Modern.az

Azərbaycanda ova çıxan nazirlər-məmurlar - SİYAHI

Azərbaycanda ova çıxan nazirlər-məmurlar - SİYAHI

20 İyul 2012, 17:17

Azərbaycanda ovçuluq edənlərin bəziləri bu işə dolanışıq yeri, bir qrupu məşğuliyyət növü, elələri də var ki, hobbi kimi baxır.

Azərbaycanda ov mövsümü iyunun əvvəllərindən açıq elan edilib. Ovçuluq təsərrüfatlarında təkə, qaban (çöl donuzu), dovşan, bataqlıq qunduzu, çaqqal və yenot kimi heyvanların ovuna icazə verilib. Ovçular Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllıda qaban, Zaqatala, Şəki, Qax, Quba təkə, Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda dovşan ovlaya bilərlər.

Ovçular deyirlər ki, ov həvəskarları arasına Rusiya istehsalı olan beşatılan ən dəbdə olan silahdır.
Ovçuluq hüququ olan hər bir şəxsin ov günlərində (şənbə və bazar) ovçuluq təsərrüfatlarına girmək ixtiyarı var. Həmin təsərrüfatlarda ovçuların gecələməsi, istirahəti, balıqçılıqla məşğul olması üçün lazımi şərait yaradılıb.

Qeyd etdiyimiz kimi, Azərbaycandakı ovçular adi vətəndaşlarla yanaşı, məmurlar, ictimai-siyasi, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində tanınmış şəxslər də az deyil.

Respublika Ovçular və Balıqçılar Cəmiyyətindən Modern.az saytına verilən məlumata görə, hazırda qurumun 23 minə yaxın üzvü var. Cəmiyyətin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, ovçular arasında xeyli nazir, nazir müavinləri, Prezident Administrasiyasının məmurları da var. Amma «ov azarı»na tutulmuş yüksək çinli məmurların adlarını açıqlamaqdan ehtiyatlanıblar.

Bununla belə, cəmiyyətdən ov həvəskarı olan bəzi məşhur simaların adlarını da öyrənə bildik. Məsələn, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevşirkətin bir çox rəhbər şəxsləri, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Naftalanın sabiq icra başçısı (keçmiş deputat) Musa Musayev, deputat Aqil Abbas, Bakıdakı bəzi ali məktəblərin rektorları da  Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləriymişlər.

Bundan başqa, sabiq deputat, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlu, Xalq artisti, tanınınmış müğənni Teymur Mustafayev (Teymur əmi), tanınmış şair Baba Vəziroğlu, opera müğənnisi Adil Məlikov, klarnet ifaçısı Vaqif Mirzəyev, seyid Mirmövsüm Ağanın yaxın qohumu Rüfət Mahmudov da ovçular cəmiyyətinin üzvləri arasında yer alırlar.

Maraqlı məqamlardan biri də budur ki, ovçuluqla məşğul olan xanımlar da var. Cəmiyətin 20 nəfərə yaxın xanım üzvü var. Türkiyədə yaşayan tanınmış müğənni İradə İbrahimova ovçu xanımlardandır. Digərləri elə də tanınmış simalar deyil. Cəmiyyətdən bildiriblər ki, xanımlar ova gec-gec gəlirlər.
Deyilənə görə, nazirlərdən kimsə ovçuluq təsərrüfatına ova gedirsə, həmin gün ərazi mümkün qədər sıravi ovçulardan qapalı saxlanılır ki, onlara maneçilik törədilməsin.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?