Ekspert: “Əgər təhsil naziri 14 dərsliyin müəllifidirsə...”
Təhsilin ilbəil enən səviyyəsinin izahları çoxdur. Mütəxəssislər bunun bir səbəbini də təhsil prosesinin əsas alətlərindən biri olan dərsliklərdə görürlər. İstər poliqrafik keyfiyyəti, istərsə də məzmun baxımından dərsliklərə yetərincə iradlar var.
Modern.az-a mövzu ilə bağlı verdiyi şərhdə ekspert Etibar Əliyev bildirib ki, Azərbaycanda dərsliklərin irəliləyişinə maneçilik törədən bir neçə amil var ki, onlardan birincisi inhisardır: “Təhsil naziri 14 dərsliyin müəllifidir. Bu dünyada analoqu olmayan və anormal haldır. Ədəbiyyat dərslikləri isə Nizami Cəfərovun inhisarındadır. Fizika dərslikləri nazirin yaxın qohumu Mirzəli Murğuzovun, tarix dərslikləri dərslik yaza bilməyən Yaqub Mahmudovun inhisarındadır. Alternativlər olmadığına görə, dərslik siyasətindən pozitiv danışmaq mümkün deyil. On illərdir ki, bu problem var, amma nəticə yoxdur. Təhsil Nazirliyi dərsliklərə bir kommersiya şəbəkəsi kimi baxır. Kimə istəyirlər dərslik verirlər, kimdən də istəyirlər həmin dərslikləri ala bilirlər. Hansı nəşriyyatı istəyirlər orda da çapına icazə verirlər”.
Ekspert hesab edir ki, dərsliklərin məzmunu ilə bağlı problem elə problem olaraq qalmaqdadır: “Dəfələrlə bu məsələlərin qaldırılmasına baxmayaraq, nazirlik bunların hamısını texniki qüsur kimi izah edir. Çox maraqlı bir məsələ də var ki, şagirdlərə bir tədris ilində dərsliklər pulsuz verilir. Sonra həmin dərsliklər onların əlindən alınır. Bəs tətildə 3 ay evdə olan uşaq nə oxusun? Məktəb kitabxanaları da bağlı olur. Azərbaycan təhsili necədirsə, dərslikləri də o vəziyyətdədir. Bir müstəqil qurum – Dərslikləri Qiymətləndirmə Şurası yaradıldı. Şura üzvlərinin hamısının yazdığı dərsliklər təsdiq olundu. Bunu heç bir ölkədə görmək mümkün deyil. Hətta müqayisə metodundan da istifadə edilmir. Amerikada dərslikləri yorucu olmayan, əyləncəli formada yazırlar ki, uşaqlar çox tez başa düşsünlər. Bəs Azərbaycanda? Elə bir dərslik yoxdur ki, sadələşdirilmiş və zövq verə biləcək şəkildə yazılsın”.
E. Əliyev ilk dərslik olan əlifbadakı (indiki “Ana dili”) illüstrasiya və mətn məsələsinə də toxunub: “Bir dəfə mən bir əlifbaya baxdım. Guya ki, “j” hərfinə uyğun şəkil verilib. Maşın şəkli verilib və üzərində yazılıb “Jiquli”. Amma şəkildəki avtomobil “Audi” idi. İllüstrasiyalar xüsusi bir sənətdir. Bu illüstrasiyaları başdan sovdu edirlər ki, təki dərslik tez çap olunsun. Heç həmin dərsliklərdə redaktə, korrektə işi də aparılmır. Ona görə də dərsliklər artıq lağ-lağı obyektinə çevrilib”.
Digər təhsil eksperti Əlövsət Osmanlı isə hesab edir ki, nəinki əlifba dərsliyi, bütünlüklə dərsliklər nöqsanlarla doludur: “Ümumiyyətlə, son 4 ildə istifadə olunan dərsliklərlə bağlı mənim fikrim mənfidir. Bununla bağlı davamlı olaraq çıxışlar etmişəm, Təhsil Nazirliyinə müraciətlər etmişəm ki, gəlin dərslikləri müzakirə edək. Təəssüflər ki, Təhsil Nazirliyi öz eyiblərini bildiyindən müzakirəyə razılıq vermədi. Professor Yəhya Kərimov hazırda istifadə olunan əlifba (“Ana dili”) dərslik kompleksi ilə bağlı mətbuat səhifələrində geniş çıxışlar etdi. Uzun silsilə yazıları çıxdı, amma o yazılar müzakirə olunmadı. Həmin kitablardakı qüsurları açıb tökdü, amma nazirlik buna reaksiya vermədi. Elə bu səbəblərdən də həmin kitablardan neçə illərdir ki, istifadə olunur”.
