Çox böyük hörmət bəslədiyim Elçin Mirzəbəyli! Bir neçə gündür mətbuatın ən qızğın müzakirə mövzusuna çevrilən Fərid və Şəhriyarın İranda həbs olunması və bunun ardınca Kamal Abdullanın məlum ifadələrindən dolayı Sizin “İran yaxşı dövlətdir, ətrafı pisdir” sərlöhvəli məqalənizi, ardınca dostumuz Aqil Camalın məlum etirazı, sonra yenə Sizin “Biz həyasızıq...” adlı məqalənizi, daha sonra isə Elman Cəfərlinin “Ziyalının Bütöv Azərbaycan... sancısı” yazısını çox diqqətlə oxumuşam. Elmanın məqaləsinə yazdığım şərhi bir az da genişləndirərək nəzərinizə çatdırıram ki, hər üçünüzün yazılarında həqiqət var, amma tam deyil. Sizlərin, xüsusən də Sizin hər zaman tənqid etdiyiniz İranla bağlı mənim də zaman-zaman tənqidi yazılarım olub. Mövzudan kənarlaşmamaq şərti ilə onlardan sadəcə ikisini qısa da olsa xatırlatmaq məcburiyyətindəyəm ki, bəzi ağzıgöyçəklər mövqeyimi başqa tərəfə yozmasınlar.
Əslində mənim İrana münasibətim hər zaman fərqli olub. Həmişə arzu etmişəm ki, İran-Azərbaycan münasibətləri, Türkiyə-Azərbaycan, ən azı isə Pakistan, Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz kimi olsun. Nədən ki, Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır və 700 km-dən çox birgə sərhədimiz var.
Bu gün İranın öz, Azərbaycanın da özgə maraqları var. Nə yazıq ki, ayətullaların, müctəhidlərin və nəhayət İran mətbuatının Azərbaycana qarşı yersiz ittihamları münasibətlərimizin inkişafına mənfi təsir göstərib. Buna oxşar ifadələri təxminən 5-6 ay bundan əvvəl İran mollalarının Azərbaycanı hədəfə almalarından dərhal sonra “İran İran olsa...” adlı məqaləmdə yazmışdım: “Baba, adam deyərlər sənə nə mənim hicabımdan, məscidimdən, Cənnətimdən, Cəhənnəmimdən... Bəlkə Qiyamətdə mənə görə sən cavab verəcəksən? Din, məzhəb qardaşım! Sən məndən ötrü belə narahatsansa erməniyə qucaq açma, kafirə qaz vermə, işıq vermə, yol çəkmə, onu qucaqlayıb məni hövsələdən çıxartma”.
Təxminən bir il bundan əvvəl isə Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi bir zamanda isə “İslam həmrəyliyi - İmam Xomeyninin ictimai-siyasi düşüncələrində…” adlı başqa bir məqalə yazmışdım. Məqalə bütövlükdə İslam birliyindən və İranın bu birliyə töhfə verməməsindən bəhs edirdi. Amma nə yazıq ki, o gündən bu günə heç nə dəyişməyib. Nə birliyimiz qalıb, nə də bərabərliyimiz.
Bu gün qızğın müzakirə predmetinə çevirdiyiniz məsələdə - xüsusən də müdafiə taktikanızda haqlı olduğunuzu düşünmürəm. İki gəncin azad olunması istiqamətində qurduğunuz bu kombinasiya effekt verməyəcək. Səbəbi də çox bəsiddir. Sizin təbirinizcə desək, bu gün İran dünyadan təcrid olunmuş bir dövlətdir, hüquq, beynəlxalq hüquq anlayışı rəsmi Tehran üçün keçərli deyil. Bunu bilə-bilə və üstəlik fars-molla rejimi adlandırdığınız İranı aşırı tənqid edə-edə həbsdə olan gənclərin azad olunmasını hansı məntiqlə tələb edirsiniz? Əslində Sizin bu mövzuda çıxışlarınız və tənqidi yazılarınız həssas olan məlum məsələni bir az da mürəkkəbləşdirir. Təkrar edirəm: şəxsən heç kimə belə müdafiə arzulamazdım. Xüsusən də o iki gəncə... Hansı ki, müdafiə kursunu dəyişməsəniz onların azadlığı mümkün olmayacaq. Daha betəri isə onların “cinayətləri”nin çəkisi artacaq.
Problemin həllinin ən uğurlu yolu müsbət nəticələrə aparacaq yoldur. Amma nə yazıq ki, tutduğunuz bu yol bizi “işıq gələn tərəf”ə aparmır. Neçə ildir Siz də daxil olmaqla hamı yazır. Amma nəticə yoxdur. Əvəzində isə gün-gündən gərginləşən Azərbaycan-İran münasibətlərini seyr edirik. Bu indiki zamanda bizə lazımdırmı? Bu gün Azərbaycan iki cəbhədə “informasiya müharibəsi” aparmaq gücündə deyil. Fərqindəsinizsə, məsələ o qədər ciddiləşib ki, İran tərəfi Azərbaycanın “nota yağışına belə çətir tutmur”.
