Müsavatda Putin-Medvedev tandeminə bənzər rəhbər-cütlük yarana bilər
Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı azadlığa çıxdıqdan sonra partiyanın VII qurultayının keçirilməsi və başqan seçkiləri ilə bağlı məsələlər yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Başqanlığa əsas namizədlərdən biri olan Arif Hacılının həbsdə olması Müsavat rəhbərliyinə qurultayın keçirilməsi və başqan seçkiləri ilə bağlı məsələlərin bir qədər arxa plana keçirilməsinə haqq qazandırmağa imkan verirdi. Əsas arqumentlərdən biri kimi Arif Hacılının həbsdə olmasına işarə vurulurdu. A.Hacılının azadlığa qovuşması və həbsxanada səsləndirdiyi fikirlərin davamı kimi bu məsələlərin tezliklə həll edilməsinin zəruriliyini qabartması, partiya elitasına bir daha başqan seçkiləri, qurultayla bağlı ilin əvvəlindən səslənən və hələ də açıq qalmış suallara cavab verilməsi vacibliyini xatırlatdı.
Demokratik nümunə, yoxsa səhv hesablanmış gediş?
Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Beləliklə, 2001 və 2006-cı illərdə başqan seçilmiş İsa Qəmbər bu dəfə Müsavat başqanı seçilə bilməz. Əgər Nizamnamədə yenidən dəyişiklik edilməsə...
Hələ 9 il əvvəl Müsavat bu addımı atanda birmənalı qarşılanmamışdı. Bir tərəfdən bu doğurdan da Azərbaycan siyası tarixində əhəmiyyətli presedent yarada biləcək, partiyadaxili demokratiyaya təkan verəcək, Müsavatı müsbət baxımdan fərqləndirəcək cəsarətli addım kimi qiymətləndirildi. İfrat praqmatizmi, partiyadaxili şəxsiyyətə pərəstiş kultunun hakim olması ilə seçilən Azərbaycan siyası partiyalarında könüllü olaraq bu addımın atılması doğurdan da novator və əsl demokratik təşəbbüs idi. Buna baxmayaraq, Azərbaycan reallığında partiya sədri postunun, titulunun bir adamın boyuna ölçülməsi ənənələrinin az qala ehkamlaşdığı bir mühitdə bir çoxları yaxın gələcəyi hesablamadan, partiyadaxili proseslərə hansı formada təsir edəcəyini ciddi şəkildə götür-qoy etmədən atılan addım, səhv gediş kimi qiymətləndirdilər. Hazırda Müsavatda bu məsələ ilə bağlı tərəddüdləri, İ.Qəmbərin yenidən başqan seçilməsi üçün səsləndirilən variantları arqument kimi göstərənlər ikinci mövqede duranların haqlı olduğunu söyləməkdən zövq alırlar. Ola bilsin ki, hətta bu ideyanın ən qatı tərəfdarları belə məyus olublar. Lakin, demokratik nümunə, yoxsa hesablanmamış gediş kimi qiymətləndirilməsindən asılı olmayaraq, bu addımı demokratik dəyərlər baxımından yüksək qiymətləndirməmək mümkün deyil. Fərqi yoxdur, 9 il əvvəl İ.Qəmbər səhv edib, bəlkə də tələsib, yaxud düzgün, əhəmiyyətli bir qərar verib. Əsas məsələ indi bu niyyətin reallaşıb-reallaşmayacağıdı...
İsa Qəmbər necə qalacaq?
Artıq İ.Qəmbər namizəd olmayacağını bəyan edib. Buna baxmayaraq onun başqan postunda qalmasında israr edən müsavatçılar da az deyil. Yuxarıda qeyd etdik ki, Müsavatın atdığı addım bütün mənalarda fakt kimi demokratiyanın inkişafına xidmət edir. İ.Qəmərin sonda verəcəyi qərar 9 il əvvəlki addımın hansı motivlərlə atıldığına da aydınlıq gətirəcək.
