Modern.az

Azərbaycanda ölən əsgərin ailəsinə nə qədər “qanpulu” verilir?

Azərbaycanda ölən əsgərin ailəsinə nə qədər “qanpulu” verilir?

13 Avqust 2012, 19:19

Müharibə şəraitində yaşayan Azərbaycan Respublikasında atəşkəs rejimi olmasına baxmayaraq, son illər tez-tez hərbi qulluqçuların ölüm faktı qeydə alınır. Hərbçilərin ölümü sadə vətəndaşların ölümündən fərqlənir.  

Hərbi qulluqçular hərbi xidmət keçdikləri müddətdə onların həyatı dövlət tərəfindən sığortalanmalı və həlak olduqları təqdirdə, ailələrinə təzminat ödənilməlidir. Modern.az saytının məlumatına görə, bununla bağlı 1997-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilib. Bu qanuna müvafiq olaraq, hərbi xidmət zamanı həyatını itirən hər bir hərbi qulluqçuya “Azərsığorta” 11000 manat məbləğində vəsait ödəməlidir.

Qanuna görə, müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər. Bununla bərabər, sığorta olunan hərbi qulluqçu və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtina halları da müəyyən edilib. Belə ki, sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə ona sığorta məbləği ödənilmir.
Bu məbləğ ödənildikdə, dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa) və sığorta edilənlərə verilmiş sığorta ödənişlərindən vergi tutulmur.

Sözügedən qanunun qüvvəyə mindiyi 1997-ci ildən bəri Azərbaycan Milli Ordusu xeyli itki verib, çoxlu sayda hərbi qulluqçumuz həyatını itirib. Görəsən qanunda nəzərdə tutulan sığorta haqları həlak olan hərbi qulluqçuların ailələrinə ödənilibmi?

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Modern.az-a açıqlamasında bildirib ki, qanunda nəzərdə tutulmuş 11000 manat təzminat həlak olan hər bir hərbi qulluqçunun ailəsinə 100% ödənilir:

“Əlbəttə, həmin vəsait həlak olan hərbi qulluqçuların ailəsinə verilir. Bundan başqa, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq, sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda (I qrup - 80 faiz, II qrup - 60 faiz, III qrup - 40 faiz) sığorta haqqı ödənilir. Həmçinin, sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlanmlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə - 25 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yaralı hesab edildikdə - 5 faiz sığorta ödənişi verilir”.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək