Əbülfəz Elçibəyin ölümü ətrafında ajiotaj dəlinin quyuya atdığı daşdan artıq bir şey deyil. Amma kimiləri hesab edir ki, Hafiz Hacıyev ciddi adamdır və deməli, onun iddiasına da ciddi yanaşılmalıdır. Olsun.
Elçibəy şəxsiyyətinə bu qədər ciddi yanaşan hakimiyyət təmsilçilərinin mərhum AXCP sədrinə qarşı mövqeyinin gah sağa, gah sola dəyişməsi birinci dəfə deyil ki. Bunu ilk dəfə AXCP-nin 1999-cu ildə keçirilən qurultayında gördük. “Əbülfəz Elçibəy milli azadlıq hərəkatının şəksiz və şəriksiz lideridir” – Səyyad Aranın gurultulu alqışlar doğurmuş çıxışından sitat.
İkinci nümunə eks-prezidentlər haqqında qanunun qəbulu. Və nəhayət, indilərdə Ə. Elçibəyin “şübhəli ölümü” ilə bağlı açılan cinayət işi.
Yaddan çıxan heç nə olmadı ki?
Yox, var.
Yenə 1999. Əbülfəz Elçibəyin özü haqda açılan cinayət işi. Yadınızdadır?
BAB-dakı çıxışdan sonra Ədliyyə Nazirliyinin AXCP sədrinə qarşı qaldırdığı iddia. Bakı Şəhər Məhkəməsində cəmi bircə iclası keçirilən proses. Elçibəyin vəkilləri də yadımdadır: Adil Minbaşı və Aydın Kərimov. Hər iki şəxs mərhum Bəyi prosesdə iştirakdan çəkindirirdi. Baş Prokurorluq da bəyanat vermişdi: “...iddialara sübut olaraq nə bir kitab, nə bir sənəd, nə də bir vərəq belə təqdim olunmayıb”. Amma AXCP sədrinin özü sonadək məhkəmə çəkişməsində iştirak etməyə qərarlıydı.
Yaddaşınızı qurtdalayın!
Hə, nə oldu, xatırladınızmı?
O zaman iqtidar geri çəkilməli oldu. Çünki məhkəmədən tribuna kimi istifadə edəcək Əbülfəz Elçibəy bu prosesdən ən azı, ən azı mənəvi qalib kimi çıxacaqdı. Buna görə də prezidentin şərəf və ləyaqətinin müdafiəçisi qismində çıxış edən Ədliyyə Nazirliyinin iddiasına “veto” qoyuldu. Cinayət işi yetərli əsaslar olmadığından geri qaytarıldı. Və indiyədək qaytarıldığı yerdə – Baş Prokurorluqda tozlanır.
Hə, bəlkə, həmin cinayət işinin qaldırılmasını təklif edəcək bir ciddi adam varmı?
Elə isə özümü dəliliyə qoyub deyim: Ədliyyə Nazirliyinin iddiası əsasında Əbülfəz Elçibəy əleyhinə açılmış cinayət işinin istintaqı davam etdirilsin!..
Mən ölü, siz diri, Hafiz Hacıyevdən tutmuş istintaqda ifadə verən jurnalistlərə və Hafiz Hacıyevə dəstək verənlərə qədər heç kim bunun lehinə olmayacaq...