Statistika göstərir ki, Azərbaycanda əlil insanların sayı 500 minə yaxındır. Doğrusu, çox nadir hallarda bu cür insanların küçələrdə, parklarda sərbəst gəzdiyini, hər hansısa mağazadan çıxdığını görmüşəm. Onların da demək olar ki, bir çoxu əlil arabasında pul qazanmaq məqsədi ilə oturmuş dilənçilərdir. Ümumiyyətlə, görəsən hansı səbəbdən bizim əlillər küçələrə çıxmağa qorxurlar. Modern.az bunu araşdırmaq məqsədi ilə bir neçə quruma müraciət edib.
Əlillərin küçələrdə sərbəst hərəkəti ilə bağlı yaşadıqları problemlər haqqında danışan Əlil İttifaqının sədri Davud Rəhimov bildirib: “Əlil insanların hərəkəti üçün, əlbəttə, müəyyən qaydalar, hərəkət edə bilməsini asanlaşdırması üçün normativ aktlar vardır. Şəhərsalmada, ümumiyyətlə infrastrukturun qurulmasında bunlar nəzərə alınmalıdır. Ancaq Bakı şəhəri əlilliyi olan insanların hərəkəti üçün münasib deyil. İnsanlar evdən çıxıb harasa getmək və yaxud sonradan qayıdarkən problemlərlə rastlaşırlar, bu problemləri də onlara yaradan infrastrukturdur. Tutaq ki, səkilərin, yol keçidlərinin, bina girişlərinin, pilləkənlərin daxilində əlillər üçün xüsusi yerlər nəzərdə tutulmayıb. Əlbəttə ki, onların əlillər üçün uyğunlaşdırılması insanların hərəkətini asanlaşdırardı. Bunun üçün 2000 və 2001-ci illərdə təlimat hazırlanıb və bu təlimatı biz, əlil təşkilatları olaraq 2010-cu ildə kitab şəklində nəşr etmişik. Kitabda göstərilir ki, hər bir infrastruktur necə qurulmalıdır. Şəhərimizin bəzi yerlərində tutaq ki, yeraltı keçidlərdə və bəzi yol keçidlərində, parklarda nəzərə çarpır ki, guya əlilliyi olan insanların hərəkətini asanlaşdırmaq üçün müəyyən panduslar düzəldilir. Pandusların əksəriyyəti standarta uyğun deyil. Və onlardan onsuz da heç kim istifadə edə bilmir. Ona görə də onların quraşdırılması müəyyən təlimatlar və standartlar çərçivəsində olmalıdır. O standartlar minimum qaydalardan aşağı olduqda istifadə qeyri-mümkün olur”.
D. Rəhimov onu da vurğuladı ki, bu məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə yeni standart qaydaları işləyib-hazırlayırlar və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edəcəklər. “Biz prezidentə, Nəqliyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etdik ki, bu işlər görülən zaman, xüsusən, tikililərin ilkin layihələndirmə vaxtı bu işlər nəzərə alınsın. Çünki sonradan bu işlərin görülməsi qeyri-mümkün olur. Artıq bizim konvensiya ilə əlaqədar milli qanunvericiliyimizdə də dəyişikliklər edilir. Bizdə öz növbəmizdə Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəyişikliklərlə bağlı təkliflər vermişik. Hazırda Əlil İttifaqı təşkilatı olaraq nazirliyin maliyyə dəstəyi və sifarişi ilə bu infrastrukturun uyğunlaşdırılmasına dair yeni standart qaydalar üzərində işləyirik. Qaydalar bu ilin axırına kimi hazır olacaq. Çalışacağıq ki, təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunsun və bütün təşkilatlar üçün bu sənəd olsun və ona riayət edilsin. Bundan əvvəlki normativ aktlar tövsiyə xarakteri daşıyırdı və onlara əməl olunmur. Çox əfsus ki, Bakı Şəhər İcra Hakimiyyəti hazırda bu işləri ya kortəbii görür, ya da gördüyü işlər standarta uyğun gəlmir. İndi Bakının hər yerində neçə ildir təmir yenidən qurma işləri gedir. Əlillər üçün xeyli müşküllər var”.
Bakıda bir çox tikililərin layihəsini təsdiqləyən Bakı Dövlət Layihə İnstitutundan bildirdilər ki, sözügedən məsələ sosial sifarişçidən asılıdır. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlillər cəmiyyətlərinin xətti ilə ki, xüsusi binalar sifariş verilərkən həmin normalara çox diqqət yetirilir. İnstitutda layihələri təsdiqlənən binaların çoxu mülki və inzibati binalardır. Mülki binalarda liftin ölçüləri elə götürülür ki, lazım gələndə əlil arabası rahat şəkildə ora girib-çıxa bilsin və s. Əlbəttə, panduslar liftə qədərki ərazidə qoyulur. Əgər ayrılıqda belə məzmunlu bina istəyirlərsə, ya əlillər və ya qocalar üçün onda sifarişçi tərəfindən xüsusi tapşırıqlar verilir. Bax bu zaman tələblər mütləq nəzərə alınmalıdır. Bəli, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətt ilə belə sifarişlər olub. Hələlik bizə son illərdə elə sifarişlə müraciətlər olmayıb. Ola bilsin ki, başqa layihə şirkətləri çəkir. Səkilərimizə gəlincə isə əlillərə uyğun gəlməyəni var. Əlbəttə ki, gərək səkini icra edən bunu nəzərə alsın”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlasaq da bildirdilər ki, bununla bağlı sualıma cavab verə biləcək hər hansısa struktur yoxdur. Və “Şəhərin məhəllə daxili yollarının və Səkilərin İstismarı İdarəsi” ilə əlaqə saxlamağı məsləhət gördülər. Bu qurumla əlaqə saxlasaq da, bizi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə istiqamətləndirdilər. Oradan isə adını öyrənə bilmədiyim şəxs bildirdi ki, bu məsələnin onlara aidiyyatı yoxdur. “Mən kiməm ki, bu məsələ ilə bağlı münasibət bildirim. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin”.
Şahanə Rəhimli