Modern.az

Deputat Bakı Şəhər Bələdiyyəsinin yaradılması məsələsindən danışdı

Deputat Bakı Şəhər Bələdiyyəsinin yaradılması məsələsindən danışdı

Ölkə

11 Sentyabr 2012, 16:27

Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresi Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılması, yəni mer seçkilərinin keçirilməsi məsələsini yenidən gündəmə gətirib. AŞ hələ 2000-ci illərdən Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı dəfələrlə Azərbaycana tövsiyyələr verməsinə baxmayaraq, Azərbaycan tərəfindən buna hələ hazır olmamağımız kimi fikirlər səsləndirilirdi. İndi isə AŞ bu haqda qəti addımlar atmağı tələb edir.

Milli Məclisin deputatı Tahir Rzayev Modern.az saytına açıqlamasında bildirib ki, Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması mövcud şəraitə, imkana baxır.  O qeyd edib ki, başqa ölkələrin bu sahədə təcrübəsi var və onlar bu səviyyəyə çataraq bunu yaradıblar. T.Rzayev bildirib ki, bundan öncə  Bakı şəhərinin statusu müəyyən edilməlidir.

“Bu da bir mərhələdir. Onun torpaqları, əraziləri müəyyən olunmalı, bilinməli, daha sonra Bakı Böyük şəhər Bələdiyyəsi yaradılmalıdır. Bununla əlaqədar da gündəmdə hələ elə bir məsələ yoxdur. Bunu Avropa Şurası, beynəlxalq təşkilatlar indi yox, bələdiyyələr yaranandan bir müddət sonra, 2000-ci illərdən deyirdilər ki, mütləq belə olmalıdır. Ancaq bugünki vəziyyət, mövcud şərait hələki bunu lazım bilmir. Ola bilsin ki, bir neçə ildən sonra yüksək səviyyədə inkişafa nail olacağıq, o şərait yaradılacaq. Ondan sonra əlbəttə ki, Bakı Böyük şəhər Bələdiyyəsi yarana bilər”.

20 ildir Azərbaycanın müstəqillik qazanıb və bu müddət ərzində Bakı Böyük şəhər Bələdiyyəsinin yaranmamasını Tahir Rzayev belə izah edib:
“Demokraik təşkilatlar var, bunlar inkişaf etməli, yüksəlməlidir. İnsanlar bilavasitə bu dəyərlərə tam yiyələnməlidirlər. Əvvəl onlar burada bələdiyyələrin birləşməsini, böyük bələdiyyələrin yaranmasını deyirdilər. Amma artıq biz buna tədricən nail oluruq”.

Millət vəkili bildirib ki, beynəlxalq təşkilatların bilavasitə köməyi ilə müəyyən təcrübəni özümüz öyrənmişik.

“İnkişafa nail olunub, istər yerli idarəetmə orqanlarında, istərsə də ictimai təşkilatlarda bir çox islahatlar həyata keçirilib. Elə bələdiyyələrin birləşməsi prosesi, bələdiyyə assosasiyalarının, qeyri-hökümət təşkilatları forumunun, birliklərin yaradılması buna sübutdur. Ancaq bu islahatların zəminində gərək biz tam arxayın ola bilək ki, Bakı Böyük şəhər Bələdiyyəsinin yaranması fayda verəcək. Ona görə də biz gərək özümüzə, öz gücümüzə arxalanaq və bu islahatları həyata keçirək. Bizə çox şeyi diktə edirlər, ancaq bir çox Avropa ölkələri var ki, bu islahatlar orada həyata keçirilmir. Biz müstəqil dövlətik deyə, elə hər şey bizdə olmalıdır? Biz də özümüzə uyğun olaraq, reallığa uyğun addım atmalıyıq”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?