Modern.az

“Quranı çox böyük əziyyətlə çap etdik” - Əlövsət Ağalarov

“Quranı çox böyük əziyyətlə çap etdik” - Əlövsət Ağalarov

10 Avqust 2012, 12:20

“Ermənilər Müqəddəs kitabı  yandırmaq istəyirdilər”

Quranın Azərbaycan dilində çapından 20 il ötür. Çox az insan bilir ki, Müqəddəs Kitabın ilk nəşri çox böyük məşəqqətlər hesabına başa gəlib. Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) direktoru, sabiq deputat Əlövsət Ağalarovun Modern.az-a danışdıqları da bu haqdadır:

– 1991-ci ilin əvvəllərində Azərbaycanda “Quran”ın tərcüməsini rəhmətlik Ziya Bünyadov və Vasim Məmmədəliyev ikisi bir yerdə hazırlamışdılar. Həm də bu vaxt Azərbaycanda kağız qıtlığı var idi, sovet hökuməti dağılmışdı, respublikalara heç nə gəlmirdi. Azərbaycan bütün poliqrafik məhsullarının təxminən yüz faizini kənardan alırdı. Mən də “Quran”ın tam tərcümə olunduğunu görəndə, qərara aldım ki, bunu xalqa çatdırmaq lazımdır. Bunun üçün məcbur oldum ki, tərcümə olunmuş “Quran”ı xaricdə çap etdirim. Ukraynanın Kiyev şəhərində mən mətbəə tapdım, o mətbəə də razılaşdı ki, çapı onlar eləsinlər. O vaxt da kompüter yox idi, 16 kitab səhifəsinin bütün çap ləvazimatını aparmaq üçün Bakı-Kiyev qatarının iki kupesini kirayə eləmişdim.

O vaxt Çeçenistanda vəziyyət çox gərgin idi, onlar yolları kəsir, qatarlar talan edirdilər. Bizim qatarı da saxladılar. Avtomatla silahlanmış adamlar içəri girdi, sərnişinləri qarət eləməyə   başladı. Gördüm ki, bələdçi təşviş içindədir, dedim ki, narahat olmayın. Elə bu vaxt iki avtomatlı vaqonun dəhlizinə çıxdı, yaxınlaşdım, dedim ki, müsəlmansınız? Dedilər, əlbəttə. Dedim ki, bu vaqonda Kiyevdə çap olunmaq üçün “Quran” aparırıq, ilk dəfə bu kitab Azərbaycan dilində çap olunacaq. Onlar inanmadı. Müqaviləni göstərdim onlara, səssiz-səmirsiz vaqondan düşdülər və rəhbərinə dedi. O da əmr verdi ki, bütün vaqonları boşaltsınlar. Yəni Quran bir qatarın sərnişinlərini xilas elədi.

Mən Kiyevə çatanda dedilər ki, kitabın çapı plandan çıxarılıb. Səbəbini demədilər. Orada bir biznesmen azərbaycanlı var idi, adını çəkməyəcəm, Allah cəzasını verdi. O mənə dedi ki, “Quran”ı çap edək, burada yaxşı qazanc var, siz çəkilin durun qıraqda, mən vasitəçi olum, sizin adınız olmasın. Onu yanımdan qovdum. Bu insan həmin mətbəənin direktoru ilə çox yaxın münasibətdə idi, orada kitabları çap etdirirdi. Bu gedib ona deyib ki, bu kitabı çap etməyin, mən sizə nə qədər istəsəniz, pul verərəm. İmtina etdilər. Dedim ki, bu sizə ağır oturacaq...

Məcburiyyətdən Ukraynada başqa mətbəə axtarmağa başladım. Oteldən mənə zəng elədilər ki, sizi təcili axtarırlar. Məni istehsalat şöbəsinin müdiri mətbəəyə çağırdı ki, mütləq gəlməlisiniz.  Fikirləşdim ki, yəqin materialları oradan götürməyimi istəyəcək. Mətbəədə dedilər ki, direktor tapşırıb ki, kitabı mütləq çap eləmək lazımdır. Mənə məlum oldu ki, direktor işdən evə gedəndə maşını sürüşüb və körpüyə ilişib, ayağı sınıb. O, başa düşüb ki, bu kitabı çap etməməklə səhv edib.

Kitab çap olundu, sonra da onu Bakıya göndərmək məsələsi var idi. Maşın tapdım, gəldik mətbəəyə. Səhər gördüm ki, bunlar kitabı aparmaq istəmir. Məlum oldu ki, kitabları gətirəndə bunların qarşısını erməni quldurları kəsiblər. Görüblər ki, Azərbaycan nömrəsi maşınlardır, kitabları boşaltmaq istəyiblər. Bir erməni kitabları yandırmaq istəyəndə əks tərəfdən gələn “Jiquli” maşını onu vurub, heç kibriti yandıra bilməyib. Digər ermənilər də bunu görüb hadisə yerindən qaçıblar.

Bax belə, şükür Allaha “Quran” 1991-ci ildə 100 min tirajla Azərbaycan oxucularına çatdı və demək olar ki, bir ayda bütün ölkəyə yayıldı.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?