Modern.az

İranı iraq eləyək?

İranı iraq eləyək?

13 İyul 2012, 18:30

İranla Azərbaycan münasibətləri müstəqilliyimizin ilk illərindən gərgindir. Tehran ölkə əhalisinin 60 faizinin azərbaycanlı olmasından və şimalda bu xalqın dövlətinin varlığından dolayı fars dövləti üçün təhlükə duyur və əndişələnir.

Bu səbəbdən, İran dövləti ölkəmizi təzyiq altında saxlamağa çalışır. Nəticədə, cənub qonşumuz mehriban düşmən statusuna yiyələnib. Ədalət naminə qeyd etməliyik ki, burada İranın bir dövlət olaraq özünümüdafiə refleksi ilə yanaşı, bizim bəzi siyasətçilərin və millətçilərin də mühüm rolu olub.

Düzdür, İran 35 milyon azərbaycanlı faktoru narahat edir, hansı ki, bu daxili bombanın fitilinin şimalda olması şübhəsizdir. Üstəlik, şimal sərhədlərində İranın düşmənləri ilə strateji tərəfdaşlıq qurmağa çalışan bir dövlətin varlığı farsları əndişələndirir. Məhz bu üzdən, molla rejimi bura radikal din ixrac edir, şəriət qanunları ilə idarə olunan cəmiyyət qurulmasına çalışır, Ermənistana fəal yardımlar edir və s.

Qonşu ölkələr arasında 2-ci güclü dövlət olan İranla düşmənçilik bizim dövlətçilik maraqlarımıza cavab vermir. Yaxşı, bəs bizim İranla münasibətləri yaxşılaşdırmaq üçün imkanlarımız olmayıbmı, ya da heç olmasa gərginləşdirməmək üçün? Təbii ki olub. Lakin, islam respublikası nə qədər şər xislətli olsa da, biz onu qıcıqlandırmayaraq özümüzə düşmən etməyə bilərdik. Bunu edə bilmədiyimizə görə müharibəni Ermənistana uduzduq.

HAŞİYƏ: Ermənistanın keçmiş prezidenti 1993-cü ildə parlamentdə çıxışında İranın əhəmiyyətini belə ifadə etmişdi- Əgər İran cəmi 3 gün yardımlarını dayandırsa, Ermənistan müharibəni uduzar və məhv olar. Ermənilər burada da bizdən ağıllı çıxdılar və müharibəni uddular.

İran SSRİ-nin dağılmasından həm sevinmiş, həm də kədərlənmişdi. Kədərlənmişdi ona görə ki, Sovet İttifaqı İranın düşməni ABŞ-Britaniya-İsrail triosu qarşısında onu himayə edən yeganə superdövlət idi ki, onun dağılması ilə İran sanki yetim qaldı. Qərb koalisiyası İranı getdikcə daha çox sıxışdırmağa başladı.

Sevinmişdi, ona görə ki, fars rejimi əhalisinin çox böyük əksəriyyətinin şiə olduğu şimali Azərbaycanı da öz tərkibinə qatmaq üçün şans yaranacağına ümid edirdi. Hansı ki, min illər boyu bu ərazilər gah farsların, gah türklərin hakimiyyətdə olduğu eyni dövlətlərin tərkibində olmuş və burada yaşayan xalqlar ortaq tarixə, mədəniyyətə, dinə və sair dəyərlərə sahibdirlər.

Hətta, Musavat dövründə Azərbaycanın müstəqilliyini de-yure tanıyan yeganə dövlət olan İranın əsas məqsədi Şimali Azərbaycanı ingilis işğalından qurtarmaq və bir az sonra bu zəif şiə ölkəsini öz ərazisinə qatmaqdan ibarət idi.

