Modern.az

“Mən səni sevirəm” - Tanınmışların ilk sevgi etirafı - MARAQLI

“Mən səni sevirəm” - Tanınmışların ilk sevgi etirafı - MARAQLI

31 İyul 2012, 13:10

“Sevirəm deməyə ehtiyac qalmayıb”

İlk sevgi... Tanınmışlar ilk sevgi etirafını nə vaxt ediblər? Qarşı tərəf onlara nə cavab verib?

Modern.az məşhurların sevgi etiraflarını sizə təqdim edir.

Müstəqil jurnalist Çingiz Sultansoy bildirib ki, məktəb vaxtlarında sevgiləri olsa da, sevgi etirafı etməyib. “Amma ilk sevgi etirafını tələbə vaxtı həyat yoldaşıma etmişəm”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə sevgidə birinci addımı atmadığını bildirib. “Sevgi etirafları eşitmişəm. Qarşılığını verdiyim də olub, vermədiyim də”.
E. Mirzəbəyli bildirib ki, məktəb illərində sevgi etirafı etməyib. “Hər halda xatırlamıram. Məncə, utancaqlığım buna imkan verməzdi”.
Baş redaktor qeyd edib ki, sevgi etirafı filmlərdəki kimi olmayıb. “Bunu mənim əvəzimə zamanın özü edib. Şeirlərimə uymayın, heç romantik insan deyiləm”.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilk məhəbbət haqqında bunları deyib: “İlk məhəbbət haqqında mənim belə bir qənaətim var ki, belə bir şey yoxdur, ilk sevgi yoxdur, ilk sevgi məktubları yoxdur. Bunu insan sonradan özü düşünür, uydurur, nağıl quraşdırır və sonradan bu nağıla inanmağa başlayır”.

Şair ilk məhəbbət deyəndə bunları xatırlayır. “Mən kitablarımdan birində yazmışam ki, ilk məhəbbət deyəndə 3-4-cü siniflərdə köhnə kənd məktəbində, qarşımdakı partada oturan qızın ayazdan çatlamış, mürəkkəbə bulaşmış, xırda toppuş əllərini xatırlayıram. Məhəbbət deyəndə qarşıma nə Leyli və Məcnun, nə də Əsli və Kərəm dastanı gəlir. Mən o balaca qızın soyuqdan titrəyən barmaqlarını görürəm. Bəlkə də məhəbbət mənim üçün budur. Onun coğrafiya kitabının arasına sevgi məktubumu, yəni bir neçə cümlədən ibarət şanlı məhəbbət məktubunu xatırlayıram. O qızın heç adını da xatırlamıram, bilmirəm onda neçə yaşımız var idi.

B. Vəziroğlu ilk sevgini nağıla bənzədir. “Bu, bir nağıldır. Sonradan yetkin vaxtlarımızda bu nağılı quraşdırırıq və ona inanmağa başlayırıq. İnsanın insan olması üçün bu cür nağıllara inanması lazımdır. Yoxsa “Nəsimi” filmində deyildiyi kimi, insanın həyatı heyvanın həyatından heç nəylə fərqlənməz. Hökmən insan ilk sevgi, ilk sevgi məktubu, ilk dost, ilk məktəb haqqında düşünür. Elə ilk vətən yəni doğulduğumuz koma da bizə necə də doğma, əziz gəlir. O nağıllar bizə mütləq lazımdır və insan gərək o nağıllara özünü inandırsın”.

Estrada müğənnisi Arzu Rzayev ilk sevgi etirafını 17 yaşında edib. “Bizim məktəbdə bizdən bir sinif aşağı oxuyan qızı sevirdim. Ona ilk sevgi etirafımı etmişdim. Amma sonradan aramız dəydi. Daha sonra bildim ki, həmin qız uğursuz evlilik edib”.

AzTV-nin əməkdaşı Nəsimi Nəbizadə isə sevgi etirafı deyərkən bunları söylədi. “İnanın ki,  bir-birimizi o qədər sevmişik ki, “sevirəm” deməyə ehtiyac qalmayıb. Onunla elə birdən gördük ki, bir-birimizdən ötrü ölürük. Vallah zarafat eləmirəm, məndə belə olub”.

“Yuğ” teatrının aktrisası Zümrüd Qasımovanın sözlərinə görə, ilk sevgi etirafı həqiqətən artıq özümü tanıyanda, yəni 4 il öncə olub. “Amma mənə məktəb illərində etiraflar çox olub, yuxarı siniflərdə oxuyan oğlanlar tərəfindən. Mən isə ondan heç kəsi istəmirdim, ona görə də heç kəsin hisslərinə cavab vermirdim”.

Aktrisa bildirib ki, iki oğlan yanına gəlib və deyib ki, birimizi seç. Mən heç kəsi seçmədim çünki heç kəsin qəlbini sındırmaq istəmirdim.

Z. Qasımova qeyd edib ki, ilk məhəbbət deyirlər ki, unudulur, amma mənim həyatımda iki sevgi olub, onları heç zaman unutmaram.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?