Azərbaycanın eks-spikeri Rəsul Quliyev ötən gün Modern.az-a açıqlamasında ölkəmizdə keçiriləcək 2013-cü il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib. Sabiq spiker ölkəyə rəhbərlik etmək üçün seçkilərdə iddialı olduğunu açıqlayıb.
Haqqında axtarış elan edilən Rəsul Quliyev qanuni baxımdan Azərbaycana gələrək, seçkilərdə iştirak edə bilərmi?
Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a açıqlama verib.
Deputat Rəsul Quliyevin hüquqi baxımdan ölkəyə gələrək seçkilərdə iştirak etməsinin mümkün olmadığını bildirib.
“Təbii ki, şəxs barəsində cinayət işi qaldırılıbsa, həbs qətimkan tədbiri seçilibsə və o axtarışa verilibsə, kimliyindən aslı olmayaraq, həmin şəxs ölkəyə gələn zaman həbs olunacaq. Qanunun tələbinə müvafiq olaraq, barəsində axtarış elan edilən şəxs Rəsul Quliyev də olsa belə, həbs olunacaq. Rəsul Quliyev və yaxud adi vətəndaş, fərqi yoxdur, hamı qanun qarşısında məsuliyyət daşıyır.
Mən birmənalı şəkildə qeyd edim ki, Rəsul Quliyev ölkəyə qayıdarsa, o, həbs olunacaq. İstər prezident seçkilərində namizəd kimi də iştirak etmək üçün, istərsə də digər məqsədlər üçün, fərq etməz”, - deyə millət vəkili vurğulayıb.
Ç.Qənizadənin sözlərinə görə, Rəsul Quliyev prezident seçkilərində iştirak edəcəyini bildirməklə cəmiyyətdə özünə qarşı müsbət imic formalaşdırmağa çalışır.
Modern.az xatırladır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Rəsul Quliyev barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.3.1, 179.3.2-ci (mənimsəmə və israfetmə yolu ilə külli miqdarda əmlakı talama), 313-cü (vəzifə saxtakarlığı) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunan Eks-spiker istintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.
Baş Prokurorluğunun məlumatına görə, Rəsul Quliyev İnterpol tərəfindən qırmızı istiqamətləndirici üzrə axtarılır.
Baş Prokuror Zakir Qaralov mərbuata açıqlamalarında bəyan edib ki, Azərbaycanla ABŞ arasında hüquqi yardım haqqında qarşılıqlı anlaşma olmadığına görə, Azərbaycan Rəsul Quliyevi ABŞ-dan ala bilmir.
Anar RÜSTƏMOV