Türkiyənin isə əksinə, AXC-ni tanımamaqda məqsədi Azərbaycanı öz ərazisi hesab etməsi və imkan düşən kimi bu torpaqları öz ərazisinə qatmaq xəyalları ilə bağlı idi. Türk hərbçiləri Bakıya daxil olan kimi, “Osmanlı tarixi ərazilərini bərpa etdi” deyirdilər, amma cəmi bir neçə ay sonra “öz tarixi torpaqlarını” öz müstəmləkələri kimi Britaniyaya satdılar (Mudros müqaviləsi, 11 və 15- ci maddələrə bax).

Lakin, 1920-ci ildə Azərbaycanda baş verən Aprel Sosialist İnqilabı həm farsların, həm ingilislərin, həm də Azərbaycandan daha çox torpaq qoparmaq arzusunda olan ermənilərin istəklərini dəfn etdi. Nərimanovun rəhbərliyi ilə yaradılan müstəqil Azərbaycan Sosialist Respiblikası öz sərhədləri çərçivəsində tarixdə ilk dəfə olaraq 1921-ci ildə dünya birliyi tərəfindən de-yure tanındı.

Sonralar- II Dünya Müharibəsi gedişində şimali və cənubi Azərbaycanın birləşməsi üçün real imkan yaranmışdı. Stalin başda olmaqla Sovet rəhbərliyi buna çalışırdı. Lakin, Britaniya, ABŞ və Türkiyə hər vəchlə buna mane olmağa cəhd edirdilər.

Şərq sərhəddində böyük Azərbaycan dövlətinin yaranması Ankaranı narahat edirdi, özü də bunun sosialist dövlətin olacağından rəncidə olmuşdular. Məhz buna görə, Türkiyə bu birləşmənin qarşısını almaq üçün əlindən gələn hər şeyi etdi, ABŞ-ı buna mane olmağa təhrik etməyə başladı. SSRİ rəhbərliyindəki və xaricdəki ermənilər də eyni işlə məşğul idi.

Müharibədə qalib gələrək dünyanın ən qüdrətli hakim dövlətinə çevrilmiş Sovet İttifaqına qarşı bu addımı ata bilməyən ABŞ 1945-də atom bombasını kəşf edəndən sonra həmin dövrdə ilk dəfə olaraq bu silahla SSRİ-ni şantaj edib birləşmənin qarşısını aldı.

Sovet qoşunlarının İrandan çıxarlması Mir Cəfər Bağırova güclü zərbə oldu. O bütün imkanlarını, fəaliyyətini buna istiqamətləndirmiş, tarixi şansdan yararlanmaq üçün mübarizə aparmışdı. Bağırov Stalini inandırmağa çalışırdı ki, birləşmə üçün hər şey hazırdır, güzəştə getmək olmaz, lakin tarix nüvə silahını ilk dəfə ABŞ-a “bağışlamaqla” birləşmənin qarşısını aldı.

Sonrakı dövrdə Güney mövzusu siyasi olmasa da, mədəni və ədəbi sahələrdə davam etdirildi. Lakin, artıq dünya dövlətləri formalaşmış, sərhədlərin dəyişməzliyi qəbul edilmiş, regionun ətraf ölkələri ABŞ-ın təsirinə keçdiyindən, SSRİ də İranla müttəfiq olmuşdu.

1979-cu ildə İran neftini rüsvayçı pay bölgüsü ilə talayıb Avropaya daşıyan ingilis və amerikanların ölkədən qovulması ilə nəticələnən İslam İnqilabı da SSRİ-nin fəal yardımı ilə gerçəkləşdi. Yeri gəlmişkən, yağlı tikənin əlindən çıxmasını BP və onun arxasındakı qüvvələr hələ də həzm edə bilmirlər.

İrana təzyiqlərin əhəmiyyətli səbəblərindən biri də bu dövlətin nüvə silahı əldə edə bilməsinə mane olmaqla BP-nin nə zamansa oraya qayıdıb körfəz neftini Qərbə daşımasına və trilyonlar qazanmasına şərait yaratmaqdan ibarətdir.

