Modern.az

İlan sancması əleyhinə zərdabımız niyə çatmır?

İlan sancması əleyhinə zərdabımız niyə çatmır?

17 İyul 2012, 16:42

Səbəbkar özbəklər imiş – istehsalı dayandırıblar

Bu il ölkəmizdə ilan sancmalardan ölənlərin sayı ötən illərlə müqayisədə çox ola bilər. Səbəb isə ilan sancmaya qarşı ən təsirli vasitələrdən zərdabın qıt olmasıdır.

Qeyd edək ki, ilan və əqrəb sancan adama ilk yardım kimi zərdab vurulmalıdır və daha sonra həkim nəzarətinə götürülməlidir. Ancaq təəssüflər ki, rayonlarda zərdab qıtlığı olduğundan rayonlarda ilan sancmaları Bakıya gətirilməli olur.

Ötən həftə Şəkinin Kiçik Dəhnə kənd sakini, 17 yaşlı Elməddin Haqverdiyev ilan sancması nəticəsində ölüb. Yayılan məlumatlara görə, gənc ilan sancması ilə xəstəxanaya yerləşdirilib. Amma xəstəxanada gürzə əleyhinə zərdab olmadığından yardım üçün Mingəçevir xəstəxanasına müraciət edilib. Həmin şəhərdən Şəkiyə zərdab gələn müddətə xəstənin vəziyyəti daha da pisləşib. Bakı şəhəri Toksikologiya Mərkəzinə gətirilən xəstə həmin gecə keçinib.

Rayon apteklərində və xəstəxanalarda zərdab çatışmazlığı nəticəsində  bu yay bir nəfər ilan sancması səbəbindən dünyasını dəyişib. Mütəxəssislər hesab edir ki, əgər zərdab apteklərdə satılsa yay aylarında ilan sancmadan ölmə halları minimum səviyyəyə enər. Bəs belə olan halda apteklərə niyə zərdab verilmir? Ümumiyyətlə ölkəmizdə zərdab çatışmazlığı nə ilə əlaqədardır?

Qeyd edək ki, bu ilin aprelindən etibarən Azərbaycanda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə 107 ilan sancması və 21 əqrəb sancması ilə müraciət daxil olub.

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, müraciət edənlər xəstəxanaya yerləşdirilib və vəziyyətləri yaxşılaşdıqdan sonra evə buraxılıblar. Rayonlar arasında ilan sancmaları daha çox Siyəzən rayonunda qeydə alınıb. Bu rayondan 7 nəfəri ilan sancıb. Gəncə, Şəki, Bərdə, Ucar, Yevlax rayonlarından isə bir-iki müraciət olub.   

A. Maqsudov bu il ilan sancması nəticəsində bir ölüm halının baş verdiyini də bildirib. Şöbə müdiri deyib ki, 18 yaşlı Şəki sakini gürzə ilanın sancması nəticəsində dünyasını dəyişib. A. Maqsudovun sözlərinə görə, hazırda xəstəxanada 3 xəstə var və onlardan ikisinin vəziyyəti ağır, birininki isə orta-ağırdır. A. Maqsudov ilan sancmalarından qorunmaq üçün əhaliyə müraciət də edib: “Kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatlı olmaq, mümkünsə rezin çəkmə və əlcəklərdən istifadə etmək lazımdır. Təbiət qoynunda istirahət edənlər də ayıq-sayıq olmalıdır. İlan yuvaları əsasən, sakit yerlərdə olur, ağacların altına, kolların aralarına diqqətlə baxmaq, meşə və çəmənliklərdə ehtiyatlı olmaq lazımdır. İlan sancması baş verən zaman vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir”. 

Şöbə müdiri bildirdi ki, ilin əvvəlində zərdab çatışmazlığı məsələsini gündəmə gətirdik. Bizim reaksiyamızdan sonra məsələ həllini tapdı. Apteklərə bu zərdabların verilmədiyini etiraf edən şöbə müdiri zəhər əleyhinə zərdabların Klinikalara, həkim briqadalarına verildiyini söylədi. A. Maqsudov onu da qeyd etdi ki, zərdablar rayon əhalisinin sayına görə verilir.

Ümumiyyətlə zərdabın zəhər əleyhinə heç də effektli vasitə olmadığını deyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə deyir ki, bir müddət əvvələ kimi bütün region ölkələri zərdab qıtlığı yaşayırdı: “Bir müddət öncə Türkiyə, Orta Asiya və region ölkələri zəhər əleyhinə zərdabın tapılmasında problemlər yaşayırdı. Region üzrə yalnız Özbəkistan bu zərdabları istehsal edir. Bir müddət öncə həmin zavodun öz fəaliyyətini dayandırması bütün regionda zərdab qıtlığı yaratdı”.

A. Qədirlinin sözlərinə görə, artıq belə problem yaşanmır. Çünki bütün ölkələr zəhər əleyhinə zərdabı Faransa və İspaniyadan əldə edirlər.

Rayonlarda zərdab çatışmazlığına aydınlıq gətirən mətbuat xidməti onu da bildirdi ki, rayonlar dərmanları yerli büdcədən sifariş verdiklərindən bölgələrdə zərdab qıtlığı ola bilər:

“Ümumiyyətlə tək zəhər əleyhinə zərdab yox, bütün dərman vasitələri rayonlara yerli büdcə hesabına verilir. Ola bilər ki, hər hansısa rayon yerli büdcədən zərdab sifarişi verməyib. Səhiyyə Nazirliyi yalnız paytaxt üzrə təminat aparır. Qanunla rayonlar dərman vasitələrini öz hesablarına alırlar. Ona görə də orada zərdab qıtlığı yarana bilər. Ola bilər ki, onlar yerli büdcədən zərdab sifarişi verməyiblər”.

 

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?