Modern.az

Qardaş partiyalar...

Qardaş partiyalar...

23 İyul 2012, 11:59

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbəri çoxdan tanısam da açığı, onu yeni-yeni kəşf etməkdəyəm və eks-spiker Rəsul Quliyevin lideri olduğu təşkilatda sədr postuna əyləşdiyi gündən mətbuata açıqlamalarını imkanım daxilində izləməyə çalışıram ki, o girdiyi yükün altından çıxmaq üçün hansı priyomlardan istifadə edir. Qərəz, kişinin xarakterində və siyasi davranışlarında inqilabi dəyişikliklərin baş verdiyi danılmazdır və onun leksikonunda da ötən hər gün zənginləşmə çalarları aydınca sezilir. Sözümün canı odur ki, yeni vəzifə dostumuza yaman düşüb və arzu edərdik ki, o bu postda sələflərinin aqibətini yaşamasın, günlərin bir günü Rəsul Bayramoviç ona da yarıtmazlıq damğası vuraraq qapının kandarını göstərməsin.
Xülaseyi – kəlam, bu Müqəddəs Ramazan günündə, arzu – diləklərin çin olduğu bu dönəmdə Sülhəddin bəyə dualarımızı diləyərək keçid alaq onun son açıqlamasına. ACP sədri deyir ki, az qala hər gün onun rəhbəri olduğu təşkilata gələnlər olur və üzvlük üçün müraciət edənlərin hamısı qardaş partiyalardan gəldiklərindən onların kimliyini açıqlamağı məqsədəuyğun hesab etmirlər...

 Mənim Sülhəddin bəyin bu açıqlamada nə dərəcədə səmimi olduğunu təftiş etməyə nə səlahiyyətim, nə həvəsim var. Sadəcə onun səsləndirdiyi “qardaş partiyalar” ifadəsi məni qıcıqlandırdı və heç tərəddüd etmədən düşündüm ki, ACP sədrinin bu tarixi tapıntısını öz arşınımla ölçüm...

 Əvvəla, mən tam əminəm ki, əslinə qalanda siyasətdə qardaşlıq keçərli olmadığı kimi, siyasi təşkilatlar arasında da qardaşlıq uzağı müttəfiqlik münasibətlərindən uzağa gedə bilməz və ötənlərin təcrübəsindən yapışaraq bu iddiamı əsaslandıracaq bir düjün arqumentim var. Hətta sovetlər dönəmində də bizi erməniylə, gürcüylə, digər millətlərin nümayəndələriylə zorla qardaşlaşdırmaq istəyəndə də “müttəfiq” ifadəsinə müraciət edilirdi. Görünür, çoxbilmişlər başa düşürdülər ki, bu millətlərdən bir – birinə qardaş olmaz. Ancaq indi ACP sədri “qardaş partiyalar” ifadəsi işlətməklə həm adamı qıdıqlayır, həm də bir güllə ilə iki dovşan vuraraq müxalifətdəki partiyalarla qardaş olduğunu izhar edir. Mənsə onun bu tapıntısındakı məntiqi anlamıram və Azərbaycanda heç bir partiyanın bir – biriylə nəinki qardaşlıq, hətta səmimi müttəfiqlik münasibətlərində də olduğunu düşünmürəm. Tutaq ki, kimsə deyə bilər ki, axı Müsavatla AXCP nəinki qardaşdır, hətta onlar bir hərəkatın şinelindən çıxıb eyni yolun yolçusu olduqlarından bu münasibətlər qardaşlıqdan da üstündür. Ancaq hamı bilir ki, nə dünən, nə bu gün, nə də sabah ortada qardaşlıq münasibətləri olmayıb, olmayacaq. Bu bir qarğış – filan, yaxud gözü götürməzlik də deyil, sadəcə görünən dağa nə bələdçi? Olsa – olsa bu iki təşkilata “mehriban düşmənlər” adı vermək olar. Çünki obrazlı desək, nə yardan doyurlar, nə əldən qoyurlar, yəni bir – birinin nə güclənməsini istəyirlər, nə zəifləyib sıradan çıxmasını...

 Eləcə də Azərbaycan siyasi səhnəsində mövcud olan digər təşkilatlar, bloklar, birliklər, hərəkatlar da oxşar aqibətin daşıyıcılarıdır və kimsə mənə onlardan hansısa ikisinin qardaşlıq münasibətlərində olduğunu sübut edə bilməz. Bir sözlə, siyasi anlamda qardaşlıq dəbdən düşüb və yaxın onilliklərdə onun urvata minəcəyi də heç gözlənilən deyil.

 Məni bir məsələ də maraqlandırdı və gərək Sülhəddin bəydən bunun izahını istəyəm. Əcəba, dünənə qədər deyirdin ki, hakim partiyadan da çoxsaylı insanlar ACP – yə üzv olmaq üçün müraciət ediblər, indi olmaya YAP – ı da qardaş partiya hesab edirsən? Əlbəttə, əgər belədirsə, kimsə ona gözün üstə qaşın var deyə bilməz. Çünki deyər ki, özüm bilərəm kimə qardaş deyirəm, kimə sirdaş. Sadəcə orası var ki, Sülhəddin bəyə vaxtında tövsiyyəmizi çatdırmağı bir qardaşlıq borcu hesab edirik ki, YAP – la qardaş olanın yükü ağır olar. Özü də o qədər ki, günlərin bir günü qardaşlığa aldanıb özünü rüsvay edəni qınayarlar ki, bəs bilmirdinmi ağası gülüm olanın başına külüm olar...?

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?