İttifaqın dağılması ilə tam müstəqilliyilini əldə etmiş Azərbaycanda bu məsələ ocağa benzin tökülməsi halındakı kimi birdən qızışdı. Qarabağ uğrunda müharibəni uduzan, iqtisadiyyatı darmadağın olan, güclü dövlət aparatı hələ qurulmamış zəif və kiçik bir dövlət İran boyda əjdahaya meydan oxumağa girişdi.

Orta və yaşlı nəsil 90-ların əvvəlində AXC liderlərinin və prezident Elçibəyin bəyanatlarını canlı eşidib, gənclər isə qəzet- kitablarda oxuyurlar. Kiçik və zəif bir respublikanın dünyanın güclü dövlətlərindən sayılan İrana qarşı belə sərt mövqedə- konkret olaraq ərazi iddialarında və ittihamlarda bulunması heç də rasional yanaşma deyildi və diletant siyasi xətt sayılırdı.

Qısası, biz 90-ların əvvəlindən başlayaraq İranı öz tərəfimizə çəkmək əvəzinə özümüzə düşmən etdik və qıcıqlanan İranın fəal yardımları Ermənistana müharibəni udmaqda çox kömək etdi, hətta bəzi məlumatlara görə həlledici roy oynadı.

1993-ci ildə Azərbaycanda hakimiyyətə gələn böyük siyasətçi Heydər Əliyev münasibətləri düzəltməyə xeyli səylər göstərsə də, ciddi nəticə hasil olmadı- ox yaydan çıxmış, soyuqlaşma yaranmışdı. Bu soyuq müharibə 20 ildir davam edir.

Bu günlərdə isə iki dövlət arasında münasibətlər daha da gərginləşib, qarşılıqlı ittihamlar, bəzi nümayişkəranə addımlar vəziyyətin arzuolunan olmadığını göstərir. Mollaların qıcıqlanmasında cinsi azlıqların müsabiqəsi kimi yaranmış “Avroviziya”nın Bakıda keçirilməsi və paralel olaraq “gey-paradın keçiriləcəyi haqda məlumatlardan daha çox ETTELAT agentlərinin həbs olunması, NATO ilə əməkdaşlığın güclənməsi, İsrail ilə münasibətlərin istiləşməsi kimi faktorlar daha çox rol oynadı.

Amma məsələ təkcə bunlardan ibarət deyil. Diqqətlə analiz edərkən məlum olur ki, tarixən şiə ölkəsi olan və əhalisinin azı 80 faizinin şiələrin təşkil etdiyi Azərbaycanda Türkiyənin və Səudiyyənin təsiri ilə sünnilərin say nisbətinin artması və şiələrin cəmiyyətdə təsir gücünün azalması da böyük roy oynayıb.

Təbii özünümüdafiə kontestindən baxsaq, həm İranda əhalinin əksəriyyətini təşkil edən 40 milyon azərbaycanlı rıçaqına, həm də Qərb dövlətləri ilə tərəfdaşlığa malik Azərbaycan kimi dünyəvi dövlətin mövcudluğu fars dövlətçiliyi üçün rükslidir. Yəni, kənardan obyektiv şəkildə analiz etsək, Tehranın narazılığı anlaşılandır. Lakin, bu narazılıq qonşu dövlətin daxili işlərinə burnunu soxma həddinə gəlib çıxmalı deyil.

ETTELAT agentlərinin azad edilməsi üçün İrana səfər edən şair və yazıçıların əsassız həbs olunması və onlarla dəyişdirilməsi cəhdləri göstərir ki, Tehran başını itirib. Şimal qonşunun itirilməsi ilə barışa bilməyən molla rejimi hər tərəfdən mühasirəyə salınmasının fərqindədir.

Azərbaycan hakimiyyəti ən yüksək səviyyələrdə belə İrana qarşı cəbhədə yer almayacağını, cənub qonşusunun zərərinə olan heç bir addım atmayacığını bəyan edib. Prezident İlham Əliyev bunu o qədər açıq bəyan etdi ki, bundan artığı mümkün deyildi. Lakin, görünür ki, bu da molla rejimini qane etməyib.