Təhsil eksperti ibtidai siniflərin riyaziyyat dərsliklərində olan problemlərdən də danışıb: “Bu dərsliklər də çox biabırçı gündədir. Birinci siniflər üçün riyaziyyat komplekti 3 komponentdən ibarətdir: dərslik, iş dəftəri və müəllim üçün vəsait. Ümumən 400 səhifə. Bunlarda mindən çox ciddi elmi-pedaqoji səhv var. Onların yalnız 5-6 səhifəsini təhlil edib, mətbuat səhifəsinə çıxartmışam. Təhsil Nazirliyindən davamlı olaraq tələb etmişəm ki, gəlin bu səhvləri aşkarlayaq və onu kitabça şəklində hazırlayaq. Təlimatlı məktub şəkilində məktəblərə göndərək. Müəllimlər tədris prosesində onları islah etsinlər. Amma Təhsil Nazirliyi bu müzakirələrdən qorxur. Ona görə ki, müzakirələr zamanı bütün qüsurları üzə çıxır. Zavallı uşaqlar neçə illərdir ki, bu dərsliklərdən istifadə edirlər. Dərsliklərdə da o qədər ciddi nöqsanlar var ki, adam xəcalət çəkir. Hətta orada olan nöqsanları AMEA-nın müxbir üzvü, deputat Asəf Hacıyevə göstərəndə, o inanmadı ki, dərslikdə belə səhvlər ola bilər. “Həyat bilgisi” dərsliyi ilə bağlı tanınmış təhsil eksperti Fikrət Süleymanoğlunun silsilə yazıları çap olunubdur. Amma o, yazılara nazirlik tərəfindən əhəmiyyət verilməyib”. Ekspertin sözlərinə görə, indiyə qədər olan bu dərsliklərlə təhsilin məzmunu dağılıb, fəlsəfəsi dəyişib.
“Bu gün Təhsil Nazirliyində olan adamlar dərsliyin mahiyyətini azaltmaq üçün deyirlər ki, dərslik yalnız şagirdə istiqamətverici bir funksiya daşıyır. Amma onlar başa düşmürlər ki, təhsilin məzmunun bir nömrəli daşıyıcı dərslikdir”, – deyə Ə. Osmanlı bildirib.
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı dərslik sahəsində yaşanan problemlərə aydınlıq gətirib: “Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Hamının öz fikri var.
Mən saymamışam, Misir Mərdanov neçə dərsliyin müəllifidir. Amma nazir olanda nə olar? Heç yerdə yazılmayıb ki, nazir dərslik müəllifi ola bilməz. Misir Mərdanov təhsil naziri olmazdan qabaq alimdir, riyaziyyatçıdır, bunu hamı bilir. O, təkcə müəllif deyil, müəlliflər qrupunun tərkibindədir. Müəlliflərin hər yerdə hamısının fəaliyyət dərəcəsi eyni cür deyil. M. Mərdanov təkcə riyaziyyat dərsliklərinin hazırlanmasında yox, bu sahənin adamı, təhsil işçisi kimi digər dərsliklərin də hazırlanması ilə bağlı ideyalarını verir. Bu, ayrı məsələdir. O riyaziyyatçıdır, dərslik müəllifliyini kim onun əlindən ala bilər ki? O, alimdir, professordur, əməkdar elm xadimidir. Belə alimlərimiz digər dərsliklərin də həmkarı sırasında var”.
