Bir müddət öncə Təhsil Nazirliyinin salahiyyətinə daxil olan orta məktəblərdə keçirilən buraxılış imtahanlarının keçirilməsi bu qurumdan alınıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verildi. Bununla da iki qurum arasında gərginlik daha da gücləndi. .
Son günlər bu iki dövlət qurumu qarşılıqlı ittihamlarla çıxış edir. Bəs iki dövlət qurumu arasındakı “müharibə” nə qədər davam edəcək?
Modern.az məsələyə Milli Məclisin Təhsil və elm komitəsinin üzvi, deputat Musa Qasımlıdan münasibət öyrənmək istəyib.
Amma millət vəkili intriqa, dava-dalaş olan məsələdən uzaq qaçdığını və münasibət bildirmək istəmədiyini qeyd edib. Bununla belə, M.Qasımlı suala cavab verməyə çalışacağını söyləyib.
Millət vəkili dövlətin iki qurumunda çalışan rəsmilərin mətbuatda bir-birilərini ittiham etməsini yaxşı hal hesab etmir:
“Heç şübhəsiz iş olan yerdə qüsur, çatışmazlıqlar olacaq. Bu, labüddür. Lakin, dövlət qurumları bu qüsurları, çatışmazlıqları, nöqsanları ittiham etməklə deyil, əməkdaşlıq etməklə aradan qaldırmalıdır”.
Musa Qasımlının sözlərinə görə, belə vəziyyət heç şübhəsiz, təhsil sistemində çalışanlara, TQDK-nın ekspertlərinə, onun işini həyata keçirənlərə və Təhsil Nazirliyi sistemində işləyənlərə təsir edir.
“Belə halın hökümət orqanları arasında olması təkcə o qurumların əməkdaşlarına, o sistemdə çalışanlara deyil, eyni zamanda bu sistemlə bağlı olan insanların da əhval-ruhiyyəsinə yaxşı təsir etmir. Bu mübahisə vətəndaşlarda dövlət avtoriteti haqqında suallar doğura bilər. Buna görə də bu halların dayandırılmasında fayda var” deyə, millət vəkili qeyd edib.
Sevinc İltifatqızı