Yaxşı, bəs Bakı daha nə etməlidir- ABŞ-İsrail cutluyu ilə İran arasında getdikcə gərginləşən situasiyada hansı mövqe tutmalıdır? Fikrimizcə, elə indiyədək elan olunan mövqedə qalınmalıdır.

İranla Azərbaycanı ayıran dəyərlərdən, birləşdirən dəyərlər daha çoxdur. Bu düşmənçilik bizə sərf eləmir, ona görə yox ki, İran böyük hərbi qüdrətə, iqtisadi gücə və s imkanlara malikdir. Ona görə ki, bizim düşmənimiz onsuz da kifayət qədər çoxdur, onların sayını azaltmağa ehtiyac var.

İranın bombalanmasını arzulayan millətçilər anlamalıdırlar ki, bundan bizim orda yaşayan soydaşlarımız böyük zərər görəcək, milyonlarla insanın bura gəlməsi Azərbaycanda sosial-iqtisadi problemləri vəziyyəti kritik həddə çatdıracaq və s. (İraqa təcavüzü və bundan sonra ordakı soydaşlarımızın (türkmənlərin) nə qədər böyük fəlakətə düçar olmalarını xatırlamaq kifayətdir).

Hərbi təcavüzün nəticəsi olaraq İranın parçalanması və cənubi Azərbaycanın bizimlə birləşməsi isə şirin yuxudan başqa bir şey ola bilməz. Əvvəla, ABŞ və Avropa İranda 35-40 milyon azərbaycanlını həmişə gözardı edir, onlara “stavka” etmir, amma 5-10 milyon kürdü dəstəkləyir.

Digər tərəfdən isə, indiyədək açıqlanan plan və xəritələrdə İranın parçalanması zamanı onun yerində 3 dövlətin yaranacağı göstərilir ki, təəccüblü də olsa, onların da arasında Azərbaycan adlı, azərbaycanlılara tabe olanı yoxdur.

Nə qədər ki, ABŞ, Britaniya, Rusiya var- cənubi Azərbaycanın bizimlə birləşməsinə imkan verilməyəcək. İstəsək də, istəməsək də reallıq budur- biz yalnız bu dövlətlərin “cəsədləri üzərindən keçib” birləşə bilərik.

İrana qarşı amerikan-israil cəbhəsində yer almağı təklif edənlərə deyirəm ki, bunu unutmayaq! Qarabağ məsələsində Qərbin ortaya qoduğu mövqe və yanaşma hər şeyi deyir. Dünyada baş verən proseslərdən bütün hallarda türk xalqlarının, dövlətlərinin zərərlə çıxması şübhəyə yer qoymur.

SSRİ dağılandan sonra NATO-nun hədəfində müsəlman (xüsusən də şiə) coğrafiyasıdır, türk dünyasıdır. Biz də türk dövləti və müsəlman (şiə) ölkəsiyik. Üstəlik, həddən artıq strateji coğrafi məkanda və nəhənf enerji ehtiyatlarına sahib bölgədə yerləşirik. Bu 3 faktor hər hansı bir ölkəni “ələ keçirmək” arzusu üçün kifayətdir.

Biz heç də İran-Azərbaycan münasibətlərinin gərginləşməsində cənub qonşumuzun günahının az olduğunu demək istəmirik, biz sadəcə bu problemin hansı faktorlardan qaynaqlandığını və aradan qaldırmaq üçün öz tərəfimizdən nə edə biləcəyimizi dedik.

İran tərəfinin bunun üçün nə edə biləcəyini isə onlar düşünsünlər. Çünki, iki qonşu dövlətin düşmənçiliyi onların hər ikisinə zərər vurur, başqa dövlətlərə isə xeyir verir. Tarixdə heç olmasa bircə dəfə səhv etməmək üçün imkan var, əgər ağıllı hərəkət edilsə.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?