Şöbə müdiri: “Ölkənin 48 rayonunda malyariya təhlükəsi var”
Yay mövsümü başlayandan ölkədə 2 nəfər malyariya xəstəliyinə yoluxub. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parastologiya şöbəsinin müdiri Süleyman Məmmədlinin Modern.az-a verdiyi məlumata görə, həmin xəstələr Şəki və Qax rayonlarındandır. Xəstəliyə yoluxanlardan birində malyariya dünən aşkarlanıb.
Sözügedən xəstəliyin 17 kurs müalicəsi olduğunu deyən şöbə müdirinin sözlərinə görə, xəstələrin aşkar olunduğu kəndlərdə və evlərdə profilaktiki tədbirlər görülüb. Xəstəliyə yoluxanların ailə üzvlərindən və qonşularından qan nümunələri götürülüb. Həmin ərazilərdə dezinseksiya işləri aparılır.
Şöbə müdiri onu da qeyd etdi ki, bu gün ölkənin 48 rayonunda malyariya təhlükəsi var. Onun sözlərinə görə, həmin rayonlarda bu xəstəliyin yayılması üçün münbit şərait var.
Qeyd edək ki, malyariya ölümcül xəstəlikdir. O, ən çox Afrikada yayılıb. Malyariya ağcaqanadların sayəsində yaranır və yayılır. Öncə insan orqanizminə malyariya parazitləri düşür. Daha sonra isə bu parazitlər insan qanından ağ ciyərlərə keçir. Bu zaman insan heç bir şey hiss etmir. Lakin parazitlər qaraciyərdə eritrositlərə daxil olduqda orqanizm üçün fəsadlar yaradır. Bu parazitlər məhz eritrositlərdə çoxala bilir. Eritrositə düşən parazitlərsə toksinlər ifraz etməyə başlayır. Bu, zəhərlənməyə səbəb olur. Həmin toksinlər insan orqanlarını və hətta beyni də zəhərləməyə qadirdir. Malyariyanın ağırlaşma dövrü qıcolma, böyrək çatışmazlığı, zəhərlənmə şoku, ciyərlərin şişməsi, titrətmə və qızdırma kimi simptomlarla müşahidə olunur. Bu zaman xəstələr mütləq xəstəxanada müalicə almalıdırlar.
Gültəkin Ələsgər