İyulun 2-də Prezident İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illərin Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) təsis edilən 55 (əlli beş) manat Prezident təqaüdü 1800 nəfərə veriləcək. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 55 manat Prezident təqaüdü alacaq 1800 nəfərin sayı hər zaman dəyişə bilər. Çünki bu təqaüdu alanlar 85-dən yuxarı yaşı olanlardır və onlardan kimsə dünyasını dəyişərsə, say azala bilər.
Prezidentin sərəncamının icrasına nə vaxtdan başlanılacağını nazirlik rəsmiləri belə izah ediblər:
“Bununla bağlı sənəd hazırlanıb və gələn həftənin birinci gün imzalanacağı gözlənilir. Sənəd imzalanandan sonra bilinəcək ki, hansı aydan bu pul həmin insanlara veriləcək ”.
Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev saytımıza bildirib ki, hazırda Azərbaycanda 2739 nəfər Böyük Vətən Müharibəsi iştrakçısı var. Onların orta əmək pensiya məbləği 224 manatdır.
Mail AĞAXANOV