Modern.az

Ödənişli təhsilin haqqını kim müəyyən edir? - ARAŞDIRMA

Ödənişli təhsilin haqqını kim müəyyən edir? - ARAŞDIRMA

9 Avqust 2012, 13:28

Yaxud BDU-da təhsilhaqqı Berlin Texniki Universitetindən qat-qat bahadır...

Artıq ali məktəblərə qəbul imtahanı yekunlaşdı. İmtahanın stressindən canlarını təzə qurtaran abituriyentlər indi də ixtisas seçməli olacaqlar. Kimi cibinə münasib pulsuz ixtisaslar seçəcək, kimi də “əziyyətim yerdə qalmasın”, “necə olur olsun bu il ali məktəbə daxil olmalıyam” prinsipi ilə pullu ixtisas seçimi etməli olacaq. Amma təhsil haqlarının ilbəil artması abituriyentləri ixtisas seçimi etmədən öncə yenə də fikirləşməyə vadar edəcək. Çünki son illər Azərbaycandakı dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması onları özəl və dövlət universitetləri arasında seçim etməyə məcburiyyətində qoyacaq. Dövlət universitetlərindəki təhsil haqlarının bahalığı özəl universitetləri necə deyərlər “kölgədə” qoyur. Hətta dövlət universitetlərinin elə ixtisaslar var ki, illik təhsil haqqı 3000 manatdır. Halbuki, dünyanın heç bir ölkəsində təhsil haqlarının illik miqdarı bizimki qədər yüksək deyil. 

Marqlıdır, təhsil haqları niyə ilbəil artır? Ali təhsil haqları necə müəyyənləşir?     

Modern.az bunu araşdırmağa çalışıb. 

Dövlət Statistika Komitəsinin bu ilin altı ayının məlumatına görə, orta ixtisas məktəblərində orta təhsil haqqı liseylərdə – ­1476, kolleclərdə – 416, universitetlərdə – 1218, akademiyalarda 1061, institutlarda (seminariyalarda) – 895 manatdır.

Dövlət universitetləri xərc çəkir

Yerli universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən istifadə olunan əsas metodlardan biri xərc metodudur ki, bu da bütün dünyada ən sadə metod kimi tanınır. Xərc metodu mənfəətin planlaşdırılmış normasına qədər artırılmış təhsil xidmətinin maya dəyərinin hesablanmasına əsaslanır. Beləliklə də, qiymət formalaşması müraciət edilə bilən real verilənlərə görə hesablanır. Qiymətlərin müəyyən edilməsi üçün zəruri olan bütün informasiyanı ali təhsil müəssisəsinin daxilində mühasibat hesabatları əsasında əldə etmək mümkün hala gəlir. Bu metod ali təhsil müəssisəsinin hüquqi və fiziki şəxslərlə müqavilədən irəli gələn qarşılıqlı münasibətləri sadələşdirir. Belə ki, təhsil xidmətlərinin qiyməti ilə əlaqədar olan mübahisəli məqamlarda qiymətin əsaslı olmasını asanlıqla sübut etməyə imkan verir. Lakin xərc metodunun bir sıra çətinlikləri və məhdudiyyətləri var. 

Qiymətin müəyyən edilməsi zamanı təklif edilən təhsil xidmətinə tələbatın mövcud səviyyəsi tamamilə nəzərə alınmır. Buna görə də ali təhsil müəssisələri sərt qiymət siyasəti apara bilmirlər. Dövlət tərəfindən ödənilən vəsait ilə ödənişli təhsildən əldə olunan gəlirlər toplanılaraq onlardan təqaüdlər çıxılır və əldə edilmiş fərq tələbələrin ümumi sayına bölünür. Bu hesablama zamanı investisiya xərcləri (yeni korpusun tikintisi, texniki təchizat və s.) də ümumi məbləğdən çıxılır. 
Bununla yanaşı, dövlət hesabına təhsil alan tələbələrin birinin neçəyə başa gəldiyi də hesablanır. Bu zaman dövlət tərəfindən ayrılan vəsaitlərdən təqaüdlər çıxılır, alınan fərq təhsil alan tələbələrin sayına bölünür. Dövlət universitetlərində təhsil haqqı müəyyən edilən zaman eyni ixtisas üzrə tədris həyata keçirən digər Azərbaycan universitetlərindəki mövcud təhsil haqları ilə də müqayisələr aparılır. Bundan əlavə, ixtisasın perspektivliyi, Azərbaycan iqtisadiyyatında əhəmiyyəti, ixtisas üzrə işlə təminolunma vəziyyəti kimi məsələlərə də diqqət yetirilir. Qiymət qoyularkən ən vacib amillərdən biri də, abituriyentlərin mövcud ixtisasa nə dərəcədə maraq göstərməsidir. Hüquq, iqtisadiyyat və tibbə aid olan ixtisasları misal göstərmək olar ki, bunlar əhali arasında dəb halını alıb. Bu da həmin peşələr üzrə qiymətlərin artmasına zəmin yaradır.

