Modern.az

Bu il Azərbaycanda qızıl və gümüş medal alan məzunların sayı açıqlandı - SİYAHI

Bu il Azərbaycanda qızıl və gümüş medal alan məzunların sayı açıqlandı - SİYAHI

Ölkə

28 Avqust 2012, 16:32

2011-2012-ci tədris ilinin yekununda - buraxılış imtahanları başa çatandan sonra -   respublika üzrə orta məktəblərin 138 məzununa qızıl və gümüş medal verilib.

Bu barədə Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, həmin şagirdlərdən 118-i qızıl, 20-si isə gümüş medal alıb. A.Əhmədov qeyd edib ki, şagirdləri medal qazanan təhsil ocaqlarının ümumi siyahısına ölkəmizdə fəaliyyət göstərən türk liseyləri də daxildir.

A.Əhmədov deyib ki, qazanılan medallların regionlar üzrə bölgüsü belədir:

Bakı şəhəri üzrə 25 medal;
Türk liseyləri üzrə 24 medal;
Respublikanın lisey və gimnaziyaları üzrə 29 medal;
Tovuz rayonu 7 medal;
Abşeron rayonu üzrə 4 medal;
Ağdaş rayonu üzrə 4;
Sumqayıt şəhəri üzrə 3 medal;
Qalan sayda medal digər rayon və şəhərlərin payına düşür.

Azərbaycanda orta məktəblər üzrə təhsildə fərqlənən məzunlara qızıl və gümüş medalların verilməsinə 2010-2011-ci tədris ilinin sonundan başlanıb.

Ötən il təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə 55 məzun (39 qızıl, 16 gümüş) qızıl və gümüş medalla təltif edilib.

Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilir. Qızıl və gümüş medallar verilərkən orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər önə çəkilir. Eyni zamanmda sınaq və buraxılış imtahanlarının nəticələri də nəzərə alınır.

Modern.az xatırladır ki, Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılmışdı. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulmuşdu.

Uzun müzakirələrdən sonra 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” yeni qanunda bu ənənə bərpa edildi.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış