Modern.az

“O nazirlər Bakıya yırtıq şalvarla gəlmişdilər” - İTTİHAM

“O nazirlər Bakıya yırtıq şalvarla gəlmişdilər” - İTTİHAM

12 İyul 2012, 15:34

Kinorejissor Əbdül Mahmudovu hiddətləndirən kimlərdir?

Tanınmış kinorejissor Əbdül Mahmudov son zamanlar üzləşdiyi problemlərin bəzi məmurlar tərəfindən bilərəkdən həll edilmədiyini vurğulayaraq, özünə qarşı belə laqeyd münasibətdən hiddətləndiyini bildirib. O, məmurlar barəsində sərt ittihamlar da səsləndirib.

Ə.Mahmudov Modern.az-a açıqlamasında bildirib ki, onun Bakının “Beşmərtəbə” adlanan ərazidə vaxtilə yaşadığı mənzil İcra hakimiyyəti tərəfindən aparılan tikinti-söküntü işlərindən sonra yararsız vəziyyətə düşüb, amma heç kim bu məsələdə kömək əlini uzatmır. “Mən Azərbaycan hakimiyyətini, ölkə başçımızı dəstəkləyən insanlardanam. Bir neçə vaxtdır ki, yaşadığımız ərazini söküb-tökərək guya, abadlıq işləri aparırlar. Hər tərəfi uçurub-dağıdıblar. İnanın ki, evimiz yaşayış üçün normal vəziyyətdə deyil. Divarlar qəzalı vəziyyətdədir. Bu isti havada evdə tozun-torpağın içində dayanmaq mümkün deyil. Dəfələrlə gedib aidiyyatı qurumlara müraciət etsəm də, məni bir ağsaqqal kimi dinləyən yoxdur. Mən yaradıcı insanam. Axı belə şəraitdə necə işləyim? Kimin yanına gedirsən, başından eləyir. Hər kəs öz cibini fikirləşir. İnsanları düşünən, onların qayğısına qalan yoxdur. Axı biz də insanıq, heç olmasa bizi oradan bir yataqxanaya da olsa, köçürsünlər, buna da  razıyam”.

Ə.Mahmudov deyir ki, aidiyyatı qurumların rəhbərləri onun müraciətlərini vecinə almırlar.

”Mən də bu xalqın ağsaqqalıyam, xalqım üçün çalışıram. Onu dərk eləmək lazımdir ki, heç kim bu dünyada tutub durmayacaq. Özü də hamısı savadsız, bisavad məmurlar oturublar vəzifə başında. Onlarmı insanlara kömək edəcəklər? Gəlib onları imtahan etsinlər, əgər onların savadları, intellektual səviyyələri varsa, Azərbaycan dilinin qramatikasından zərrə qədər də olsa anlayışları varsa, məni edam eləsinlər. Bu qədər özbaşınalıq yetər”, -deyə Ə.Mahmudov bildirib.

Bəzi məmurların özbaşınalıqlarından cana gəldiyini deyən müsahibimiz onları dövləti talamaqda, öz şəxsi maraqlarını hər şeydən üstün tutmaqda günahlandırıb. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində ən bahalı villalar məhz azərbaycanlı oliqarxlara məxsusdur.

“Azərbaycan rəhbərliyi düzgün siyasət qurub. Ancaq daxildəki nəfsgir, şərəfsiz məmurlar bu işləri korlayırlar. Prezident gözəl insandır, uğurlu siyasət həyata keçirir. Bəzi rüşvətxor, talançı məmur öz çirkin niyyətlərindən, alçaq əməllərindən əl çəkmək istəmirlər. Prezident təkbaşına neynəməlidir ki? Hansı ölkəyə gedirsən, deyirlər sizin flan nazirin burada villası, obyekti var. Bunlar bu pulları haradan alırlar? Mən onların 90 faizini tanıyıram. Onlar Bakıya yırtıq şalvarda gəlmişdilər. İndi o günləri yadlarına salmırlar.
Vəzifə tutandan sonra insanların problemləri əvəzinə öz maraqlarını güdürlər. Dövlət bu adamlara pul verir, səlahiyyət verir ki, insanların problemlərini həll etsinlər, amma onların qəbuluna belə, düşmək olmur. Bu nə olan şeydir ki...

Gərək insanın özü təmiz olsun ki, başqalarını da fikirləşəsən. İnsan vəzifə də tuta bilər, iş də qura bilər, lakin əsas odur ki, kişi olmaq lazımdır. Bu vətən hamımızındır. İnsanın cibi, nəfsi nə qədər geniş olar ki? Bilmək lazımdırdir ki, heç kim bu dünyadan o dünyaya var-dövlət apara bilməyəcək”.

Anar RÜSTƏMOV
Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?