Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu yaxınlarda məmurlara xarici markalı avtomobillərdən istifadə etməyə qadağa qoyub. Prezident çıxışı zamanı qazax məmurların iri həcmli xarici maşınlar sürməsini mədəniyyətsizlik adlandırıb.
“Qərbdə kiçik həcmli avtomobillər alırlar. Çünki həmin maşınlar həm benzini az işlədir, həm də tıxaclar yaratmır. Bizimkilər isə fikirləşirlər ki, “tank” almaq lazımdır. Elə bilirlər ki, “tank” sürmək onlara hörmət qazandırır”.
Azərbaycanda məmurlara hələki belə bir xəbərdarlıq edilməyib... Müşahidələr göstərir ki, Azərbaycan məmurları bahalı “inomarka”larda gəzməyi çox sevirlər... Bizim məmurlar çətin ki. Şamaxıda istehsal olunan “Azsamand” avtomobilini bəyənələr. Amma təkcə məmurlarmı..?
Texnologiyanın sürətli inkişafı özünü avtomobillərdə də göstərir. Dünyada dayanmadan yeni model avtomobillər istehsal olunur və satışa çıxarılır. İndi bu avtomobil bolluğunda insanlar hər yaşa, hər cibə, hər zövqə uyğun avtomobil tapa bilirlər.
Müşahidələr göstərir ki, son zamanlar Azərbaycanda böyük həcmli (Nazarbayev demişkən, “tank”a oxşar) bahalı xarici avtomobillərə maraq artıb. Bakı küçələrində uzaqdan tanka oxşayan böyük avtomobillərin sayı günbəgün çoxalır. Məsələn, Bakıda Jeep (“Cip”) markalı maşınlar bu sıradandır. Onları qiyməti də bahadır – 20 min dollardan 200 min dollaradək...
Jeep-lərin əksər modellərini adətən səhra-safari səyahətinə və yolsuzluq şəraitinə uyğun avtomobillər hesab edirlər.
Bakıdakı imkanlı şəxslərdə belə maşınlara maraq verməsi nədən irəli gəlir? Bu dəbdir, yoxsa yekəxanalıq, lovğalıq?
Modern.az-ın əməkdaşı bu məsələ ilə əlaqədar ekspertdən münasibət öyrənib.
“Avtomobil.az” saytının redaktoru Seymur Yunusov bildirib ki, Bakıda Jeep-lərin çox olmasının əsas səbəbi yanacağın ucuz olmasıdır. Ekspertin sözlərinə görə, Avropa ilə müqayisədə bizim ölkədə yanacaq birmənalı şəkildə ucuzdur:
“Avropada yanacağın orta qiyməti 1.5 avrodur. Ən baha yanacaq, neft ölkəsi olan Norveçədə 2, Türkiyədə isə 1.9 avroya satılır. Avropa ilə müqayisədə bizim ölkədə yanacaq 3-4 dəfə ucuzdur. Bu baxımdan bizim vətəndaşlar iri qabaritli və motorlu maşınlar alırlar. Digər səbəb bizdə duracaq qiymətlərinin olduqca ucuz olması və yaxud da heç olmamasıdır. Avropada bizim ölkədə olduğu kimi, harda gəldi maşın saxlamaq mümkün deyil. Həm də orada bizdə olduğu kimi, 20 qəpik yığan qeyri-qanuni insanlar yoxdur. Dünyada ən bahalı dayanacaq Norveçin paytaxtı Oslo şəhərindədir - 1 günü 67 avro. Çikaqoda isə 40 avrodur. Orada belə bir sistem tətbiq edirlər ki, motor gücü daha çox olan maşınlar daha artıq duracaq qiyməti ödəyirlər. İnsanlar da böyük xərc çəkməsinlər deyə, motor gücü daha az olan maşınlar alırlar. Orada insanlar kiçik maşınlar alırlar ki, artıq pul ödəməsinlər. Bizdə belə maşınlara tələbat isə Azərbaycan vətəndaşının avropalı kimi özündə məsuliyyət hiss etməməsindən irəli gəlir”.
S.Yunusov Azərbaycanda ekoloji standartların da Avropaya nisbətən sərt olmadığını deyib.
“Avropada ekoloji standart artıq avro-5 olduğu halda, biz avqustun 1-dən avro-2 standartına keçəcəyik. Biz bunu idxalda tətbiq edirik, daxildə isə bizim heç bir avro standartımız yoxdur. Amma Avropa ölkələrinin daxilində avro standartlar mövcud olduğundan, həmin avtomobillər texniki baxış zamanı ona uyğun yoxlanılır. Bizdə texniki baxışdan keçirəndə, avtomobil sahibi motor gücünə görə texniki baxış haqqında yol vergisini ödəyir. Amma bütün Avropa ölkələrində texniki baxışdan keçən avtomobillər onların atmosferə atdığı tullantı və maddələrin zərərinin həcminə görə baxışdan keçirlər. Bizdə də tezliklə bu məsələyə baxılmalıdır. İspaniya, İngiltərə, Almaniya kimi ölkələrdə baxırlar ki, maşının atmosferə verdiyi ziyan daha çoxdur və onun sahibi daha çox texniki baxış haqqı ödəyir. Bizim ölkədə də gələcəkdə motor gücünə görə texniki baxış aradan qaldırılmalıdır. Avropada daha çox maariflənirlər. Bizdə isə bu istiqamətdə maarifçilik aşağıdır”.
Ekspert digər tərəfdən “Cip” markalı maşınları ölkədə özünü göstərməyin, lovğalanmağın rəmzi kimi sayanların da olduğunu bildirib:
“Bizim cəmiyyətdə bəziləri belə deyirlər ki, “kişinin maşını böyük olmalıdır”. Bizdə bu baxımdan nəqliyyat vasitələri kişi və qadın cinsinə görə bölünüb. Cəmiyyətdə belə bir yanaşma mövcuddur. Bizdə deyirlər ki, “sənin ailən böyüyüb, gedib maşını dəyiş və böyük maşın al”. Avropada isə həyat yoldaşının, qızın, oğulun ayrıca maşını var. Onlarda böyük maşını almağa elə bir ehtiyac yoxdur. Bizdə isə ata böyük maşın alır ki, bütün qohumları onun içinə yığıb daşısın. Bu da təsir göstərir ki, iri qabaritli maşınların sayına”.
Anar Kəlbiyev