”Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer...”
İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, iclasın yekununda nitq söyləyən İlham Əliyev bu ilin mayında Bakıda keçirilən “Evrovizion” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğulayıb.
Prezident bununla bağlı aşağıdakı fikirləri söyləyib:
“İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək – bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür. Çünki o hərəkətləri başqa cür izah etmək mümkün deyildir.
“Eurovision”a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilmişdir. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik.
Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!”
Modern.az