Nazirlik rəsmisi qeyd edib ki, dərslik sahəsində hər zaman problem olub: “Dərslik sahəsi elədir ki, bu barədə hamı söz deyə bilir, amma bu sahədə söz deyənlər mütəxəssis olsa yaxşıdır. Bu məsələ çox ictimailəşib. Hamının əlindən keçir, hamının övladı, nəvəsi bu dərsliklərdən istifadə edir. Valideynlər birbaşa övladlarının təhsili ilə bağlı dərsliklərə müraciət edirlər. Bir sözlə, cəmiyyət dərsliklərlə çox bağlıdır. Ona görə dərslik haqqında hamı söz deyə bilir. Söz demək hüququnu da heç kəs heç kəsin əlindən almır. Bu deyilən sözlər ayrı-ayrı adamların şəxsi fikirlərdir, amma pedaqoji aləmin, alimlərin də fikri var. Burada obyektiv və subyektiv məsələlər var. Mən həmişə deyirəm, indi də deyirəm ki, dərsliklərdə problemlər həmişə olub, indi də var. Amma o problemlər hansı dərəcədədir. Bunu bilmək lazımdır. Bu gün yuxarı sinif dərslikləri proqramlara uyğun, aşağı sinif dərslikləri isə kurriklumlara uyğun yazılır. Kurrikluma, proqrama uyğun yazılmayan dərslik təbii ki, problemli dərslikdir. Amma bizim belə dərsliklərimiz yoxdur. Hər hansı qüsurları ola bilər. Axı dərslik bir adamın əlindən gəlib, keçmir. İndi tək müəllifli dərsliklərimiz yoxdur. Dərsliklər orta məktəb müəllimləri, alimlərin birgə məhsulu kimi ortaya çıxır. Bu dərsliklər nəşriyyatlarda cilalanır. Ondan sonra ekspertlər, rəyçilər, redaktorlar, korrektorlar baxır. Bu qədər adamın əlindən gərək təmiz iş çıxsın. Amma bütün bunlarla yanaşı, cəmiyyətdən gələn fikirlərə hörmətlə yanaşırıq”
F. Şahbazlı birinci sinif dərsliklərində verilən şəkillə də aydınlıq gətirib: “Nazirliyin bu işə baxan adamlarından biri kimi biz çox arzusundayıq ki, birinci sinif dərsliklərinin şəkilləri cəlbedici, məzmuna uyğun olsun, məzmunun anlaşılmasına kömək etsin, orijinallığa daha çox yer verilsin, uşaqların zövqünə uyğun olsun, şəkillə mətn arasında tarazlıq qorunsun. Ekspertlərimiz, rəssamlarımız var. Bu məsələlərə baxılır. Bugünkü dərsliklərdə rus dili ilə bağlı tərcümədə çox ciddi problemlər mövcuddur. Biz onları aradan qaldırmağa çalışırıq. Bildiyiniz kimi, Azərbaycan dilində olan dərsliklərimiz eyni zamanda rus bölməsi üçün tərcümə olunur. Eyni zamanda, müəyyən nəşriyyatlarda korrektə, redaktə işi zəifdir. Amma nümunəvi nəşriyyatlar da var. Bəzən internetə istinadən deyirik ki, dərsliklərdə nəsə düz deyil. Amma internetdəki materiallar da düz deyil.”
Onun sözlərinə görə, kurriklum yeni olduğundan artıq ənənəvi dərsliklərdən söhbət gedə bilməz. “Yenilik həmişə çətin qavranılır. Ona görə də hesab etmək olmaz ki, dərsliklərdəki bütün məsələlər çətindir. Çətin misallar ola bilər, elə uşaq var ki, həmin misalı edə bilir, elə uşaq da var həll edə bilmir.
F. Şahbazlı əlavə edib ki, birinci siniflər üçün “Azərbaycan dili” dərsliyi kurrikulum əsasında 2008-ci ildə yazılıb. Artıq 4 il istifadəsi başa çatıb. “Bu il biz tender élan etmişdik. Yeni dərsliklər hazırlanıb, çox güman ki, növbəti tədris ilinə yeni dərsliklər veriləcək 114 adda dərsliyimiz artıq aşağı faizlə əvvəlki illərdə çap olunan kitablardır. Onları bütün yerlərə göndərmişik, 1 və 5-ci sinif dərsliklərinin də çap məsələsi tezliklə həll olunacaq”
Nihadə Eyyubova