Mən Kamal Abdullanın məlum ifadəsinə də haqq qazandırmıram. “İran əleyhinə yazanları verib o biri şairləri geri alaq” kimi fikirləşmədən deyilən sözlər Kamal Abdullanın cəmiyyətdə tutduğu mövqe ilə üst-üstə düşmür. Əsəblə deyilmiş, reallaşması da mümkün olmayan bir sözün sehrinə düşüb tənqid hədəflərinizin coğrafiyasını bu qədər genişləndirməyinizi isə başa düşə bilmirəm.
“Bütöv Azərbaycan” məsələsi ilə bağlı yazdığım şərhə cavabınıza gəlincə... Əlbəttə, çox təsirli idi. Ola bilər ki, Siz məndən daha çox Bütöv Azərbaycançısınız. Bu bəlkə də Sizin siyasi baxışlarınızdan irəli gəlir. Amma görünür mənim qədər realist deyilsiniz. “Bütöv Azərbaycan” hamımızın arzusu, istəyidir. Amma nə yazıq ki, mən yaxın perespektiv üçün “Bütöv Azərbaycan” görmürəm. Əlbəttə, imperializm və sionizmin İrana hücumunu səbirsizliklə gözləyən sadə dostlarımız kimi də düşünmürəm. Ki, bu hücumdan “Bütöv Azərbaycan doğacaq”.
Cənubda 30 milyon Azərbaycanlının yaşadığını deyirik, əla. Sizcə, bu 30 milyonun 29 milyon 990 mini “Bütöv Azərbaycan”ı düşünürmü? Mən cəsarətlə deyirəm ki, düşünmür. Düşünənləri də guya Avropada mübarizə aparırlar. Köç edənlərin böyük əksəriyyəti “milli azadlıq” şüarından sui-istifadə edərək Avropadan “sığınacaq” alıblar. Amma bəziləri sözün əsl mənasında “Bütöv Azərbaycan” yanğısı ilə yaşayır. Təəssüf ki, onların da sayı “Bütöv Azərbaycan” layihəsini gerçəkləşdirməyə bəs etmir.
Cənubda qalan çoxluq isə düşünsəydi erməniyə “ləbbeyk” deyən İran hakimiyyətini dalana dirəyərdi. Amma biz bunu görmürük. Bəs, nəyi görürük? Minlərlə cənublu azərbaycanlının bayramlarda, seyranlarda İrəvanın küçələrində səf düzürlər. İnanmırsınızsa, internetdə axtarış sistemlərinə girin və gözlərinizlə görün. Onu da xatırladım ki, bu kimi faktlar bəs edincə var... Birdə ki, 9 milyon 30 milyonun yükünün altına girincə, qoy 30 milyon 9 milyona yük olmamaq bərədə düşünsün. Yəni öz problemini özü həll etsin ki, biz də onlara dəstək verək... Bizlər – 9 milyon, onların – 30 milyonun yerinə düşünəcək gücdə deyilik, bu, fiziki cəhətdən də mümkün deyil.
“Bütöv Azərbaycan” deyə həsrətlə seyr etdiyimiz Arazın o tayındakı 30 milyonluq bir xalq gənc şairlərimizin azadlığı üçün niyə çapa sərf etmir? Səbəbi çox sadədir. Çünki onlar üçün “Bütöv Azərbaycan” ideyası maraqlı deyil. Bunun bilavasitə şahidi olmuşam. Amma biz nə edirik? İtirə-itirə gedirik... 1992-1993-cü illərdə itirdiyimiz torpaqların azad olunmasından daha çox, 1813, 1828-ci illərdə əlimizlə verdiklərimizin geri qaytarılacağını xəyal edirik. Üç-dörd milyonluq erməniyə barmaq silkələyə bilmədiyimiz halda, 70-80 milyonluq bir dövlətə təpik atırıq. Sizcə, bu düşüncə tərzi ilə biz hara gedirik?
İkincisi, mən şərhimdə “Azərbaycan torpaqları "Bütöv Azərbaycan" dediyimiz üçün işğal olunub” iddiası çıxış edəcək qədər dayaz deyiləm. Bəli, bu gün bizim hədəfimiz ilk növbədə işğal olunmuş 20 faiz torpaqlarımızın azadlığı və istiqlalıdır. Mən bunu demək istəmişəm.
Elçin bəy! Nə dediyinizin və nə yazdığınızın fərqində olduğunuzu başa düşürəm. Əlbəttə ki, “baxışlarımız ciddi siyasi təhlillərə və daha öncə qeyd etdiyiniz heç vaxt dəyişməyəcək reallıqlara söykənir”. Mən kimlərəsə ağıl vermək niyyətindən uzağam. Buna cəsarət edəcək ədəb sahibi də deyiləm. Amma, üzr istəyirəm bu Milləti və Dövləti heç də başqalarından az sevmirəm. Müzakirə mövzusu olan gənclər isə hamımızın məsələsi olduğu üçün (bəlkə də mənim daha çox haqqım çatır. Çünki Fəridlə iş yerimiz eyni mərtəbədədir, çalışdığımız otaqlar yan-yanadır) söz haqqımdan istifadə edirəm.
Əziz böyük qardaş! Hesab edirəm ki, daha doğru düşündüyümü sübut etmək üçün əlavə faktlara və arqumentlərə ehtiyac yoxdur.
Allaha əmanət olun!