Cənubi Azərbaycan qlobal güclər tərəfindən fars şovnizmi və eksponsionizmini cilovlaya biləcək qüvvə kimi nəzərdən keçirilə bilər
İranın nüvə silahı ətrafındakı problemlərin böyüməsi və Tehranla beynəlxalq birlik arasında gərginliyin artması ilə Cənubi Azərbaycan məsələsini yenidən gündəliyə gətirmək, ən azı müzakirə mövzusuna çevirmək cəhdləri nəzərdən qaçmır. Bir müddət əvvəl amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu cənubi azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırması və bununla bağlı dövlət katibi Hillari Klintona məktub yazması barədə məlumatlar yayıldı. Bunun ardından BBC mediakorporasiyası bu günlərdə yenidən Azərbaycanın iki yerə parçalanması ilə bağlı material hazırladı.
Qərbdə Cənubi Azərbaycan məsələsinə ehtiyatla yanaşırlar
İran ətrafında cərəyan edən proseslər kontekstində Cənubi Azərbaycan məsələsinin gündəliyə gətiriləcəyi gözlənilən idi və sürpriz olmadı. Güman etmək olar ki, İranın vurulması, yaxud, Tehran rejiminin çökürdülməsi ssenariləri aktuallaşdıqca ABŞ və Avropa siyasi dairələri, tədqiqat mərkəzləri Cənubi Azərbaycan və burada yaşayan azərbaycanlılara diqqət çəkməyə çalışacaqlar. Hələlik, biz sadəcə Azərbaycanın Rusiya İmperiyası və İran arasında bölüşdürüldüyünü və cənubi azərbaycanlıların hüquqlarının tapdanması barədə ümumi xatırlatmaları və qeydləri müşahidə edirik.
Eyni zamanda bu məsələlər Qərb ölkələrinin bilavasitə xaruci siyasətə məsul rəsmilərinin dili ilə deyil dolayısı ilə səsləndirilməkdədir. Bu isə onu deməyə əsas verir ki, Qərbdə bu məsələyə ehtiyatla yanaşırlar və mümkün qədər konkretlikdən qaçmağa çalışırlar. Güman etmək olar ki, Suriyadakı proseslər Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnsə və Tehranla hər hansı kompromiss əldə olunmazsa, yəni iranlılar əhəmiyyətli güzəştlərə getməzsə Cənubi Azərbaycan məsələsi İranda rejim dəyişikliyi planlarının tərkib hissəsi kimi real olaraq nəzərdən keçirilə bilər. Təsadufi deyil ki, Cənubi Azərbaycan məsələsi doalyısı ilə də olsa məhz Bəşər Əsəd rejiminin sonun yaxınlaşdığı məqamda səsləndirilməyə başlanılıb.
Cənubi Azərbaycana müstəqillik verilə bilərmi?
İranla dünya birliyi arasında münasibətlər gərginləşdikcə və Tehran rejiminə təzyiqlər artdıqca Cənubi Azərbaycanın müstəqil olması perspektivləri daha fəal müzakirə edilir. Müxtəlif ehtimallar, daha çox isə arzular səslənirdirilir. Bununla belə, Cənubi Azərbaycanın müstəqil olması ilə bağlı nikbinlərlə şərik olmağa ciddi əsaslar yoxdur. Hələ ki, Qərb ölkələrndə Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı müzakirələr aparıldığı, ehtimalların nəzərdən keçirildiyi ilə bağlı məlumatlar yoxdur. Şübhəsiz ki, İranla, bu ölkədəki rejim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Cənubi Azərbaycan amili mütləq və mütləq nəzərdən keçirilir. Bunsuz sadəcə mümkün deyil. Nikbinlərə qulaq verərək ehtimal edək ki, hətta analitik mərkəzlər, kəşfiyyat qurumları müxtəlif variantlar sırasında Cənubi Azərbaycanın müstəqllik əldə etməsini, İranın parçalanmasını da çox ciddi şəkildə götür-qoy edirlər. Lakin bu yalnız variantlardan biridir və onun prioritetlik qazanması üçün çox ciddi əsaslar olmalıdır. Eyni zamanda bu İranda dəyişikliyə çalışan güclərin strateji maraqlarına cavab verməlidir. ABŞ və Avropanın aprıcı ölkələrinin strateji planları və yanaşmaları ilə bağlı açıqlamlar, çıxışlarda, məqalələrdə İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi barədə hər hansı eyhama belə rast gəlməmişik.
