Bu gün İslam təqvimi ilə Ramazan ayının 18-ci günüdür. Modern.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazanla əlaqədar verdiyi fətvaya istinadən bildirir ki, bu gecə mübarək ayın ilk Qədr gecəsidir. Mübarək ayın qədr gecələri Ramazanın 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır. Bu barədə Modern.az-a Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Prezidentin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 19, 20 avqust Ramazan bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Ancaq avqustun 19-u bazar gününə təsadüf etdiyindən, avqustun 21-i də qeyri-iş günü sayılacaq. Beləliklə, Ramazan bayramı ilə əlaqədar avqustun 19, 20, 21-i istirahət günləridir.
Modern.az