Modern.az

Müəllimlər İnstitunun rektorundan xəbərdarlıq: "“Araz” kursları təcili binanı boşaltsın"

Müəllimlər İnstitunun rektorundan xəbərdarlıq: "“Araz” kursları təcili binanı boşaltsın"

Ölkə

4 Avqust 2012, 12:05


Mətbuat Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yataqxanasının “Araz” kursları tərəfindən zəbt olunması ilə bağlı məlumat yayıb. Bildirilir ki, institutda oxuyan tələbələr və valideynlər bu vəziyyətdən narazıdırlar. Modern.az məsələ ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının fikirlərini öyrənməyə çalışıb. 

Rektor saytımıza bildirib ki, həmin yataqxana binası vaxtilə İcra Hakimiyyəti, filialın direktorluğu və Təhsil Nazirliyinin razılığı ilə “Araz” kurslarına verilib. Onun sözlərinə görə, “Araz” kursları orada müvəqqətidir.
“Onlara bu bina daimi verilməyib, bina yenə də Müəllimlər İnstitunun Zaqatala filalına məxsusdur”.

Millət vəkili də binanın qaytarılmasını tələb edir. “Amma indi bina qaytarılmalıdır, vəssalam. Zaqatalada zəlzələdən sonra filial tamam dağılıb, sentyabrda da tələbələrimiz gələcək. Buna görə də “Araz” kursları o sahəni tamamilə boşaltmalıdır ki, bizim tələbələrimiz orada dərs keçə bilsinlər. Bizim yeni tədris korpusu tikilir, amma o sentyabr ayına hazır ola bilməyəcək”.

A.Naxçıvanlı qeyd edib ki, “Araz” kursları oranı özəlləşdirə bilməz: “Binadan mütləq çıxmalıdırlar. Əgər sentyabr ayına qədər yataqxana boşaldılmasa, məhkəmə var, başqa orqanlar var. Onlara müraciət edəcəyik”-deyə rektor bildirib.

Aqiyə Naxçıvanlı deyib ki, “Araz” krusları özünü inkişaf etdirmək istəyirsə, torpaq sahəsi almalı, bina tikməli və kurslarını keçməlidir.
“Özgənin evində nə qədər adam oturar ki? Özgənin evində daimi oturmaq olmaz. Mən rektor olanda artıq “Araz” kursları yataqxanada yerləşmişdi. Artıq 10 ilə yaxındır ki, bina onlardadır, amma artıq geri verməlidirlər” deyə millət vəkili vurğulayıb.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?