Plan yerlərinin boş qalmasındansa, balların aşağı salınması düzgündürmü?
Artıq III və I qrupun abituriyentləri ali məktəblərə imtahan verib. Onların göstərdikləri nəticələrdən asılı olaraq həmin qruplar üzrə keçid balları 50 (III qrupda) və 100 bal (I qrupda) aşağı salınıb. Nəticədə plan yerlərinin doldurulması üçün atılan bu addımla bilik səviyyəsi aşağı olan abituriyentlər də ali və orta ixtisas məktəblərinə daxil olub, təhsil ala biləcəklər. Belədə diplom xatirinə təhsil alanların sayı çoxalacaq.
Təhsil eksperti Etibar Əliyev Modern.az saytına açıqlamasında bildirib ki, keçid ballarının aşağı salınmasının əks effekti daha pis olacaq.
“150 bal toplayan abituriyent 0-700 bal şkalası ilə identik olan orta məktəb qiymətləndirməsinin “1” və “2” ilə uyğundur. Ana dili, riyaziyyat fənləri üzrə götürsək, cümlə təhlil edə bilməyən, riyazi tənlik həll edə bilməyənlər ali təhsili necə alacaqlar? Bu digər bir tərəfdən orta məktəblərdə təhsilin şiddətli dərəcədə aşağı düşməsinin göstəricisidir. Ötən il 47% məzun 0-200 bal toplamışdısa, bu il bu rəqəmin yəqin ki, 60%-ə qalxacağı müşahidə olunacaq”.
E.Əliyev qeyd edib ki, bu məsələlər əvvəlcədən formalaşmış, qəbul planına köklənmiş məsələlər olduğu üçün onlar nəticələrin yaradacağı fəsadları düşünürlər. “Yəni tələbə kontingenti 30-40 faiz aşağı düşən kimi müəllim ixtisarı başlayacaq, ali məktəbə verilən vəsaitlərin miqdarı azalacaq, ali məktəbin nüfuzu aşağı düşəcək”.
Təhsil eksperti hesab edir ki, belə vəziyyətdə qəbul yerlərinin doldurulmasındansa, onun 30-40 faiz tələbə çatışmazlığı yaşanması yaxşıdır.
“I qrup Azərbaycanda lazım olan ən önəmli sahədir. Dünyada humanitarlaşma artıq geri çəkilib. Texniki və təbiət elmlərinə üstünlük verilir. Türkiyənin 3 böyük texniki universiteti beynəlxalq akkreditasiyadan keçib. Məsələ burasındadır ki, bu ixtisas qrupu üzrə 150 bal toplayan abituriyent necə mütəxəssis olacaq?
Bəlkə də hesab edirlər ki, indiki maddi-texniki baza, şəraitlə təhsil almağa ehtiyac da yoxdur. Sadəcə diplomlu vətəndaşları saymaq lazımdır. Bunun özü də bir tendensiya kimi hökm sürür”, – deyə Etibar Əliyev qeyd edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, abituriyentlərin göstərdikləri nəticələr elə də ürəkaçan deyil və bunlar arzuolunmazdır.
“Biz də arzu edərdik ki, daha yaxşı hazırlıqlı abituriyentlər qəbul olunsun. Amma nə edək, bizim abituriyentlər də belədir”.
Plan yerlərinin boş qalmasındansa, balların aşağı salınıb onların doldurulması məsələsinə gəlincə, E. Nağızadə “hər halda qərar bu cürdür”, – deyə qeyd edib.
“Araşdırma aparılacaq. Və sonda nəticələr əldə edildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”-deyə TQDK rəsmisi əlavə edib.
Aytən Əliyeva