Modern.az

Biz həyasızıq...

Biz həyasızıq...

10 İyul 2012, 15:54

Fars-molla rejiminin girov saxladığı Azərbaycanlı gənc şairlər - Fərid və Şəhriyarın müdafiəsi ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ilk tədbirdən sonra İrana qarşı tənqidi fikirlər səsləndirən insanların ənənəvi yaltaq və məddahların qəzəbinə tuş gələcəklərini gözləyirdim. Amma bu qədər yox. "İran yaxşı dövlətdir, ətrafı pisdir" adlı yazını qələmə alanda fars-molla rejiminin düşmənçilik siyasəti əleyhinə danışanların üzərinə aşırı qəzəblə nifrət və kin püskürən Kamal Abdullanın açıqlamalarını oxumamışdım. Adam sanki ilan sancıbmış kimi hövlənək yerindən atılıb, ağına-bozuna baxmadan özünə aid olan bütün epitetləri başqalarına ünvanlayıb. Doğrusu, Kamal Abdullanın mənə və razılıqlarını almadığım üçün adlarını çəkmədiyim bəzi həmkarlarımın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə reaksiya vermək niyyətində deyildim. Əvvəla, bu ölkədə vicdanı olan hər kəs kimin nə qədər həyasız və nə qədər cahil olduğunu yaxşı bilir. Digər tərəfdən, düşünürdüm ki, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal "Kamal Abdullaya məktub"u ilə BSU rektorunu yetərincə "şərəfləndirib" və sonuncu bu məktubdan sonra mövzunu qapatmaq kimi ağıllı bir qərar qəbul etmək iqtidarındadır. Amma... Aqil Camalın yazısındakı tutarlı arqumentlər və səlis ifadələr Kamal Abdulla üçün yetərli olmadı və bu adam nə qədər təkəbbürlü, özündənrazı və onu "zirvəyə doğru" aparan yolda hər addımda müşaiyət edən natamamlıq komlekslərini unutdurmaq üçün başqalarını əzməyə, aşağılamağa meylli olduğunu bir daha sübuta yetirdi.

Kəsəsi, Kamal Abdullanın qənaətinə görə, onun İranın əleyhinə danışanları fars-molla rejiminə təslim edib Fərid və Şəriyarı geri almaq lazımdır" kimi (deməyə söz tapmıram) bəsit və aşağılıq təklifi Güney Azərbaycanda yaşayan 35 milyon türkün haqlarını müdafiə edən insanların "kürkünə birə salıb". Və o da nə qədər humanist, genişürəkli bir insan olduğunu sərgiləmək üçün barəmizdə müvafiq dövlət qurumlarına çuğulluq etməyəcəyini açıqlamaqla "kürkümüzü birələrdən təmizləmək", yəni, narahatlığımıza son qoymaq istəyir. Sağ ol da...

...Allah razı olsun, yoxsa 3-4 gün idi gözümə yuxu getmirdi və düşünürdüm ki, Azərbaycan hökuməti də elə Kamal Abdulla ağıldadı və bu təklifi duyar-duymaz bizi qandallayıb İrana təhvil verəcək... Məzən olsun! Adam heç olmasa ya zəlzələdən, ya vəlvələdən ona həvalə edilən kürsünün statusuna dəyər verib belə kinayəli, bəsit və utandırıcı fikirlərlə fars-molla rejiminin... alnını dəsmallamaz. Hər şeyin bir həddi var!

Adam verdiyi "təklif"in, dilinə gətirdiyi sözün fərqinə belə varmır. İranı başa düşdük. Bu ölkə üçün beynəlxalq hüquq anlayışı yoxdur. İstədiyini oğurlaya, girov götürə, dəyişə, edam edə bilər. Ancaq Azərbaycan hökumətinə "sən İranı tənqid edən vətəndaşlarını bu ölkədə girov saxlanılan digər vətəndaşlarınla dəyişdir" təklifini vermək Azərbaycan Konstitusiyasını və onun təməl prinsiplərini aşağılamaq, dünyəvi dövlət quruluşumuzu İranın feodal idarəçiliyi ilə eyniləşdirmək, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına həqarət etməkdir.

Maraqlıdır, görəsən dəyərləndirilməsi üçün bir o qədər də böyük intellekt tələb olunmayan hadisəyə hüquqa, birgəyaşayış qaydalarına və etik normalara zidd bir münasibət sərgiləyən şəxsin "beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsinin də yer aldığı Bakı Slavyan Universitetinin rəhbərliyində nə işi var?

