Modern.az

Bahar Muradova müxalifətin vahid namizəd məsələsindən danışdı

Bahar Muradova müxalifətin vahid namizəd məsələsindən danışdı

13 İyul 2012, 15:11

Vitse-spiker : “İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət və Rəsul Quliyev ətrafında müzakirələrin açılmasının tərəfdarı deyiləm”

“Konkret olaraq bu şəxslər - İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət və Əli Kərimli ətrafında fikirlərin səslənməsinin və müzakirələrin aparılmasının tərəfdarı deyiləm. Ona görə ki, mövcud ictimai-siyasi mühitə, siyasi reallıqlara, elektoratın mövqeyinə hansısa bir təsiri olmayan şəxslər ətrafında bu yöndə diskussiyalar aparmaq məqsədəuyğun və məntiqi görünmür”.
Modern.az xəbər verir ki, bu fikirləri hakim partiyadan olan millət vəkili, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Müsavat Partiyasından İsa Qəmbərin, AXCP-dən Əli Kərimlinin, ALP-dən Lalə Şövkətin, ACP-dən isə Rəsul Quliyevin qarşıdan gələn 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi kimi təqdim olunmasına münasibətini bildirərkən deyib.
Vitse-spikerin dediyinə görə, çox zaman cəmiyyət süni olaraq bu şəxslər barədə düşünməyə yönəldilir ki, bu da düzdün deyil. B.Muradova iddia edib ki, yekcins, vahid mövqeli olmayan müxalif düşərgənin “vahid namizəd” axtarışı və onun da müsbət nəticələnəcəyinə ümid çox azdır:
“Onlar özləri də bilirlər ki, çox perspektivsiz bir işlə məşğuldurlar. Bu, yəqin ki, alınmayacaq. Alınıb-alınmayacağı da sözün düzü, məni bir o qədər düşündürmür. Çünki bu düşərgə, onun elektoratı o qədər məhdud saydadır ki, onların bir və ya çox namizədin ətrafında birləşməsinin özü də bu məsələni həll etmir, o cümlədən, ictimai-siyasi mühitə, seçicilərin mövqeyinə, onların özünüifadə zamanı verəcəkləri qərara hansısa təsir göstərmir. Ona görə də bu məsələ ilə bağlı bu qədər böyük diskussiyaların açılması süni şəkildə bu şəxsləri gündəmə gətirməkdən başqa bir şey deyil”.

Vitse-spiker eyni zamanda bildirib ki, heç onların gündəmə gəlməsi də onu nə qorxudur, nə təşvişə salır: “Çünki bu olmasa, başqa bir məsələni tapıb, onun ətrafında bu adamlar özlərini hər zaman göstərməyə çalışırlar. Amma daha yaxşı olardı ki, real, həqiqətən insanların tələblərinə, fikirlərinə, onların mövqelərinə uyğun gələ biləcək şəxslər barəsində fikir mübadiləsi aparılsın, əgər belələri də varsa. Belələri varsa, meydanlara çıxsınlar və insanlar da öz mövqeyini bildirsinlər. Yoxsa, süni şəkildə bütün mətbuat orqanları öz ruporlarını bu şəxslər ətrafında müzakirəyə yönəltdikcə, digərlərinin meydana çıxması imkanları məhdudlaşır və biz süni şəkildə insanların şüuruna, fikirlərinə bu şəxsləri bir növ yeridirik. Ona görə mən bu yöndə diskussiyaların açılmasının tərəfdarı deyiləm. Kim nə istəyir, etsin, qanun çərçivəsində fəaliyyətini göstərsin. İstəyir, birləşsin, istəyir, ayrılsın, istəyir, parçalansın, yəni, bu, onların öz işidir. Ən əsası odur ki, seçkidə iştirak edəcək namizədlər zamanın və seçicilərin fikirlərinin nəbzini tuta bilsinlər”.

B. Muradovanın bildirdiyinə görə, seçicilərin nəbzini tuta bilənlər uğur qazanacaq, tuta bilməyənlər isə bu günkü məhdud çərçivədə fəaliyyət göstərən bir neçə şəxsin əldə etdiyi uğursuzluğun davamını gözləyirlər və ya gözləyəcəklər:
“Bu, lazımsız, məqsədə və nəticəyə yönəlməyən müzakirələr, diskussiyalar əslində söz oyunundan başqa bir şey olmayıb, özləri-özlərini aldatması ilə nəticələnir. Biz hər zaman bunu görmüşük”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?