Modern.az

“Estafet” rubrikası - Seyran Səxavətin Vaqif Bayatlıya sualı var - MARAQLI

“Estafet” rubrikası - Seyran Səxavətin Vaqif Bayatlıya sualı var - MARAQLI

9 Avqust 2012, 12:58

Modern.az saytında “Estafet” rubrikasının yeddinci qonağı tanınmış şair, tərcüməçi, nasir və 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Seyran Səxavətdir.

Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Qulu Məhərrəmli Seyran Səxavətə bu sualları ünvanlamışdı:

– Siz cəmiyyətdəki mənəvi deqradasiyanın bəzi səbəblərini  “Nekroloq” romanında göstərmisiniz. Romanın yazılmasından təxminən 10 il keçib və həmin proses indi daha da dərinləşib. Sizcə, bu gün mənəvi böhranı sürətləndirən nələrdir, hansı çalarlar çoxalıb və bu əcaib prosesi necə dayandırmaq olar? 

– Rüstəm İbrahimbəyova, ölkəsinin taleyinə biganə qalmayıb vətəndaş mövqeyi nümayiş etdirən həqiqi ziyalı toplumuna qarşı hücumlara necə baxırsız? Daxili azadlığını qoruya bilmiş Azərbaycan ziyalısının bugünkü missiyasını necə təsəvvür edirsiniz?

Seyran Səxavət Modern.az vasitəsilə Qulu Məhərrəmliyə cavab verdi:

– “Nekroloq” romanında mənəvi deqradasiyanı sürətləndirən bəzi məsələləri, eyni zamanda onun əsas səbəblərini açıb göstərmişəm. Bu roman artıq on ildir ki, yazılıb və Azərbaycan Yazıçılar Birliyində 2002-ci ilin Y. Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatı adına layiq görülüb. Bütün bunların heç birinə baxmayaraq və heç bir reaksiya vermədən, əslində cəmiyyətdə mənəvi deqradasiyanın daha da dərinləşdiyinin şahidi oluruq. Dərinə getdikcə orda təzyiq də artır. Mən hətta televiziya çıxışlarımın birində bu məsələlərdə çox da dərinə getməməyi tövsiyə etdim, çünki bizim mənəvi təzyiqə dözümümüz yoxdur və biz partlaya bilərik. Bizim çox dözümlü bir xalq olmağımıza baxmayaraq, bu təzyiqlərə tab gətirə bilmərik. Mən deyərdim ki, insan oxuduğu bir bədii əsərdən, dinlədiyi musiqi parçasından , gördüyü rəsm əsərindən təsirlənirsə və ordan bir nəticə çıxarırsa, bu onun tərbiyələnməyinin ən real göstəricisidir. Bu gün cəmiyyətimizdə insanların eşitdiyi, gördüyü hər hansı hadisəyə reaksiya vermək həvəsi demək olar ki, ölüb. Bunun da get-gedə dərinləşməsi qarşısı alınmaz bir vəziyyətə gətirib çıxarıb. Bu məsələlər haqqında hətta mən deyərdim ki,  40 gün-40 gecə də danışa bilərik. Mən “Yəhudi əlifbası” romanımda bu məsələni qaldırmışam, eyni zamanda onun həlli yolunu da göstərmişəm.  Dünyada, fikrimcə, kül məhəbbətdən də, sevgidən də təmizdir, çünki   kül odun yaxasından keçir  və od  onu sanki övladlığa götürüb. Bu çox təmiz və  ilahi bir düşüncədir. Mən bu romanımda külün bu cür təmiz olduğunu nəzərə alaraq, yerdə qalan hər şeyin yandırılmalı olduğu qənaətinə gəldim. İnsan deyilən məxluq o külün içində bir toxum olaraq, safdırsa yanmayacaq, əksinə külün təmizliyi bir azda onu yüksəlməyə sövq edəcək. Yox, əgər insan təpədən dırnağa çirklənibsə, o, heç vaxt yüksəlməyəcək və elədə yanıb külə dönəcək.

– Rüstəm İbrahimbəyov XX-XXI əsrdə yaşamış təsadüfü bir insan  deyil. Ona həm Azərbaycan tərəfdən, həm də qeyri tərəflərdə baxsaq, o, dünyanın istənilən bir bucağından görünən sənətkardır. O, hər zaman  Azərbaycan dövlətinin diqqəti və qayğısı ilə əhatə olunmuş görkəmli bir şəxsiyyətdir. Təəssüflənirəm ki, axı bu insan bu qədər istedadlı biriydi və hansısa bir yöndə xəyanət etdiyini də eşitməmişəm. Bəs onda nəyə görə vəziyyəti bu yerə gətirib çıxarırlar. Mən onun əsərlərini də oxumuşam və özünə də, şəxsiyyətinə də həmişə böyük hörmətim olub. Amma bizim onunla şəxsi münasibətlərimiz heç vaxt olmayıb. R. İbrahimbəyov hər zaman öz sözünü deyə bilən bir insandır və mən deyərdim ki, bu onun çox özəl xüsusiyyətlərindən biridir. O, ilahidən proqramlaşmış istedadlı bir insandır. İlahinin proqramlaşdırdığı bir insanın, bəndənin onu proqramlaşdırmaq cəhdi hər zaman uğursuzluqla nəticələnib. Azərbaycan ziyalısının öz azadlığını qoruyub saxlaya bilməsi çox nadir hadisələrdəndir. Azadlığını  qoruyub saxlaya bilən ziyalılar mən deməzdim ki, azalıb, sadəcə olaraq onlar öz mövqelərini həmin dalğada, həmin koordinatda qoruyub saxlaya bilməyiblər. Bəzi insanlar var ki, özlərini ziyalı kimi təqdim edirlər  və özlərini elə göstərirlər ki, onlar daxilən azaddırlar və öz mövqeləri var. İctimai-siyasi həyatımızın müəyyən proseslərində onların əsl siması açılır və onlar öz missiyalarını itirirlər. Bugünkqü dövrümüzdə həm azadlığı, həm də cəmiyyətdə müqəddəs dəyərləri qorumaq, istənilən rəssamın əsərini qorumaq deyil, bu çox çətin bir missiyadır. Müasir dövrümüzdə ziyalıları idarə eləmək, hətta dünyanı idarə etməkdən də çətin bir vəziyyət alıb. Bütün bu çətinliklərə baxmayaraq, mən Azərbaycan ziyalısının hər zaman öz mövqeyini, mənəviyyatını qoruyan bir şəxsiyyət olaraq görmək istəyirəm. 

Seyran Səxavət sualları cavablandırdıqdan sonra estafeti tanınmış şair Vaqif Bayatlıya ötürdü və ona öz suallarını ünvanladı:

– Yay Vaqif Bayatlı üçün fəsildir, yoxsa nəticədir. Əgər fəsildirsə, niyə fəsildir, nəticədirsə bunu necə sübut edə bilər?

– Ümumiyyətlə, Vaqif Bayatlı sən hardan gəlmisən və hardan gəldin? Söhbət onun Qarabağlı olmasından getmir, bu adam hardan gəldi?

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?