Xərci borcunu ödəmir

Bunu Bakı Dövlət Universitetindən də bunu təsdiqlədilər. Universitet rektorunun sosial və maliyyə məsələləri üzrə müşaviri Məzahir Soltanov deyir ki, onlarda da təhsil haqlarının müəyyənləşdirilməsi xərc metoduna əsaslanıb. Bu universitet qiymətləri müəyyənləşdirən zaman hər tələbəyə çəkilən xərclər nəzərə alınır:

“Xərc metodunda universitet üzrə əməkhaqları, maddi yardım, dövlət sosial müdafiə fonduna ayırmalar, vergilər, kommunal xərclər, mal və materialların alınması və elmi tədqiqat laboratoriyalarının yerləşən cihaz və avadanlıqların saxlanılması və istismarı və sair xərclər əsas götürülür. Bu baxımdan hansı ixtisas və ya fakültə üzrə bu xərclər böyükdürsə onlarda təhsil haqları digərlərinə nisbətən daha yüksək olur. Ümumiyyətlə universitet yeni tədris ili üçün qəbul planı hazırlayanda təhsil haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanlarına göndərir. Biz də təhsil haqqının məbləği ilə bağlı yeni təkliflərimizi veririk. Burada da hər bir tələbəyə çəkilən xərc meyarı əsas götürülür. Məsələn, BDU-da humanitar fakültələr üzrə hər bir tələbəyə çəkilən real xərc 2600-2800 manat civarındadır. Amma texniki fənlərə isə kimya, biologiya, informatika, mexanika-riyaziyyat, fizika kimi ixtisaslarda təhsil alan tələbələrə çəkilən xərclər 3400 manatı ötür. Tətbiqi elmlərdə ixtisaslar üzrə orta təhsil haqqı 1200 manat olsa da, reallıqda tələbəyə çəkilən xərc 3400 manatı ötür. Humanitar ixtisaslar üzrə təhsil haqqı 1100-2800 manat olduğu halda, tələbəyə xərclənən vəsait 2400-2800 manat civarındadır”.

Prestijli ixtisaslar qiymətə təsir edir

Ali təhsil almaq üçün illik ödəmə haqlarının müəyyənləşdirilməsində abituriyentlərin sosial vəziyyətlərinin də nəzərə alındığını deyən M. Soltanovun sözlərinə görə, bu məbləğin müəyyənləşdirilməsində ixtisasların reytinqi də önəm daşıyır. Çünki elə fakültələr var ki, onlara tələbat böyükdür. Belə ola halda isə həmin fakültələrdəki təhsil haqının miqdarını eyniləşdirmək olmur: “Sözsüz ki, kimya ilə hüququ, fizika ilə beynəlxalq münasibətləri bir götürə bilmirik. Məsələn, bütün dövrlərdə beynəlxalq münasibətlərə çox tələbat olub. Ona görə də bu ixtisaslarda təhsil haqları digərlərinə nisbətən fərqlənir”.

