Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının tarixində ən parlaq şəxsiyyətlərdən biridir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, xalqların və dövlətlərin taleyində şəxsiyyət faktoru tarixin bütün dönəmlərində mühüm rol oynayıb: “Böyük ingilis filosofu Frensis Bekon dövlət başçılarını, onların öz xalqlarının həyatında oynadığı rola görə qiymətləndirir və bir neçə aspektdən xarakterizə edirdi. Bekona görə, tarixin bütün dönəmlərində ilk pillədə dayanan dövlət başçıları öz xalqlarının xoşbəxt gələcəyini təmin etməyi bacaran, güclü dövlət quran və həmin dövlətin ərazi bütövlüyünü təmin edən, sərhədlərini möhkəmləndirən, xalqını böyük hədəflər ətrafında birləşdirməyi bacaran, onu inkişaf etdirən liderlərdir. Bu baxımdan, mübaliğəsiz olaraq, Azərbaycan Prezidentinin adları öz xalqlarının və bəşəriyyətin tarixinə qızıl hərflərlə yazılan dövlət başçıları və sərkərdələrlə eyni sırada dayandığını deyə bilərik. Prezident İlham Əliyevi fərqləndirən ən mühüm cəhətlərdən biri isə onun dahi strateq olmasındadır. İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən ölkə həyatının bütün istiqamətlərində gerçəkləşdirilən layihələrin ardıcıllığına diqqət yetirsək, bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən prosesin təməlinin illər öncə qoyulduğunun, ölkənin iqtisadi potensialının gücləndirilməsindən, Azərbaycanın ən müxtəlif sahələr üzrə beynəlxalq dialoq platformasına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən başlayaraq, ölkənin sərhədlərindən kənarda reallaşdırılan humanitar xarakterli aksiyalaradək atılan bütün addımların vahid bir məqsədə xidmət etdiyinin şahidi ola bilərik. Bu baxımdan, İlham Əliyev həm dövlət başçısı, həm sərkərdə, həm diplomat, həm də strateq kimi fenomenal bir liderdir”.
Azər Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi və Azərbaycanın ərazi bütövlüyü ilə nəticələnən strategiya xalqımızın və dövlətimizin həyatında önəmli bir mərhələnin başa çatması, digərinin isə başlamasıdır: “Azərbaycan Prezidenti 30 ilə yaxın bir zaman kəsiyində davam edən münaqişəyə son qoymaqla, təkcə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına nail olmayıb, eyni zamanda bölgəni sürətli və davamlı inkişafa, sabitliyə doğru aparan, xalqlar arası münasibətlər, dövlətlər arası əməkdaşlıq imkanlarını genişləndirən tarixi bir prosesin əsasını qoyub. Məhz bu baxımdan, zaman keçdikcə İlham Əliyevin parlaq zəkasının məhsulu olan layihələrin bölgə xalqlarının taleyində oynadığı müstəsna rol daha aydın, daha qabarıq görünəcək.
Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanı doğum günü münasibəti ilə təbrik edir, möhkəm cansağlığı arzulayıram. Qoy Azərbaycan xalqının daha firavan həyatı üçün gördüyü işlərdə Allah yardımçısı olsun”.