Modern.az

YAP İsa Qəmbərin namizədlik bəyanatına reaksiya verdi - AÇIQLAMA

YAP İsa Qəmbərin namizədlik bəyanatına reaksiya verdi - AÇIQLAMA

Ölkə

28 Avqust 2012, 19:50

Müsavat Partiyasının başqanı İsa Qəmbər avqustun 28-də "Azadlıq" radiosunun "İşdən sonra" proqramının canlı efirində siyasətdən getməyəcəyini, 2013-cü ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd olacağını vurğulayıb:

“2013-cü il seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruladacağam”-deyə İsa Qəmbər qeyd edib.
 
İsa Qəmbərin bu bəyanatına az keçməmiş hakim Yeni Azərbaycan Partiyasından reaksiya verilib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, kiminsə indidən hansısa bəayanat verməsi hələ hər şey demək deyil:

”Biri deyə bilər ki, mən Rüstəmzal olacağam, amma hamı bilir ki, ondan nəinki Rüstəmzal olar, heç yerindən tərpənməyə imkanı yoxdur. Bu baxımdan İsa Qəmbərin artıq cəmiyyət arasında çəkisi və sambalı qalmayıb. Onun indidən nə isə deməyinin heç bir əhəmiyyəti yoxdu. Qarşıda 50000 seçici imzasını toplamaq, seçki kampaniyası aparmaq kimi çətin məsələlər dayanır. İsa Qəmbər hazırda sıxılmış limona bənzəyir, ona görə də prezidentliyə namizəd olacağı barədə bəyanatının əhəmiyyəti yoxdu”.

YAP-dan olan digər deputat Aydın Mirzəzadə isə qeyd edib ki, burada qeyri-adi nəsə görmür: “Belə bəyanatlar seçki əhval-ruhiyyəsinə təsir etmir. Ciddi sosial bazası olmayan və lazımi qədər səs toplamayacağı bəlli olan İsa Qəmbərin belə bəyanatı bir daha onu göstərdi ki, müxalifətin seçkilərə vahid namizədlə getməsi qeyri-mümkün olacaq. Onlar yalnız biri-birinin elektoratını özlərinə çəkməklə məşğuldurlar. Azərbaycan cəmiyyəti dəfələrlə bunun şahidi olub. Hesab edirəm ki, bu şəkildə bəyanatların sayı hələ çox olacaq, ancaq bunlar cəmiyyətə təsir edən məsələlər deyil”.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?