Modern.az

İslamda seçki və Azərbaycan müsəlmanları

İslamda seçki və Azərbaycan müsəlmanları

22 Sentyabr 2012, 14:17

(Birinci yazı)

Sonuncu İlahi səmavi din olan İslamda insan həyatının bütün mərhələləri, eləcə də sosial münasibətlər, idarəetmə ilə bağlı suallara cavab tapmaq mümkündür. Ancaq təbii ki, İslam dini bu kimi mövzularda öz qızıl qaydalarını tətbiq edir, eləcə də bu qaydalardan kənara çıxmayan dünyəvi qanunlarla da müxalif olmur. Məsələn, şəriət dinin təməl prinsipləri (tövhid-təkallahlılıq, nümuvvət-peyğəmbərlik və məad-Qiyamət) ilə ziddiyyət təşkil etməyən dəyərlərə dözümlü yanaşır, onlara qucaq açır. Məsələn, bu yazıda söhbət açacağımız seçkilər kimi...

İslamda seçim

İslamın ilk illərində bugünkü terminlərlə və qaydalara əsasən seçki qaydaları olmayıb. Ancaq seçki sisteminin tamamən olmadığını da iddia eləmək olmaz. Raşidi xəlifələr dönəmində xəlifə seçimlərinin seçkilər (şura) vasitəsi ilə keçirilməsi ilə bağlı faktlar var. Bəzi alimlərin rəyinə görə, İslamiyyətin ilk illərində geniş yayılmış “beyət” (təsdiq) həm də seçkinin bir forması idi. Biət tərcümədə həm də sədaqət andı mənasını verir, yeni xəlifəyə beyət etmək onun hakimliyini təsdiq etmək, ona tabe olduğunu təsdiqləmək sayılırdı. Müsəlmanların ilk beyəti Allaha və Onun elçisi Həzrət Məhəmmədə (s.ə.s) idi. Quran Kərimin “Fəth” (48.10) və “Mumtəhinə” (60.12) surələrində kişilərin və qadınların beyət etmələri qeyd olunur.

Hz. Məhəmməddən (s.ə.s) söylənən hədislərdə “Allahın əli (yardımı və rəhməti) camaatla birlikdədir”, eləcə də “Ümmətim yanlış işlərdə ittifaq etməz”, – deyə buyurduğu bildirilir. Birbaşa seçkilərə aid olmasa da, hələ hz. Məhəmmədin (s.ə.s) sağlığında müsəlman icmasının qərarları ümumi müzakirə, yəni məşvərət vasitəsi ilə əldə olunub. Sirə (Peyğəmbərin həyatı ilə bağlı məlumatlar) müəlliflərinin yazdığına görə, bu kimi toplantılarda iştirak edənlər dəyirmi halqa şəklində düzülüblər, yəni kimin başda, kimin ayaqda son yerdə olduğu bilinməyib. Məşvərət zaman Peyğəmbər fikri olan hər bir məşvərət iştirakçısını dinləyər, düşüncələrini alarmış.

İslam dininə görə, seçmək hüququ olan şəxs (bütün məsələlərdə) aqil (ağıllı), baliğ (həddi-büluğ olmuş) olmalıdır. Ancaq seçiləcək şəxslərlə bağlı daha çox şərtlər irəli sürülür, namizədin mənəvi qüsurlarının olmaması (günahkar, oğurluq, yalançılıq kimi işlərdən uzaq olmalıdır) və nəhayət, ən mühümü ədalətli insan olmasıdır. Burda daha bir şərt dini bilgiləri kifayət qədər olmasıdır.

Qeyd edək ki, İslam dinində dövlət başçısının seçkilərlə müəyyən olunması ilə bağlı böyük müzakirələr mövcuddur. Ancaq rəhbərliyin seçilməsi ilə bağlı əsas istinadgah məhz Raşidi xəlifələr (Həzrət Məhəmməddən (s.ə.s) sonra xilafətə rəhbərlik etmək Əbu Bəkr, Ömər ibn Xəttab, Osman və Əli ibn Əbu Talib (ə)) dönəmində keçirilmiş seçkilərə istinad olunur. Bu seçkilərlə bağlı mübahisəli, dərin nəzəri mübahisələrə səbəb olmuş faktorlar olsa da, nəticə etibarı ilə seçkilər məhz bu dövrdə keçirilib. Sonrakı xilafət sülalələri varislik yolu ilə davam edib.