Digər tərəfdən tarixə nəzər salsaq görərik ki, İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi qlobal güclərin strateji planlarında olmayıb. Əksinə hər dəfə Cənubu Azərbaycanda müstəqil dövlət qurulanda Tehrah rejiminə dəstək verilib. Şeyx Məhəmməd Xiyabani hərakatının, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatının süqut etməsi Tehran rejiminə ciddi xarici dəstəyin verilməsi ilə mümkün olub. Həmçinin, Müsəddiq hökumətininin devrilməsi də xarici qüvvələrin birbaşa iştirakı və müdaxiləsi ilə həyata keçirilib.
Bütün bunlar göstərir ki, Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı məsələdə hisslərdən çox soyuq mühakiməyə, dərin analizə üstünlük verilməlidir.
Cənubi Azərbaycan üçün perspektivlər
Bununla belə unutmaq olmaz ki, Cənubi Azərbaycan randakı proseslərə yön verə biləcək amildir. İraq, Misir, Liviya, nəhayət Suriya baş verənlər göstərir ki, Yaxın Şərqdəki proseslər müəyyən şablon üzrə həyata keçirilir. Ölkə daxilində istinad edilə biləcək qüvvə tapılır, yaxud formalaşdırılır. Sonradan bu qüvvənin təsiri ilə daxili proseslər yönləndirilir. İraqda belə qüvvə kürdlər, Misirdə əsasən “Müsəlman qardaşlar”, Liviyada Qəzzafini hakimiyyətdən salmaq istəyən tayfalar, Suriyada isə sünni çoxluq və kürdlər oldu. İranda isə dəyişikliyə yol aça biləcək proseslərdə aparıcı rolu cənubi azərbaycanlılar oynaya bilər. Xüsusən son illərdə Cənubi Azərbaycanda keçirilən etiraz aksiyaları göstərdi ki, kritik məqamlarda cənubi azərbaycanlılar təşkilatlanmağa və meydanlara çıxmaq iqtidarındadırlar. Şübhəsiz ki, İranla bağlı Misir və Suriyadakına bənzər proseslərə start verilməsi palanlaşdırılarsa ilk növbədə nəzərlər Təbrizə yönəlir.
Cənubi Azərbaycan elitası və mümkün etiraz aksiyalarına rəhbərlik etmək iddiasında olan qüvvələrin də potensialından çox şey asılıdır. Misirdə “Müsəlman qardaşları” çox ağıllı siyasət yürütdülər və nəhayaət istəklərinə nail oldular. Yenə keçmişə nəzər salaraq qeyd etməliyik ki, Cənubi Azərbaycan elitası növbəti dəfə “qurbanlıq qoyun” olmaq təhlükəsini hər zaman diqqətdə saxlamalıdır. Dünyaya praqmatiklər öz iradələrini diktə edirlər və böyük siysətdə azərbaycanlılara xas sentimentallığa yer yoxdur. İraq təcrübəsi göz qabağındadır və yenidən aldadılmaq təhlükəsi də realdır.
Cənubi Azərbaycan elitası, siyasi qüvvələri düzgün strategiya seçsələr və qərarlar versələr, İranın gələcək şəkilləndirilməsində əhəmiyyətli rola və təsirə malik ola bilərlər. Böyük ehtimalla İranın növbəti dəfə asi dövlətə çevrlməməsi üçün qlobal güclər ölkədaxili qüvvələrin müəyyən tarazlığına nail olmağa calışacaqlar. Bir qütbün tam hegemonluğuna çətin ki, imkan verilsin. Cənubi Azərbaycan bu baxımdan fars şovnizmi və eksponsionizmini cilovlaya biləcək qüvvə kimi nəzərdən keçirilə bilər.
Şübhəsiz ki, İranla bağlı proseslərlə barədə indidən proqnozlar vermək heç bir real əsası olmayan uzaqgörənlyə iddia etmək olardı. Bununla belə indidən müxtəlif ssenari və ehtimalların təhlili, müzakirəsi gələcək proseslərdə düzgün qərarlar qəbul etməyə yardımçı ola bilər.
Zaur İbrahimli