Humanitar ixtisaslara qismən xərc az çəkildiyini söyləyən rektor müşaviri onu da bildirdi ki, əslində universitet burda maddi cəhətdən uduzur: “Digər universitetlərə müqayisə aparanda BDU-da təhsil haqqı həmişə aşağı olub. Rəhbərlik özü də heç vaxt təhsil haqqının qaldırılmasında maraqlı olmayıb. İllər üzrə araşdırma aparanda belə demək olar ki, elə il olub təhsil haqqını artırmamışıq. Və ya məbləğ aratımı çox cüzi miqdarda olub. Elə universitetlər var ki, tələbənin sayı bizim universitetdən qat-qat aşağıdır. Amma təhsil haqqını kor-təbii sürətdə müəyyənləşdirilir. Təbii ki, bu onların xeyrinədir. Biz də istəyərdik təhsil haqqını artıraq. Ödənişlin təhsildən əldə olunan gəlirin 80-90 faizi əməkhaqqı fonduna, vergilərə, sosial ayırmalara xərclənir. Amma rəhbərlik tələbələrin bəzilərinin sosial vəziyyətini nəzərə alaraq təhsil haqqını artırmır”.   

Özəl universitetlərdə təhsil haqlarının dövlət universitetlərinə nisbətən daha yüksək olması isə xərclərin universitetin öz hesablarına ödənilməsidir. Buna görə də özəl universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən dövlət universitetlərinə nisbətən daha geniş araşdırmalar aparılır. Ölkənin ümumi iqtisadi vəziyyəti, təhsil bazarının vəziyyəti, əvvəlki ilin qəbul göstəriciləri, maddi-texniki baza (ixtisas və kompüter laboratoriyaları, fənn kabinetləri, kitabxana, istilik sistemi və digər məsrəflər), ingilis dilində tədris imkanı, ölkə daxilində və xaricdə təcrübə imkanları, ölkədə mövcud olan digər universitetlərin müəyyənləşdirdiyi təhsil haqları, universitetin cari büdcəsinin vəziyyətinin diqqətə alınması, müvafiq ixtisasın populyarlığı və tələb edilmə nisbəti nəzərə alınır.

Təhsil haqlarının göstərilən amillərə görə təyin olunmasına baxmayaraq, yerli universitetlərdə hələ ki bu sahə üzrə vahid metodologiya mövcud deyil. Ayrı-ayrı universitetlərin qiymətqoyma siyasətindəki müxtəlifliklər bu sahədə pərakəndəliyin olmasından xəbər verir.

Bəs Qərbdə necədir?

Bizdən fərqli olaraq, Qərbdə uzun illərdir ki, inkişaf etməkdə olan  bazar iqtisadiyyatı sistemi ali məktəblərdə təhsil haqlarının müəyyənləşdirilməsinə böyük təsir göstərib. Qərbin ali təhsil sistemində qiymət qoyularkən tələbatın analizi əsasında təhsil xidmətlərinin baza qiyməti müəyyən edilir. Bu qiymət rəqiblərin analoji təhsil xidmətləri ilə müqayisə edilir və zəruri hallarda korreksiya olunur. Bununla paralel olaraq qəbul edilmiş rentabellik normativi əsasında qiymət xərc metodu ilə müəyyənləşdirilir.

İqtisadçı Rövşən Ağayev isə deyir ki, Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur.

