Modern.az

Xanım sürücülər - Bakı-İstanbul marşrutunun avtobusunu da zərif sürücü idarə edir

Xanım sürücülər - Bakı-İstanbul marşrutunun avtobusunu da zərif sürücü idarə edir

15 Sentyabr 2012, 13:37

Qadınların sükan arxasında əyləşməsinə hələ də birmənalı yanaşma yoxdur. Bəzi kişilər iddia edirlər ki, avtomobil sürmək və onu təhlükəsiz idarə etmək yalnız güclü cinsin nümayəndələrinə məxsusdur, qadınların sükan arxasında oturması isə təhlükəlidir. Amma bütün deyilənlərə rəğmən zərif cins avtomobil aləmində öz yerini tutmaqdadır.
Statistikaya görə, Azərbaycanda 30 mindən artıq qadın sürücü var. Sürücülük vəsiqəsilə maşın idarə edən qadınların 26 minə yaxını paytaxt Bakının, qalanları isə bölgələrin payına düşür.
Xanım sürücülər arasında ictimai nəqliyyatda çalışanlar da var. Onlar həm avtobus idarə edirlər, həm də taksi işlədirlər.

İctimai nəqliyyatda çalışan xanımların sayını dəqiqləşdirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında bildirdi ki, bu gün ictimai nəqliyyatda 4 xanım sürücü çalışır. Onlardan 3-ü “London taksi”si, 1-i isə Bakı-İstanbul marşrutunda işləyən avtobusu sürür. N.Həsənovun sözlərinə görə, ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımlardan müraciətlər elə də çox deyil.

“Çox az müraciətlər olunub. Müraciət edənlərin qadın və ya kişi olmasının “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğunluğu yoxlanılmalıdır. Yəni müraciət edən sürücünün 21 yaşı, ən azı 3 il təcrübəsi və D kateqoriyası olan sürücülük vəsiqəsi olmalıdır. Amma qanunda qadın və kişi ayrı-seçkiliyi qoyulmayıb”.

Katiblik rəisinin sözlərinə görə, hərdən nəqliyyatda baş verən hadisələri görəndə düşünürsən ki, belə sürücü kişilərdənsə, maşını qadınların sürməsi yaxşıdır:

“Bəzən cəmiyyətdə fərdi avtomobillərdə qadın sürücülərin sayının artması heç də yaxşı qarşılanmır. Deyirlər ki, guya, qadınlar maşını yaxşı sürmürlər. Amma faktiki olaraq indi bizdə çalışan qadın sürücülər özlərini doğruldublar. Əgər belə davam edərsə, onların sayı arta bilər”.

Qeyd edək ki, Azərbaycanda avtomobil idarə edən xanımların “çevrilişi” 80-ci illərdən sonra baş verib. Azərbaycanda ilk avtomobil sahibələri arasında Flora Kərimova və Əminə Yusifqızının adları xüsusilə qeyd olunur. Əsasən də Flora Kərimova Azərbaycanda şəxsi maşını olan və sükan arxasına keçən ilk xanım sürücülərdən hesab edilir. F.Kərimovanın ağ rəngli “Vaz 2107” markalı avtomobili azərbaycanlı xanımlar üçün yeni bir dövrün başlanğıcı olub. Belə ki, xanım müğənnimiz öz şəxsi maşını ilə müasir xanım sürücülərimiz üçün yol açıb.

Anar KƏLBİYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?