Modern.az “Sahibkar qadınlar“ adlı silsilə yazılara start verir. İlk müsahib “Memar 3” şirkətinin sahibi Aida Rəhimovadır.
– “Memar 3” tikinti biznesinə aid kommersiya qurumudur. Şirkətimiz Memarlar İttifaqının nəzdində yaranıb. Müstəqillikdən sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçən təsisçisi memarlardan ibarət ilk özəl şirkətlərdən olmuşuq. “Sovetski” adlanan indiki Nərimanov küçəsini mən köçürtmüşəm. Bu köhnə Bakı məhəlləsində 250-yə yaxın ailənin köçürülməsində özüm yaxından iştirak etmişəm. Biz yaşayış binaları tikirik və işimdən böyük zövq alıram. İnsanlar neçə illərdir bu yerlərdən nə vaxt köçəcəklərini gözləyirdilər. Tikdiyimiz binaların gözəl həyətləri, uşaqlar üçün əyləncə mərkəzləri var və məktəblər, bağçalar tikilmək də nəzərdə tutulub.
– Şirkəti qurarkən neçə yaşınız var idi?
– O zamanlar 50 yaşım var idi. İndi 65 yaşındayam. Düz 15 ildir ki, bu işin içindəyəm. Hər bir insan həyatda gərək özünü tapa. Məndə bu işdə özümü tapdım. Bu gün əzilsəm də, çətinliklərim olsa da xoşbəxt adamam . Dünyanın ən xoşbəxt qadını sayıram ki, bu işdəyəm.
– Bəs tikinti biznesinə başlamazdan əvvəl başqa haradasa işləyirdinizmi?
– Mən Politexnik İnstitutun nəzdində inşaat fakültəsinin memarlıq şöbəsini bitirmişəm. Sonra isə layihə institutlarında çalışmışam. Sonradan isə mən İncəsənət İnstitutunda müəllimə işlədim. Rəssamlıq fakültəsində memarlıqdan dərs deyirdim. Sonra gördüm ki, işim çox ağırdır, ona görə də öz xahişimlə oradan çıxdım. Harada olsa deyirəm ki, orada ciddi işləyirəm. İşə gecikmək və s. belə şeyləri mən sevmirəm. Ona görə o işdən də çıxdım, 1998-ci ildən özümü tam bu işə sərf etdim.
– Necə düşünürsünüz, kişilərimiz qadınların bu bacarıqlarını layiqincə qiymətləndirirlərmi?
– Əgər bacarıqlı qadınlarımız varsa, məncə, bu gün onlara yol açmaq, kömək etmək lazımdır. Kişilərimiz kömək etsinlər, paxıllıq etməsinlər .Qadınların ağlından, bacarıqlarından istifadə etsinlər ki, özləri də qabağa da getsinlər.
– Bəs mentalitet?
– Mentalitet deyilən bir anlayış var e... o bizə çox mane olur, onu bir az yığışdırıb düşünmək lazımdır ki, qadın mütləq işləməlidir. Qızları məktəblərə qoymurlar ki, qız nədir, oxudu nədir... Mən belə şeylərə çox pis baxıram. Qadınlar qabağa getməlidir, amma ailədə kişi başımızın tacıdır, qadınlar onlara hörmətlə yanaşmalıdırlar. Bəzi bacarıqlı qadınlar evdə kişilərdən istifadə edərək onları nüfuzdan salırlar. Amma əgər ailə başçısı qadına istiqamət verməsə, qadını evin içində əzsə, qadın bacarığını da itirəcək. Şəxsən mən öz həyat yoldaşıma çox sağ ol deyirəm ki, məni sıxmadı və məni xarakterimə uyğun yaşamağa imkan yaratdı.
– Mentalitet sizə nədə mane olub ki ?
– Mən heç vaxt mentaliteti saymamışam. Özüm haqqımda o qədər şayiələr, sözlər eşitmişəm ki... heç birinə reaksiya verməmişəm. Balacalıqdan elə lider olmuşam. Sahibkar-qadın olmaq üçün liderlik canında olmalıdır.
– Yaxınlardan sizi qınayan oldumu?
– Məni heç kim qınamayıb. Uşaqlarım mənə dəstək verib. 4 uşağım var. İki qız, iki oğlan. Ərim vaxtı ilə zavod direktoru işləyib. Hazırda təqaüddədir. Nəyisə bacarmadımsa, ondan öyrənmişəm, çünki onun idarə etmə sistemində təcrübəsi olub.
Hər bir işə ürək qoymaq lazımdır. Gərək sevgi ilə yaradasan. Mən bu işdən qabaq institutda dərs deyə-deyə 90-cı illərdə şəhərin mərkəzində mağazanı icarəyə götürmüşdüm, suvenir dükanları açırdım. Dağıstandan, Hindistandan Azərbaycana uyğun suvenirlər gətirirdim, birdə bizim rəssamların əsərlərini satışa qoyurdum. O dövrlər Azərbaycana xaricilər təzə-təzə gəlirdi. Və mənim uşaqlarım da dərsdən sonra ingilis dilini bildiklərinə görə gəlib mənə kömək edirdilər . Elə bil kiçik ailə biznesimiz var idi. Belə olan halda uşaqlarım məni necə qınaya bilərlər ki, onlar da mənimlə bir yerdə olurdular .Yəni biz bu yolları bir yerdə keçmişik. Birdə mən düşünürəm ki, mən biznesmen kimi doğulmuşam. Biznes ilə məşğul olmaq üçün sahibkar qadın da, kişi də gərək elə doğulsun. O oxumağa, savada-filana baxmır.