Şübhəsiz ki, İ.Qəmbər qalacaq, həm Müsavatda, həm siyasətdə, həm də tarixdə. Böyük ehtimalla indi Müsavat başqanı və yaxın çevrəsi məhz onun həm Müsavatda, həm siyasətdə, həm də tarixdə tələsən, səhv qərar verən lider kimi qalmaması üçün variantlar üzərində baş sındırırlar. Bu heç də asan məsələ deyil və belə görünür ki, hələ optimal varint tapılmayıb. Qurultayın keçirilməsi də buna görə ləngidilir.
İ.Qəmbərin başqan qalması, yaxud başqan seçkilərinin sonraya saxlanılması üçün müxtəlif variantlar səsləndirilir. Hələ ki bu variantlardan hər hansının seçilməsi, yaxud Müsavat başqanın bunlarla bağlı qərar verməsi barədə işarələr, məlumatlar, anonslar yoxdur. Bir çox ssenarilər arasından başqan seçkilərinin sonraya saxlanılması daha cazibəli görünür. Bu variant məlum məhdudiyyəti Nizamnamədən götürmədən onu adlamağa imkan verir. Belə addımı əsaslandırmaq İ.Qəmbər üçün də çətin olmaz. Kifayət qədər arqument də tapmaq mümkündür. Lakin istənilən halda opponent və rəqiblər ən yumşaq halda 9 il əvvəli yada salaraq onun səhv etdiyini, tələsdiyini car çəkəcəklər. Sərt ittihamlardan da qaçmaq mümkün olmayacaq. Bu ittihamların məzmunun necə olacağı isə hər kəsə indidən bəllidir. Bu addım məğlubiyyətə bərabər qələbə kimi qiymətləndirilə bilər.
Digər variant isə onun Nizamnamə tələbinə əməl edərək başqan seçilməməsidir. Bu İ.Qəmbərin ən azı tarixdə yaxşı işıqda qalması üçün ən optimal seçimdir. Müsavatda qalmaq üçün isə böyük ehtimalla fəxri başqanlıq postu yaratmaq lazım gələcək. İ.Qəmbər ən azı 4 il bu statusda qalmalı olacaq.
Bu variantın da öz riskləri var, başqanın kim olacağından, onun necə davranacağından çox şey asılıdır. İ.Qəmbərin partiyanı əvvəlki kimi yönəltməsi üçün seçiləcək başqan da bunu istəməli, yaxud ən azı buna mane olmamalıdır. Azərbaycan reallığı və Azərbaycan siyasətində isə buna ümid olduqca azdır....
Müsavatda da “Kreml tandemi” yarana bilər
Müsavatdakı vəziyyətə yaxından bələd olanlarla söhbətlərdə bu məsələlərlə bağlı bir çox suallarımız cavabsız qalsa da, hamı birmənalı şəkildə bildirir ki, İsa Qəmbərin istəmədiyi namizəd başqan seçilə bilməz. Bu fikirlərlə razılaşmamaq çətindir. Əgər İsa Qəmbər yuxarıda qeyd etdiyimiz kimi, ikinci variantı seçsə, kimi dəstəkləyə bilər?
Şübhəsiz ki, bu zaman əsas diqqət seçiləcək namizədin sözəbaxanlığına yönəldiləcək. İ.Qəmbər üçün ən optimal variant onun fəxri başqanlığı, yaxud hər hansı başqa formada partiyaya de-fakto rəhbərlik etməsini təbii sayacaq namizədin başqan seçilməsi olardı. Bu zaman Müsavatda Putin-Medvedev tandeminə bənzər rəhbər-cütlük yarana bilər. Məlum səbəblərdən bu variant publik müzakirə olunmur və gündəliyə çıxarılmır. Ən azı Arıf Hacılı amilinə görə. Arif Hacılı bu varinat üçün yararlı namizəd deyil və özü də açıq şəkildə mövqeyini ortaya qoyaraq buna işarə vurur.
Bununla belə, A.Hacılının da başqan seçiləcəyi hələ dəqiqləşməyib və İ.Qəmbər bu mövzuda da sükutunu qoruyur. Bu baxımdan onun seçiləcəyinə inam da əvvəlki qədər güclü deyil. Son zamanlar isə onun seçilməsini istəməyənlər fəallaşıblar. Qurultayın ləngidilməsi və bunlar əslində arifə bir işarədir... Arif Hacılı isə hələ ki, bu işarələri qulaqardına vurur.
Z.İbrahimli