Eks-prezident Ayaz Mütəllibovun sadiq tərəfdarlarından hesab edilən, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bir neçə gün bundan öncə Bakıya qayıdan keçmiş dövlət başçısı ilə hələ görüşə bilməyib. O, Modern.az-a açıqlamasında bildirib ki, səhhətində ciddi problem olduğu üçün Ayaz Mütəllibovu hava limanında qarşılaya bilməyib.
“Təəssüflər olsun ki, bir neçə gündür xəstə yatağında yatıram. Ayaz müəllimin vətənə gəlişinə ürəkdən sevindim. Biz bu günü səbirsizliklə gözləyirdik. Amma, səhhətim imkan vermədi ki, mən də gedim Ayaz müəllimi qarşılayım. Özümü yaxşı hiss eləmirəm. İnşallah, sağalan kimi onu görməyədə gedəcəm, söz verdiyim kimi qurban da kəsəcəm”, - deyə Hacı Əbdül vurğulayıb.
Qeyd edək ki, Hacı Əbdül bir müddət öncə Modern.az-a bildirmişdi ki, eks-prezident Ayaz Mütəllibov Bakıya dönərsə, onu ilk qarşılayanlardan biri də məhz özü olacaq. A.Mütəllibovun uzun illərdir yolunu gözləyən Hacı Əbdül hətta keçmiş prezident üçün qurban kəsəcəyinə də söz vermişdi.
Anar RÜSTƏMOV