Elman Cəfərli
“Atalar-oğullar” probleminin postmodernist yazarlar sayaq, Makedoniyalı İsgəndərin “Qordi düyünü” nü çözmə metodu ilə qılınclayaraq həllinin tərəfdarı olmamışam. Heç vaxt demərəm ki, filan “ağsaçlı, Dədə Qorquda oxşayan şair” niyə hələ də Yazıçılar Birliyindən əmək haqqı alır? Niyə filan dilçi alim ölmür? Və ya niyə filankəs 65 yaşını keçib hələ də rektordu. İnsana ömür payını Tanrı biçir, verdiyi canı da nə zaman alacaq, özü bilər. Mən də razıyam ki, yaşlı nəsil Azərbaycanda həyatın bütün sahələrində heç yerdə görsənməyən şəkildə tıxac yaradıblar, gənclərin önünü kəsiblər. Hara baxırsan, yaşı 70-i keçmiş məmur görürsən. Bunları keçmək olar. Amma onların oturduqları yerdən qırsaqqız olub yapışmaları bir yana, millətin taleyüklü məsələlərində də tormoz olduqlarını görəndə, dözə bilmirsən. “Qurtlar vadisi”nin qəhrəmanı demiş: “Hırlıya eyvallah, hırsıza eyvallah, ırz düşmanına duur!”.
Sovet dövründə yaşamış, beynəlmiləl Sovet Bakısında yetişmiş yaşlı nəsil müstəqilliyi asanlıqla qəbul etmədi. 90-cı illərin əvvələrində onlar idi istiqlal ideyasına müqavimət göstərən. Onlar idi Milli Ordunun yaranmasına əngəl olan. “Alibi”lərini də tutuquşu kimi əzbərləmişdilər: “Rus qoymaz müstəqil olaq”, “Ayrılsaq, acından öləcəyik, iqtisadiyyat çökəcək”, “Rusiyadan ayrı yaşaya bilmərik”. Azadlığa qovuşduq, 20 ildir müstəqilik, amma acından ölmədik. Müstəqil dövlət kimi ayaqda durmağı bacardıq. Bu gün Rusiya ilə bərabər hüquqlu, müstəqil dövlətik. Ancaq 70 ildə Sovet dövründə, ondan əvvəl 100 Romanovlar dönəmində bizə yaradılmış problemlər hələ qalır. Dilimizin, millətimizin adı dəyişdirilib. Azərbaycan xalqı Rusiya və İran tərəfindən iki yerə parçalanıb. Biz millət olaraq bu məsələləri həll etməliyik. Bu məsələləri qabardan kimi yenə yaşlı nəsil üstümüzə gəlir. Yenə eyni arqumentlər: “İran böyük dövlətdir. Onunla baş edə bilmərik”, “İranla münasibətləri pozursuz”, “Bu məsələnin yeri deyil” və s. Bu günlərdə yazıçı-rektor Kamal Abdulla İranda həbs olunmuş gənc şairlərin həbsdən azad olunması üçün variant təklif edib: İran əleyhinə danışanları həbsdəki şairlərlə dəyişmək. Bu sözə əhəmiyyət verməmək də olardı. Çünki hüquqda belə bir şey yoxdu, bu sözə görə də İran şairləri dəyişəsi deyil. Adamı narahat edən ziyalı deyib boylandığımız adamların bütöv Azərbaycan ideyasına bu cür qəzəblə, nifrətlə yanaşmasıdır. Bir neçə il öncə Vəfa Quluzadə də Bütöv Azərbaycan ideyasını “Böyük Ermənistan” ideyasına bənzətmişdi. Bu adamlar özlərini “praqmatik”, “realist” zənn edirlər. Guya bütöv Azərbaycandan danışanlar qaragüruhdu, dayaz düşünəndi, bircə ağıllı bunlardı.
Bəs kimlərdi Kamal müəllimin iki gənc şairə dəyişmək istədikləri? Mən İran səfirliyinin önündə Xamneyinin biədəb şəkillərini qaldıranları demirəm. 15 ildir İranda Güney Azərbaycan türklərinin hüquqlarından yazan, danışan adamlar Əlyar Səfərlidi, Cəmil Həsənlidir, Sabir Rüstəmxanlıdı, Tofiq Türkeldi, Bəxtiyar Tuncaydı, Nəsib Nəsiblidir, Hüseyn Türkellidir, Ağrı Qaradağlıdır, Elçin Mirzəbəylidi, Tofiq Seyiddi, Aqil Camaldı. Bu adamlar Azərbaycan xalqına bir pislik eləməyiblər. Onların pisliyi 35 milyonluq bir xalqın tarixini, dilini, hətta milli kimliyinin danan fars şovinizminə keçib. Onlar hər yerdə, yazıları, bəyanatları ilə fars şovinizmini ifşa ediblər. O zaman Kamal müəllimin bu adamlara nifrətinin səbəbi nədir? Fikrimcə, yuxarıda adlarını çəkdiyim bu insanlar bir-iki müxalifətçi şairə-yazıçıya iş verməklə, ədəbi yaradıcılıq fakültəsi açmaqla işini bitmiş hesab edən rektor-yazıçılardan daha dəyərli ziyalılardır! Ziyalı yarın zülfündən, işvəsindən yazmaqla “doktor” olanlar deyil, bir qarın yeməyə möhtac ola-ola Güney Azərbaycandan xəbərləri yaymağa çalışan Ağrı Qaradağlıdır! İstirahət günlərində şəraitsiz bir otaqda “Türküstan” qəzeti çıxaran Aqil Camaldır. Onların hər günü zillətdi, vaxtında nahar edə, bahalı istirahət mərkəzlərinə -Esentukiyə, Kislovodska və digər yerlərə gedə bilmirlər. Amma tarixdə onlar qalacaq, nala-mıxa vura-vura özünə komfort həyat düzəltmiş “ziyalılar” yox.
Bu “ziyalılar”ın gənc nəslin şüuruna hopmuş Bütöv Azərbaycan ideyasına qarşı qısqanclığı təkcə təfəkkür məsələsi deyil, həm də qarın məsələsidir. Çoxunun bisnesi var, ortaq marağı var İranla. Deyirlər, İran Azərbaycanın elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq edir. Tez-tez alimləırimiz Tehrana dəvət olunur. Araşdıran olsa məlum olar ki, niyə Azərbaycanın harasında qədim şəhər xarabalığı tapılırsa, arxeoloq alimimiz “Əhəməni mədəniyyətinin izləridir”, “Sasani şahlarına məxsus sarayın qalıqlarıdır” deyir. Aşkar olar ki niyə hələ də dərsliklərimizdə türk oğlu türk Nadir şah, Ağa Məhəmməd şah “İran şahı”, türk olduqları sübut edilsələr də Qafqaz albanları “qafqazdilli” yazılır.
Bir neçə ilə Güney Azərbaycan probleminin ciddi şəkildə İranın başını ağrıdacağına, dünyanın gündəminə gələcəyinə zərrə qədər şübhəm yoxdur. Narahatçılığım ondandır ki, Azərbaycanın bütövlüyü məsələsi Quzeydə aktuallaşarsa, gündəliyə gələrsə, indi Bütöv Azərbaycan ideyasına ağız büzənlər Anarın “Otel otağı” filmindəki Sədiyar, Cabbar kimi cild dəyişib öndə olacaqlar, “bütün ömürlərini Təbriz həsrəti ilə, Araz nisgili ilə yaşadıqlarını”, “gizlincə Azərbaycanın birləşməsi üçün çalışdıqlarını” deyəcəklər.