Onun qənaətinə görə, dövlət ali təhsil sisteminin, xüsusilə də ödənişli təhsilin hüquqi tənzimlənməsi sahəsində kifayət qədər ciddi problemlər var: “Bu problemlər insanların, xüsusən də sosial baxımdan zəif təbəqələrin ali təhsilə bərabər çıxış imkanlarını məhdudlaşdırır. O cümlədən təhsillə bağlı konstitusion hüquqların pozulmasına şərait yaradır. Qüvvədə olan qanunvericiliyə əsasən dövlət ödənişli təhsil sistemində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirməlidir”.
Təhsil haqlarının səviyyəsi və ödənişli təhsilin nisbətinin hansı meyarlarla müəyyən olunmasına gəlincə, R. Ağayev pullu təhsilin tətbiqində Rusiya modelinin seçildiyini bildirdi: “Rusiyada Harvard Universitetinin tarifləri ilə tələbə qəbul edən təhsil ocaqları var. Əhalisinin yaşayış səviyyəsinə, yəni əməkhaqqının, adambaşına düşən milli gəlirin miqdarına görə, Rusiya və Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda dövlət təhsili  ya öz vətəndaşları üçün tam pulsuzdur, ya da təhsil haqları olduqca azdır. Məsələn, indi Azərbaycanda əhalinin ödədiyi haqlara yaxın bir məbləğdən söz gedə bilər. Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil – hər semestr üçün 200-300 avrodan 500 avroyadək. İllik orta hesabla 500-1000 avro. Avropanın çox nüfuzlu təhsil ocaqlarından olan Berlin Texniki Universitetində bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur. Hazırda bu ölkədə dövlət universitetlərində təhsil alanların təxminən 15-20 faizi ödənişli əsaslarla oxuyur. Azərbaycandan fərqli olaraq bu ölkələrin hərəsinin bir neçə universiteti dünya reytinq cədvəlinə düşüb. Onların məzunlarının böyük hissəsi – azı 70-75 faizi təhsilini başa vuran kimi öz ixtisasları üzrə işə cəlb olunur və onların illik qazancları bir illik təhsil haqlarını azı bir neçə dəfə üstələyir. İnkişaf etmiş ölkələrdə dövlət öz təhsil sistemində təhsil haqlarının səviyyəsini və ödənişli təhsilin payını müəyyən edərkən ilk növbədə özünün strateji maraqlarını, sonra isə əmək bazarının tələblərini nəzərə alır”.

“Rektorlar pulları mənimsəyir”

İqtisadçı onu da qeyd etdi ki, təhsil haqları məsələsində sözün əsl mənasında xaos hökm sürür. Onun fikrincə, bəzi özəl ali məktəb rektorları təhsil haqqından yığılan pulları müxtəlif adlar altında mənimsəyir. Ali məktəblərin təhsil haqqının orta həddi 2 min manatdan bahadır ki, bu da əhalinin böyük əksəriyyətinin gəlirlərinə adekvat deyil.

Təhsil haqlarının hansı meyarlara əsasən müəyyənləşdirilməsinə gəlincə, ekspert bildirdi ki, dövlət ödənişli təhsil sistemində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirməlidir: “Qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma Şuranın 2004-cü ildən 2009-cu ilədək qəbul etdiyi 55 qərar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Təhsil sahəsində dövlət nəzarətini həyata keçirməyə məsul olan Təhsil Nazirliyi buna göz yumursa, deməli, bu işdə onun da maraqları var. Məsələ burasındadır ki, “Tənzimlənən qiymətlər haqqında” Qanunun 9-cu maddəsinə görə, qiymətlərin dövlətin tənzimlədiyi məhsullara, xidmətlərə sərbəst qiymət təyin olunması hüquqi məsuliyyət doğurur və həmin qiymətləri Tarif Şurası ləğv etməlidir”.

“İndiki ödəniş siyasəti isə oğurluğa bənzəyir”

İqtisadçının dediyinə görə, hazırda Avropa ölkələrində ali təhsilə dövlətin çəkdiyi xərclərin ÜDM-də payı 1-1,5 faiz təşkil edir. Azərbaycanda isə bənzər göstərici 0,5 faizdən də azdır. Avropa ölkələrində ictimai universitetlərin xərclərinin azı 90 faizi dövlətin üzərindədir və qeyd olunduğu kimi, onların xeyli hissəsi öz vətəndaşlarından təhsil haqqı almır. İqtisadçı bu qənaətdədir ki, dövlət özünün ali məktəblərində ödənişli təhsillə bağlı dəqiq standartlar müəyyən etməlidir. Əvvəla, maksimum balın (700) azı 65 faizdən (450) çoxunu toplayan bütün abituriyentlərin pulsuz təhsil almasına dövlət zəmanət verməlidir.

R. Ağayevin fikrincə, təhsil haqlarının maksimum məbləği, aşağı və yuxarı məbləğlər arasında nisbət, təhsil haqlarına yenidən baxılması zərurəti və bu barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması qaydaları hüquqi əsaslara söykənməlidir. İndiki ödəniş siyasəti isə oğurluğa bənzəyir. Hər il təhsil haqları dəyişir, amma insanlar bundan son anda xəbər tuturlar.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?