Modern.az

Rəqibin qarşısında quzuya dönmək

Rəqibin qarşısında quzuya dönmək

3 Avqust 2012, 16:36

Eldar və Nigarın “Eurovision” mahnı yarışmasında qazandıqları uğur Azərbaycan xalqının qələbə həsrətinə su çilədi. Bu möhtəşəm qələbədən bir gün sonra biz evdə nahar edəndə, 6 yaşlı qızım portağal şirəsi ilə dolu olan bakalını qardaşının bakalına vurub, belə demişdi: “Qələbəmizin şərəfinə!”.

Azərbaycan xalqı London Yay Olimpiadasında iştirak edən idmançılarımızdan da bu cür parlaq qələbə gözləyirdi. Gözünü açandan bəri torpaqlarımızın 20 faizini işğal altında görən gənc nəslin belə bir qələbəyə çox ehtiyacı vardı. Sözün həqiqi mənasında indi əzələ nümayişinin vaxtıdır...

Azərbaycan London Yay Olimpiadasına 53 idmançı ilə qatılmışdı. Azərbaycan dövləti ötən 4 ildə yerli idmançılara “gözünün yağını yedirtmişdi”. Xaricdən legioner transfer etmək isə bir neçə milyon dollara başa gəlmişdi. Bircə qalırdı Azərbaycan xalqından halallıq almaq. Bunun yolu isə rəqibin kürəyini yerə vurmaqdan keçirdi.

Məğlub tərəf özünə haqq qazandırmaq istəyəndə həmişə belə deyir: iki güləşənin biri yıxılmalıdır. Əslində, normal məntiq də bunu diktə edir. Buna görə də mən uğursuz çıxışlarına görə, idmançılarımızı asıb-kəsməyin tərəfdarı deyiləm. Amma söhbət ondan gedir ki, Azərbaycan bayrağı altında meydana çıxan idmançılarımız ləyaqətlə uduzmağı da bacarmırlar. Tatami üzərinə çıxan güləşçilərimizin ayağı bir-birinə dolaşır. Boksçularımız isə bir küncə çəkilib, rəqibin nə vaxt onları qapazaltı edəcəyini gözləyirlər. Mən, olimpiya oyunlarını müntəzəm izləməsəm də, oğlum idmançılarımızın çıxışları ilə bağlı hər gün məni məlumatlandırır. Səhər evdən çıxanda, Şahin belə dedi: “Dünən bir boksçumuz üçüncü raundda 7 dəfə yıxıldı”. Ayıbdı, vallah! Üç dəqiqə ərzində 7 dəfə yıxılan bir boksçunun Londonda nə işi var?! Rəqib qarşısında quzuya dönən bu idmançıdan yeniyetmə və gənclərimiz hansı nümunəni götürəcəklər? Yıxılmaq nə vaxtdan qəhrəmanlıq sayılır?

Son günlər söhbətləşdiyim idman müxbirləri deyirlər ki, hazırda Azərbaycan həbsxanalarında 20-dən çox idmançı cəza çəkir. Bu adamların hamısı adam döymək, “reketlik” etmək, polisə müqavimət göstərmək və başqa suçlardan həbsxanaya düşüblər. Təəssüf ki, mötəbər yarışlarda rəqib qarşısında quzuya dönən bu adamlar Azərbaycana qayıdandan sonra öz güclərini sadə insanların üstündə sınayırlar. Bədbəxtçilik odur ki, Londonda meydanı başıaşağı tərk edən idmançılarımız da sabah Bakıya qayıdanda bizə buynuz çıxaracaqlar. Ötən illərin təcrübəsi də bu cür düşünməyə əsas verir. Axı, gözümüzün qabağında Vüqar Ələkbərov nümunəsi var...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?