Kimsəyə sirr deyil ki, Şəhriyar və Fəridin girov götürülməsi İranın iyrənc siyasi maraqlarından, anti-humanist mahiyyətindən qaynaqlanır.

İranın fars-molla rejimi Azərbaycan Respublikası adlanan bir dövlətin mövcudluğunu qəbul etmir. Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana hərtərəfli dəstək verir və işğalın davam etdirilməsi üçün əlindən gələni əsirgəmir. Ölkəmizdə separatizmi, dini təfriqəçiliyi, məzhəb ayrı-seçkiliyini körükləmək üçün min oyundan çıxır. Beynəlxalq Dəniz Hüququna əsasən Xəzərin Azərbaycana aid olan hissəsindən pay istəyir və faktiki olaraq Azərbaycan Respublikasına qarşı ərazi iddialarıyla çıxış edir. İran adlanan dövlətin ərazisində, Güney Azərbaycanda - öz tarixi vətənlərində yaşayan 35 milyon Azərbaycan türkünün nəinki siyasi, hətta mədəni hüquqlarını belə tanımaq istəmir, sivil yolla öz hüquq və azadlıqlarının müdafiəsinə qalxan insanları ən amansız təzyiqlərə, repressiyalara məruz qoyur, həbsə atır, işkəncə verir, edam edir.

Azərbaycan Respublikasına qarşı siyasət İran rejiminin strateji hədəfidir və nə qədər ki, rejim dəyişməyib bu münasibət də dəyişməyəcək!

...İndi gələk həyasızlıq məsələsinə... Əgər Azərbaycana qarşı düşmən kəsilən və öz niyyətlərinin həyata keçirilməsi üçün nəinki beynəlxalq hüquqa, hətta insanlığa zidd istənilən addımı atmağı məqbul sayan, qürurumuzla, heysiyyatımızla oynayan, Azərbaycan Respublikasının dövlət atributlarını mütəmadi olaraq aşağılayan, milli hədəflərə xidmət edən aydınlarımıza, tariximizə, mədəniyyətimizə, millət və dövlət olaraq mövcudluğumuza qənim kəsilən bir ölkəyə və onun saxta teokratik rejiminə qarşı çıxış etmək həyasızlıqdırsa, o zaman biz həyasızıq!

Əgər qanı qanımızdan, dili dilimizdən olan, öz ana dilində yazmaq, oxumaq hüququ tanınmayan, uğrunda can verdiyi və çoxluq təşkil etdiyi ölkədə azlığa çevrilən, fars şovinizminin basqısı altında əzilən, assimilyasiyaya uğradılan Azərbaycan türklərinin hüquqlarını müdafiə etmək həyasızlıq sayılırsa o zaman bizdən həyasızı Yer üzündə yoxdur. Axtarmayın da...

O ki, qaldı cahillik məsələsinə... təəssüf ki, "biz cahilik" deyə bilməyəcəyəm. Çünki cahillik həqiqəti bilməmək, anlamamaq, qanmamaqdır. Bəsirətin önünə təkəbbürdən divar çəkib həqiqəti görmək istəməmək isə nadanlıqdır. Həqiqəti görüb, bilib, lakin hansısa maraqlar naminə onu xalqdan gizlətmək, fərqli, yaxud təhrif olunmuş şəkildə ifadə etmək isə saxtakarlıq, yalançılıq və riyakarlıqdır.

Bu baxımdan kimin cahil, kimin nadan və kimin riyakar olduğunu müəyyənləşdirməyi oxucunun ixtiyarına buraxıram.

...Biz ideya adamıyıq, hər kəsə bəlli olan bir məfkurəmiz var. Siyasi, yaxud mədəni kosmopolitlərin gözündə necə göründüyümüz isə heç umurumuzda belə deyil.

Bizim üçün Bütöv Azərbaycan yoluna sədaqət, Vətənə, Millətə və Dövlətə xidmət etmək böyük şərəfdir. Bu təyinatı bizə kimsə vermədiyi kimi, kimsə də ala bilməz! Bu baxımdan,  şərəfli bir yolun yolçusu olduğumuza bütün varlığımızla əminik! Hə yaxşı ki, kimlərinsə gözündə həyasız olsaq da şərəfsiz deyilik. Təkcə buna görə yaşamağa dəyər!

P.S. Hələ indiyədək kimsə İranın əleyhinə danışanların mükafatlandırıldığının şahidi olmayıb. Bunun əksini isə Azərbaycanın təhlükəsizlik orqanları dəfələrlə sübuta yetiriblər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?