Uşaq bağçaların səlahiyyətləri Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə veriləndən sonra valideynlər bir sıra problemlər yaşayır. Belə ki, onlar uşaqlarını bağçaya qoymaq üçün müraciət edəndə artıq yerlərin dolduğunu və əlavə uşaq götürə bilməyəcəklərini qeyd edirlər. Valideynlərin sözlərinə görə, bu təkcə bir-iki bağça da deyil, əksərlərində hiss olunur.
Bakı şəhər sakini Ülviyyə Qarayeva adlı valideyn bildirib ki, o bir sıra bağçalara müraciət edib, hamısından da eyni cavab alıb. “Uşağı götürə bilmərik, çünki bağçaya qəbul reqlament üzrə aparılır. Əlavə uşaq götürə bilmərik”-deyə bağçadan bildirilib.
Digər şəhər sakini Turac Hacıyeva adlı valideyn də bənzər problemlə qarşılaşdığını deyir. O da yaşadığı Sabunçu rayonu ərazisində yerləşən bir neçə bağçaya müraciət etməsinə baxmayaraq ona da artıq yerlərin dolduğu deyilib.
“Uşağımızı öz yaşadığımız ərazidə yerləşən bağçaya qoymaq istəyirik. Belə də yerlərin dolduğu bildirilir. O zaman biz uşaqlarımızı bağçaya qoymaq üçün hara müraciət edək?”.
Modern.az məsələni araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
BŞİH-nin tərkibində yaradılan komissiyadan verilən məlumata görə, bağçalara normalara uyğun qəbul aparılır. Yer varsa uşaq qəbul edilir, əks halda yox.
Bakı Şəhər İcra Hakimiyyətindən qeyd edilib ki, bağçalarda uşaqların qəbulu normaya uyğun tənzimlənməlidir. Normadan artıq uşağın qəbul edilməsinə icazə verilmir.
Məlumatda həmçinin qeyd edilib ki, hazırda bir çox uşaq bağçaları təmir edilir, bir-iki bağçaya isə əlavə korpus tikilir.
Aytən Əliyeva