Modern.az

Milli Məclis rəsmisi: “İcazəsiz tikililərə amnistiya verilməlidir”

Milli Məclis rəsmisi: “İcazəsiz tikililərə amnistiya verilməlidir”

17 İyul 2012, 14:42

İcazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır. Modern.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Aparat rəhbərinin sözlərinə görə, hazırlanacaq sənəddə qanunsuz tikililərə ayrıca yanaşmalar olacaq:

“Bu tikililər hansısa dövlət orqanından və ya bələdiyyədən icazə alınıb tikilmiş evlərdir. Ancaq bunlar qanuni icazələr deyil. Bir var qanunsuz tikililər, biri də var ki, müvafiq təhlükəsizliyə cavab verməyən tikililər. Biz Şəhərsalma və Tikinti Məcəlləsi müzakirə olunarkən bu məsələnin orada öz əksini tapmasını nəzərdə tuturduq, ancaq sonradan gördük ki, el arasında deyildiyi kimi, qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı məsələ bu Məcəllənin predmeti deyil. Ona görə, biz bu yöndə ayrı qanun layihəsinin hazırlanmasını nəzərdə tuturuq. Biz bu barədə yaxşı qanun hazırlamalıyıq. Ümumi fikir ondan ibarətdir ki, maksimum insanlara kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir. Onu da qeyd edim ki, bu məsələ bir o qədər də asan deyil”. 

Modern.az xatırladır ki, bi müddət öncə - iyunun 26-da Prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədri olduğu komissiyaya əsasən nazirlər və digər dövlət orqanlarının rəhbərləri daxildir.

Komissiya göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?