Modern.az

Nəsiminin Suriyanın qanlı bölgəsindəki məzarı - FOTO

Nəsiminin Suriyanın qanlı bölgəsindəki məzarı - FOTO

Ölkə

10 Avqust 2012, 15:55

Suriyada gedən qanlı döyüşlər Azərbaycandan da narahatlıqla izlənilir. Bu da səbəbsiz deyil. Suriyada üsyançılar və hökumət qüvvələrinin Hələb şəhərinə nəzarəti ələ keçirmək uğrunda  apardığı qanlı müharibə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin buradakı məzarını hər an dağılmaq təhlükəsilə üz-üzə qoyub.

Bunu Modern.az saytına açıqlamasında Hələb şəhərində yaşayan türkmənlərin nümayəndəsi Mustafa Ağaoğlu da təsdiqləyib:

”Hələbdə vəziyyət çox pisdir, hamı təşviş içindədir. Eləcə də şair İmaddədin Nəsiminin məzarı Suriyada turistik məkanlardan biri idi. Amma indi həmin yerdə atışmalar getdiyi üçün orada vəziyyət çox pisdir”.

Bununla belə, M.Ağaoğlu Nəsiminin məzarı, onun bu günkü vəziyyəti barədə saytımıza müfəssəl məlumat verməyib. Onun sözlərinə görə, həmin ərazidə qanlı toqquşmalar getdiyindən ora yaxınlaşmaq çox təhlükəlidir.

1369-cu ildə Bakının 115 kilometrliyindəki qədim Şamaxı şəhərində doğulmuş Nəsimi, burada sadə zəhmət adamları, sənətkar və ziyalılar mühitində yetişmişdi. Əsərləri sübut edir ki, o, doğma ana dilində, eləcə də ərəb və fars dillərində mükəmməl təhsil alıb, Qurani-Kərimi və peyğəmbər hədislərini dərindən mənimsəyib.

Nəsimi Orta əsrlərdə Yaxın Şərq ölkələrində geniş yayılmış hürufilik təriqətinə mənsub bir təfəkkür sahibi olub. Araşdırmaçı alimlər müəyyən ediblər ki, hürufiliyin konkret həyati mənası onda idi ki, bu cərəyan fəal, potensial bir qüvvə kimi yüksək qiymətləndirdiyi insanın qarşısmda özünü dərk etmək kimi böyük bir məqsəd qoyurdu.

Öz əqidəsində sarsılmaz olan Nəsimi ürəkdən tapındığı fikir və qənaətlərini təbliğ etmək üçün ölkələri gəzirdi. Şair həmvətənlərini, başqa ölkələrdəki müasirlərini gözüaçıq olmağa, dövrü-aləmin, həyatın, elm və mərifətin sirlərini öyrənməyə çağırır, özünə mürşid seçdiyi şair-filosof Fəzlullah Nəimini təbliğ edirdi.

Suriyada hürufiliyi təbliğ edən Nəsimi 1417-ci ildə özlərini din xadimi kimi göstərən,, lakin din pərdəsi altında min bir oyundan çıxan şəxslərin iddiası ilə mühakimə olunub. Onu Allahsızlıqda ittiham ediblər. Halbuki, Nəsimi Allahsız olmayıb.
Məlumatlara görə, iki dəfə keçirilən məhkəmədə Hələb qaziləri və divandakı digər sözükeçənlər arasında Nəsimiyə ölüm cəzası verilməsinə dair qərar qəbul olunmasında yekdillik əldə edilməmişdi. Bu barədə düzgün məlumat verən məşhur ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi «Künuzüz-zəhəb, tarixi-Hələb» adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi mühakiməsi zamanı kəlmeyi-şəhadət gətiribmiş. Buna görə, məhkəmədə hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışdılar.
Buna baxmayaraq, o zaman Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunub, ona çıxarılan bədnam hökm öldürülüb, dərisinin soyulması olub.

Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb.
1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» alı məqaləsində böyük şairdən bəhs edib.

Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.
Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.

Vaxtilə dərisi soyulan Nəsiminin indi məzarı dağılmaq təhlükəsiylə üz-üzədir...

Hələbdə aparılan qanlı döyüşlərdən narahatlığımızın bir səbəbi Nəsiminin məzarıdırsa, digər səbəbi də soyu Azərbaycan türklərinə çox yaxın olan Suriya türkmənlərinin bu şəhərdə yaşamasıdır. Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk toplumu – türkmənlər ən çox məhz bizə - Azərbaycan türklərinə  yaxındırlar.

Tarixi mənbələrə görə, türk tayfasının həmin ərazidə ilk məskunlaşması Səlcuq İmperiyasının zamanına təsadüf edir. Bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam edib.

Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları da məskunlaşıb. Hazırda Suriya türkmənləri Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra mühəfazlığında və Dəməşq şəhərində yaşayırlar. Lazkiyə mühafazlığında yaşan Türkmənlərə Bayır-Bucaq türkləri də deyirlər. Suriyada 523 türkmən kəndi var.


Modern.az
saytı Nəsiminin Hələb şəhərindəki “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotosunu təqdim edir. Şəkli saytımıza tanınmış jurnalist İdris Heydərli verib. Jurnalist Suriyada müharibə başlamazdan xeyli vaxt öncə Hələbdə olarkən Nəsiminin  məzarını ziyarət edib...



Hələbdə yaşayan türkmənlər..

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?