Ancaq eyni zamanda 4 xəlifə zamanı seçkilər vahid üslubda aparılmayıb. Birinci xəlifə Əbu Bəkr Mədinədə keçirilən bir qrup səhabənin iştirakı ilə keçirilən seçkilər nəticəsində seçilib. Daha sonra bu seçkiyə etiraz edənlər, ədalətsiz olduğunu bildirənlər olsa da, sonradan tarixi mənbələrə görə, 33 min səhabə (Peyğəmbərlə bir dövrdə yaşamış insan) Əbu Bəkrə beyət edib. Ondan təxminən iki il sonra dünyadan köçən Əbu Bəkr xəlifə Öməri özünə vəliəhd təyin edir və bundan sonra müsəlmanların xəlifə Ömərə beyət etməsi mərasimi keçirilir. Xəlifə Ömər dünyadan köçərkən xəlifə seçimlərinin yeni bir metodunu tətbiq edir: 6 nəfərə nüfuzlu xəlifəliyə layiq namizəddən ibarət Şura təyin edən xəlifə Ömər yeni dövlət başçısının 6 nəfərdən ibarət Şuranın öz aralarından seçməsini vəsiyyət edir. “Məşvərət Heyəti” adlanan bu Şura bir neçə gün davam edən müzakirələrdən sonra Osman ibn Əffanı 3-cü xəlifə olaraq seçirlər. Xəlifə Osman misirli üsyançılar tərəfindən qətlə yetirildikdən sonra seçki bilavasitə xalq, daha dəqiqi Mədinə əhalisi tərəfindən seçilir. Əsasən səhabə və tabeindən ibarət olan Mədinə sakinləri Həzrət Əlinin evinə gedərək onu xəlifə olmağa dəvət edirlər. Və elə oradaca əksəriyyət ona beyət edir...

Sonralar formalaşan İslam məzhəblərində (hüquq məktəbləri) seçkilər, siyasi hakimiyyətin formalaşmasına nəzəri olaraq fərqli baxışlar mövcud olub. Mütləq hakimiyyətin Allaha məxsus olmasında olan ittifaqla yanaşı məzhəblər arasında “yerdəki” hakimlərin necə müəyyən olunması, hakimiyyətə layiqlik kimi məsələlərdə sünni və şiə məzhəbləri arasında fərqli baxışlar mövcuddur. Ancaq yuxarıda qeyd olunan münasiblik baxımından bu gün müsəlman dünyasında hakimiyyətlərin ümumi seçkilərlə formalaşması qəbul olunur. Hətta sırf şəriət (ən sərt şəriət qaydaları) əsasında idarə olunan Səudiyyə Ərəbistanında dövlətin birinci şəxsi olmasa da, məclisdə və digər yerli qurumlara seçkilər keçirilir. Körfəzin monarxiya üsullu ölkələrində də birinci şəxslər olmasa da, məclis müəyyən qədər dünyanın qəbul elədiyi seçki qaydaları ilə formalaşdırır. İslam Respublikası adını daşıyan İranda isə ölkənin faktiki əsas şəxsi olan ali dini lider üləmalar tərəfindən seçilir. Dövlətə rəhbərik edən prezident isə 4 ildən bir ümumxalq seçkiləri ilə müəyyən olunur. Adının qarşısında İslam sözü olan digər respublikalar Pakistan, Əfqanıstan kimi ölkələrdə də dövlət başçısı ümumxalq seçkiləri vasitəsi ilə (Pakistanda parlament tərəfindən) seçilir. Bu isə onu göstərir ki, dövlət başçısının xalqların səsverməsi ilə müəyyən olunması İslam prinsipləri ilə ziddiyyət təşkil etmir. Təbii ki, müəyyən şərtlər daxilində, məsələn İranda hazırkı siyasi quruluşa əsasən 12-ci İmamın (ə) qeybdə olduğu dövrdə hakimiyyəti onun mənəvi varisləri hesab olunan İslam üləması – müctəhidlər – tərəfindən seçilmiş liderə – Vəliyyi-fəqihə - məxsusdur. Ancaq eyni zamanda Vəliyyi-fəqih də məhz üləmalar arasında keçirilən seçkilərlə müəyyən olunur. Qeyd etdiyimiz kimi digər müsəlman ölkələrində əsasən monarxiya, yəni vərəsəlik hakimiyyət və prezident üsul-idarəsi mövcuddur.

Bu baxımdan qeyd etmək olar ki, hazırkı seçki sistemi, müəyyən yaş həddinə daxil olmuş vətəndaşların dövlət başçısı seçməsinə əsaslanan respublika quruluşu İslam prinsipləri ilə ziddiyyət təşkil etmir. Əksinə orta əsrlərdə daha geniş yayılmış vərəsəlik sistemçi ilə müqayisədə bu, İslamın ilk illərindəki ədalətli seçim və bərabərlik (musava) tezislərinə daha uyğundur.

Hüseyn Quliyev

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?