Modern.az

“Afiyəddin Cəlilov və İlyas İsmayılov torpaqların işğalı ilə bağlı mənə ciddi faktlar deyib”

“Afiyəddin Cəlilov və İlyas İsmayılov torpaqların işğalı ilə bağlı mənə ciddi faktlar deyib”

Ölkə

3 Avqust 2012, 15:15

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hazırda işğal altında olan 6 rayonumuzun ermənilərə verilməsi ilə bağlı qaldırdığı məsələ ilə ölkə gündəmini qarışdırıb. S.Calaloğlu deyib ki, hazırda Milli Məclisin bir deputatı 6 rayonun aqibəti ilə bağlı məlumata malikdir. Onun sözlərinə görə, həmin deputata məlumatı mərhum Afiyəddin Cəlilov verib.

ADP sədrinin bu çıxışından sonra mətbuatda həmin şəxsin kimliyi ilə bağlı müxtəlif iddialar səslənməkdədir.

Məsələyə aydınlıq gətimək üçün yenidən ADP sədrinə müraciət etdik. O, əlində kifayət qədər fakt olmadığından həmin şəxsin kimliyini açıqlamaq istəmədiyini dedi: 
“Mən bu məsələyə yenidən qayıdaraq bildirmək istəyirəm ki, ilk növbədə 6 rayonumuzun düşmənə verilməsini çox ciddi hadisə hesab edirəm. Bu, Azərbaycan tarixində ən qaranlıq məqamlardandır. Bu haqda Afiyəddin Cəlilov mənə məlumatlar vermişdi. O, bildirmişdi ki, torpaqların kim tərəfindən verilməsini başqa bir nəfərə də deyib. Onun mənə dediyi şəxs hazırda deputatdır. Sadəcə olaraq mənim həmin adamın adını çəkmək üçün əlimdə kifayət qədər sübutum yoxdur. Mətbuatda kimin adının çəkilməyindən aslı olmayaraq, bunu yalnız həmin şəxsin özü yaxşı deyə bilər. Mənim ad çəkməyimə ehtiyac yoxdur”.

S.Cəlaloğlu qeyd edib ki, indiki Madrid danışıqlarının şərtləri o zaman Ter-Petrosyanla razılaşdırılıbmış: “Mən belə qənaətə gəlirəm ki, o zaman torpaqların verilməsində indiki Minsk qrupu həmsədrləri eyni ideyanı, proqramı irəli sürürsə, belə çıxır ki, torpaqların verilməsində onlar da başqa şəkildə iştirak ediblər. Afiyəddin mənə deyib, amma mən onun dediklərini sübut etmək üçün əlimdə faktların yoxdur. Yenə də deyirəm ki, Afiyəddinlə söhbət əsnasında o mənə dedi ki, “bu haqda sənə dediklərimi başqa bir nəfərə də demişəm””.

İsrarlı şəkildə Azərbaycanın 6 rayonunun işğal edilmədən düşmənə verildiyini deyən ADP sədri bu haqda keçmiş ədliyyə naziri işləmiş deputat İlyas İsmayılovun ona ciddi faktlar söylədiyini bildirib:

“Həmin torpaqların müharəbəsiz, filansız boşaldılması, bir nəfərin də burnunun qanamaması sübut edir ki, torpaqlar alınmayıb, verilib. Bu proseslərdən yalnız Afiyəddin məlumatlı olub. Əsas məsələ bu torpaqların kim tərəfindən verilməsidir. Hansı deputat bu haqda bilir,  bunun nə mənası var ki? Sadəcə olaraq Turqut Ər bir məsələni qarışdırır ki, Azərbaycanın 6 rayonu Bişkek protokolu ilə yox, ondan 2-3 il əvvəl verilmişdi.
İlyas  müəllim mənə demişdi ki, “biz o zaman Qubadlıda, Zəngilanda olanda Abbas Abbasov camaatın köçürülməsi ilə bağlı tapşırıqlar verirdi”. O ərəfədə Afiyəddin Cəlilov televiziyada çıxış edib dedi ki, biz xalqın təhlükəsizliyini təmin etmək üçün torpaqların boşaldılması haqda göstəriş vermişik. Ən azı Azərbaycan hökuməti iki həftə öncə həmin torpaqların boşaldılması ilə bağlı tədbirlər planı həyata keçirib. İlyas müəllim deyir ki, məəttəl qalıb ki, rayonları boşaltmaq üçün necə  göstəriş veriblər. Yəni bu məsələ çox ciddi bir məsələdir. Necə ola bilər ki, 6 rayonun tutulmasında bir nəfərin də burnu qanamamışdı. O rayonların da hamısı müharibəsiz verilib. Camaat çıxarılıb, ermənilər də gəlib həmin torpaqlara giriblər. Məsələ budur, kimin bu haqda nəsə bilməsi önəmli deyil”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?