– Ümumiyətlə bir qadının sahibkar olması üçün onda hansı kefiyyətlərin olması vacibdir ?
– Qadın sahibkar olmaq üçün ilk növbədə pulu fikirləşmək lazım deyil. Birinci sahibkar-qadın gördüyü işi sevməlidir. Sevgi ilə qurulan işdən mütləq xeyir gəlir. Yəni bacarıq var, onun üstünə də ürəyi qoyursan olur əla. Eyni zamanda liderlik qabiliyyətinin olması da mütləqdir. Lider oldunsa, deməli, sahibkar qadın olmağın açarı əlindədir.
– Bəs sərtlik, ciddilik necə?
– Mənə elə gəlir ki, insan sadə olmalıdır. Qadın elə qadın kimi qalmalıdır.
– Bəs ətrafınızda “kişiləşən” sahibkar qadınlar çoxdurmu?
– Əlbəttə. Mən onlara məsləhət görmürəm bunu. Onlar elə qadın kimi qalmalıdırlar. Çünki sahibkar-qadın elə qadın kimi qalanda eyni zamanda işi bacaranda o daha yaxşı olur. Çünki onda kişilər ona qibtə edirlər. Kişilər baxırlar ki, bu qadındır da kişi deyil. Buna heç olmasa bir balaca hörmət edək. “Kişiləşənlər”ə isə kişilər hörmət etmirlər. Mən bunun şəxsən şahidi olmuşam.
– Demək olar ki, çox vaxt işinizi kişilərlə birgə görürsünüz. Bu, ərinizdə qısqanclıq yaratmır?
– Heç vaxt, çünki o məni tanıyır. O bilir ki, mən kiməm. Hər bir insanın özünün də potensialı var. Qadının da, kişinin də potensialı üzə çıxmalıdır. Ailədə əgər inam yoxdursa, o ailə deyil.
– Sahibkar kişilər sahibkar qadınları qısqanırlar?
– Məsələ orasındadır ki, sahibkar olmayanlar da bu cür qadınların paxıllığını çəkir. Məncə, bu xəstə mentalitetdən qaynaqlanır. Çünki onlara bir təhər gəlir ki, qadın məndən çox qazanır. Kişilər üstünlüyü əldən vermək istəmirlər.
– Bu cür hallarla qarşılaşanda nə edirsiniz?
– Əsla əsəbiləşmirəm, gülürəm keçirəm. Musiqiyə qulaq asıram, mahnı oxuyuram beləcə tez də yadımdan çıxır.
– Məmurlarla probleminiz olubmu?
– Yox. Hörməti görmüşəm, onu itirə bilmərəm. Harada nə problem də olsa, deyirəm. Çətinlik olub, get-gələ salıblar, amma qadınlığım mənə üstünlük verib, axırda öz istədiyimə çata bilmişəm. Yəni qadın olaraq məmurlar tərəfindən o hörməti görmüşəm. Ona görə də məncə, qadın sahibkar ilk növbədə gözəl olmalıdır, yəni bir qadın kimi özünə baxmalıdır. Yaşından asılı olmayaraq, onun şirinliyi, gözəlliyi qalmalıdır.
– Deməli, bu şirinlik, gözəllik kişi sahibkarlardan fərqli olaraq, sizə verilmiş bonusdur, üstünlükdür...
– Bəli, mütləq üstünlük.
– Kimlərlə dostluğa üstünlük verirsiniz: qadın, yoxsa kişi sahibkarla?
– Mən həmişə kişilərlə dostluq etmişəm. Uşaqlıqdan belədir. Kişilər də mənimlə dostluq etməyi sevirlər. Çünki qadınlar boş söhbətlər danışırlar. Kişilərsə ağıllı olur.
– Ailənizdə güzəşt edən tərəf kimdir?
– Ərimə həmişə hörmətlə yanaşmışam və onu özümdən ağıllı hesab etmişəm. Nədə eləsəm, onunla məsləhətləşirəm. Amma hərdəm mübahisəmiz də olanda güzəştə o gedir. Görür ki, mən deyən olmazsa, əl çəkməyəcəyəm (gülür)... Azərbaycanda sahibkar qadın olmaq asan deyil. Amma sonda qalib gələndə elə bir enerji alırsan ki, o uzun müddət sənə lazım olur. Sahibkar qadın kimi özümü çox xoşbəxt hesab edirəm. Çünki pulu özüm qazanıram və istədiyim şeyə də xərcləyə bilirəm.
– Deyirlər, ən güclü qadın belə arxasında güclü bir kişinin olmasını istəyir...
– Sahibkar qadınlarla kişilər dost olmağı sevir. Amma bir şey var ki, qadının milyonu da olsa, o güclü kişiyə söykənmək istəyir. Mən də beləyəm. Təbii ki, iş barəsində deyirəm. Evdə, ailədə yox. İşdə o çətinliyi hiss edəndə o güclü kişini axtarıram. Olmayanda acizləşirəm. Qadın kimi ağlamışam ki, mən niyə belə gücsüzəm.
– Bir sahibkar qadın kimi digər sahibkar qadınlara məsləhətiniz?
– İndiyə qədər qadın cəmiyyətləri ilə əlaqə qurmamışam. Özüm də bilmirəm niyə. Kişilərin içində çox olduğuma görə qadınları unutmuşam. Amma bu gün ona ehtiyac duyuram. Bəlkə də yaşın tələbidir. Bunu məsləhət edərdim.
Şahanə Rəhimli