Modern.az

1-ci ledisi barədə müəmma dolu ölkə...

1-ci ledisi barədə müəmma dolu ölkə...

Ölkə

20 Avqust 2012, 16:54

Prezidentin məşuqəsi haqqında məlumatlar birinci xanım barəsindəkindən çoxdur

Modern.az saytı “Birinci ledilər” rubrikasında mütəmadi olaraq xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatlar təqdim edir. Bu dəfə də Türkmənistanın birinci xanımı barədə məlumatlar əldə etməyə çalışdıq. Amma məlum oldu ki, Türkmənistan birinci ledi haqqında məlumatlara ən qapalı ölkədir.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ailəsi haqqında olduqca məhdud məlumatlar var.

Türkmənistanda mətbuata prezidentin ailəsi barədə hər hansı məlumat vermək qəti qadağan olunub. Türkmənlər özləri də bu barədə danışmağa qorxurlar. Ümumiyyətlə, Türkmənistanda Berdıməhəmmədovun ailəsi haqqında çox adam heç nə bilmir. Bilənlər isə bu barədə danışmaq istəmirlər.

Məlum olan odur ki, Qurbanqulu Berdıməhəmmədov ailəlidir, iki qızı və Sərdar adlı bir oğlu var.

Prezidentin böyük qızı karbohidrogen ehtiyatlarının istifadəsi üzrə türkmən dövlət agentliyinin Avropa təmsilçisi Yaşgəldi Amanovla evlidir. Berdıməhəmmədovun böyük qızı və kürəkəni hazırda Londonda yaşayırlar. Kürəkən Yaşgəldi Amanov türkmən agentliyinin Londonda yerləşən ofisində çalışır.

Prezident Q.Berdıməhəmmədovun digər qızı Parisdə yaşayır. O, Türkəmənistanın Fransadakı səfirliyində çalışan diplomatla evlidir. Türkmən müxalifətinini xarici mətbuata sızdırdığı məlumata görə, prezidentin kiçik qızı Fransanın cənubundakı Lazur çayının sahilində bahalı villa sahibidir.

Prezidentin oğlu Sərdar barəsində isə demək olar ki, heç bir məlumat verilmir.

Bəzi mənbələrə görə, prezident Q.Berdıməhəmmədov hazırda qanuni arvadı ilə birgə yaşamır. Onun həyat yoldaşı - yuxarıda sadalanan 3 övladının anası - milliyyətcə türkməndir. Prezidentin həddindən artıq konsevativ olan bu qadınla nə üçün bir yerdə olmadığı barədə heç bir məlumat verilmir.
Çox xəsisliklə verilən məlumatlara görə, Berdıməhəmmədovun həyat yoldaşı 2007-ci ildən Londonda yaşayır. Bu qadının adı, soyadı, kimliyi barədə nə yerli, nə də xarici mətbuat hələ indiyədək heç bir bilgi verə bilməyib. Onun Londona köçməyinin bir səbəbi böyük qızının əri ilə İngiltərə paytaxtında yaşamasıdır. Türkmənistanın 1-ci ledisinin öz qızının himayəsinə sığınmaq üçün Londona getdiyi qeyd olunur.

Bəzi mənbələrin verdiyi digər məlumatlara türkmən  prezidentin ikinci həyat yoldaşı da var, o, milliyyətcə rusdur. Amma paytaxt Aşqabad sakinləri arasında gəzən söz-söhbətlərə görə, əslində milliyyətcə rus olan bu qadın Berdıməhəmmədovun qanuni həyat yoldaşı deyil, məşuqəsidir. Onun adının Marina olduğu qeyd edilir. Məlumatlara görə, Qurbanqulu Berdıməhəmmədov onunla hələ gənclik illərində çalışdığı bir stomatoloji klinikada tanış olub. İxtisasca diş həkimi olan Berdıməhəmmədov vaxtilə stomatoloji klinikada çalışarkən Marina orada tibb bacısı işləyib.
Prezidentin hazırda Marina ilə qanuni nikahda yaşamadığı bildirilsə də, qeyd olunur ki, Qurbanqulu Berdıməhəmmədovun bu rus qadından 14  yaşlı bir qızı da var.

Prezidentin ailə qurmuş övladlarından 4 nəvəsi var.

Qurbanqulu Berdıməhəmmədov o dövlət başçılarındandır ki, xarici səfərlərdə onu xanımı müşayiət eləmir... Ümumiyyətlə, Türkmənistanda onu hətta gənclik illərində də arvadı ilə birgə “gördüm” deyənlər yoxdur...

Qeyd edək ki, prezidenti Qurbanqulu Berdıməhəmmədovun özü 7 bacının bir qardaşıdır. Ölkə başçısının atası təqaüddə olan ədliyyə zabii, anası evdar qadındır. Onlar prezidentin paytaxt Aşqabaddan bir qədər aralıdakı iqamətgahında yaşayırlar.

Vəssalam. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ailəsi haqqında ictimaiyyətə məlum olan bilgilər bununla da yekunlaşır.
Xarici media əbəs yerə Türkmənistanı dünyanın ən qapalı ölkələrindən biri, onun prezidentini isə diktator adlandırmırlar...

Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış