəfdən buna kimi daha ciddi və zəruri işlərlə məşğul olub. Vaxtı-vaxtında fond pulları və digər xərclərin yığılması, dərs bölgüsü, təmir-tikinti və s. işlərlə məşğul olub.

Naşukurluk edirik...

Bu gün Azərbaycanla yanaşı, qonşu ölkələrdə yaşayan soydaşlarımıza da Təhsil Nazirliyimiz tərəfindən dərsliklər göndərilir. Bu da o deməkdir ki, hörmətli Mərdanov həzrətləri nəinki Azərbaycanda, hətta Gürcüstanın qədim və ulu Borçalı hissəsində yaşayan azərbaycanlıların da təhsil almasında ən azı Mişa (Saakaşvili) qədər maraqlıdır. Elə bunun üçün də o Həzrət (Misir müəllim) uşaqlarımızın oxuduqları məktəblərə dərs vəsaitləri göndərir. Baxmayaraq ki, həmin dərs vəsaitləri Gürcüstanın tədris proqramına uyğun olmadığı üçün istifadəsiz qalır. Amma yenə də olsun. Misir müəllim öz vətəndaş və nazir borcunu yerinə yetirir. İstifadə edib-etməmək isə ikinci dərəcəli məsələdir. Əsas odur ki, Misir müəllim dövlətin pulu ilə həmin kitabları çap etdirib Gürcüstana göndərir. Həmin dərs vəsaitləri məktəblərdə istifadə olunmasa da, bazarlarda, toyxanalarda xalqın karına gələr. Qısası bir yol tapıb istifadə edərlər.

Amma yenə də Gürcüstanın azərbaycanlı məktəb direktorları narazılıq edir. Niyə məhz azərbaycanlı?! Düşünürəm ki, bu bizim həm də azərbaycanlı olmağımızdan irəli gəlir. Nədən ki, şikayət etməyə, narazı olmağa vərdiş etmişik.

Deyirlər ki, Gürcüstandakı məktəblərin kitabxana fondunda latın qrafikalı ədəbiyyat yoxdur. Nə bilim Azərbaycandan göndərilən kitablar Gürcüstanın tədris proqramına uyğun olmadığı üçün istifadəyə yarasızdır. Əşi, bu, kitabdır də, vərməşil-makaron deyil ki, yararsız ola. Məgər Gürcüstan kitablarında 2+2=5 eləyir, biz də 4? Onlar Azərbaycandan göndərilən dərs vəsaitlərinin əvəzinə, bu vəsaitlərə sərf olunmuş məbləğdə pulu tədris proqramına uyğun dərs vəsaitləri almaq üçün göndərməyi xahiş edirlər. Amma dərk eləmirlər ki, Misir müəllim pul məsələsində çox həssasdır. O qədər həssasdır ki, evinə belə bazarlığı özü edir, amma sürücüyə tapşırmır ki, birdən Şeytan girər qəlbinə, o da israfçılıq edər... O həzrət heç zaman dövlətin pulunu digər dövlətin azərbaycanlı vətəndaşına verə bilməz ki, alın kitaba verin... Həm də ilin, günün bu vaxtında...

İndi Məleykə xanım deyir ki, təhsilin səviyyəsini artırmaq üçün 5 il vaxt lazımdır. İnsafən, əgər M.Mərdanov və onun müəllim ordusu yuxarıda çox qısa şəkildə bəhs etdiyim məsələləri vaxtında yoluna qoymasaydı, bizə nə qədər zaman lazım olardı? 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?