Modern.az

Deputat qardaşı oğlunun adam öldürməsindən danışdı: “Hələ də şok içindəyəm…”

Deputat qardaşı oğlunun adam öldürməsindən danışdı: “Hələ də şok içindəyəm…”

19 İyul 2012, 16:56

İyulun 17-də Səbail rayonu ərazisindəki "1001 Gecə" istirahət mərkəzində Mirələmov Rəşad Əlirza oğlu adlı şəxs “Makarov" tipli tapancadan atəş açaraq Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunu öldürüb, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğluna isə xəsarət yetirib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirlib ki, cinayətkar artıq tutulub. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Mirələmov Rəşad Əlirza oğlu Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur. "1001 Gecə" istirahət mərkəzinin deputat H.Mirələmova məxsusdur.

Modern.az xəbər verir ki, deputat hadisəyə münasibət bildirib. “Bizim Yol”un əməkdaşı qətli törətmiş şəxsin əmisi, deputat Hüseynbala Mirələmovdan hadisə ilə bağlı açıqlama alıb. Deputat baş vermiş hadisədən şok keçirdiyini bildirib. Hüseynbala Mirələmov baş verənlərlə bağlı bunları deyib:
“Mən bu hadisədən sonra hələ də şok içindəyəm… Gecə saat 3 radələrində oğlum Fərid zəng edib mənə dedi ki, Rəşad belə bir hadisə törədib. Mən dərhal hadisə yerinə getdim, amma artıq gec idi".

H.Mirələmov bildirib ki,  hadisəyə qiyməti istintaq verəcək. "Amma qardaşım oğlu olsa da, deyim ki, o, “prestupnı mir”in (“cinayət aləmi”nin – red.) qanunları ilə yaşayır. Əvvəllər də iki dəfə məhkum edilib. Ölən də əvvəllər məhkum edilib. Aralarında problem olub. “Razborka” üçün “1001 gecə”ni seçiblər. Bu, başqa bir yer də ola blərdi. Başqa heç nə deyə bilmərəm. Hadisəyə hüquqi qiyməti istintaq verəcək”.

APA-ya açıqlamasında isə deputat belə deyib: “Gecə saat 3-də “Min bir gecə” istirahət mərkəzinin inzibatçısı mənə və oğluma zəng edib bildirdi ki, dava düşüb, buranı dağıdırlar. Biz ora gedəndə gördük ki meyiti aparıblar, ərazidə polislər var. Mən nə baş verdiyini soruşduqda dedilər ki, qardaşım oğlu Rəşad adam güllələyib”.

Qardaşı oğlunun 15 il həbs cəzası çəkdiyini deyən deputatın sözlərinə görə, bu hadisədən sonra Rəşad üçüncü dəfə həbsə düşmüş olacaq: “O, 15 il həbsxanada yatıb çıxıb. Normal adam deyil. Özü də xəstədir, dəlidir. Həbsdən çıxandan sonra dəlilik kağızı veriblər”.

H. Mirələmovun sözlərinə görə, əvvəlcə qardaşı oğlu və onun güllələdiyi şəxslər istirahət mərkəzində çay içiblər. Lakin aralarındakı söhbət konfliktlə nəticələnib və qarşı tərəf Rəşad Mirələmovu döyməyə başlayıb: “Mənə deyilənə görə, onların hamısı idmançı görkəmli uşaqlar olub. Dünən Rəşad prokurorun yanında özü də bu barədə danışdı. Dedi ki, "məndə silah vardı. Bilirdim ki, o adamlar mənimlə “razborka”ya gəliblər. Çıxarıb tapançadan atəş açmağa başladım. Birinin ürəyindən dəydi, öldü. Biri də qolundan yaralandı. Digərləri isə qaçdı". Hadisədə iştirak edənlərin əksəriyyətini tutublar. Qardaşım oğlu özü də dünən günorta radələrində prokurorluğa təslim oldu. Hadisəni detallarını istintaq aydınlaşdıracaq. Onu da deyim ki, ölən şəxs də türmədə yatan adam olub. Hamısı cinayətkar aləmin adamlarıdır”.

Deputat bundan əvvəl, hazırda saxlanılan R. Mirələmovun böyük qardaşının öldürüldüyünü də qeyd edib: “Onu dənizdə boğub öldürmüşdülər. Mən güman eləmirəm ki, baş verənlər o hadisə ilə bağlı olsun. Bu konflikti istintaq aydınlaşdıracaq”.

“Min bir gecə” istirahət mərkəzinin ona məxsus olduğunu təsdiqləyən H. Mirələmov deyib ki, hadisənin ona məxsus obyektdə baş verməsi onun adının daha çox hallanmasına səbəb olur:
«Onlar başqa yerdə otura bilərdilər, öz “razborka”larını başqa yerdə həll edə bilərdilər. Hadisə başqa yerdə olsaydı, mənim adım da hallanmazdı”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?